- “Azərbaycan-ABŞ münasibətləri son 30 ilin ən yaxşı dönəmini yaşayır”
ABŞ-Azərbaycan münasibətlərində son dövrlərdə müşahidə olunan intensiv diplomatik təmaslar və qarşılıqlı əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. İki ölkə arasında strateji tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi gündəmdə olan əsas məsələlərdəndir. ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon da iki ölkə münasibətlərində hazırda çoxsaylı proseslərin getdiyini açıqlayıb. Diplomatın sözlərinə görə, sentyabr ayında ABŞ şirkətlərinin Azərbaycanda keçiriləcək Müdafiə Sərgisində iştirakı, eləcə də digər nümayəndə heyətlərinin ölkəyə səfərləri nəzərdə tutulur. Bu addımlar Vaşinqtonun Bakı ilə strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığı davam etdirmək və müxtəlif sahələrdə əlaqələri daha da inkişaf etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.
ABŞ-Azərbaycan gündəliyində diqqət çəkən məsələlərdən biri də ölkəmizə qarşı tətbiq olunan 907-ci düzəlişlə bağlı məhdudiyyətlərdir. Emi Karlon bu istiqamətdə mühüm açıqlama verərək, tətbiq olunan məhdudiyyətlərin növbəti il üçün qüvvədən düşməsinin təmin olunduğunu bildirib. Bu açıqlama Azərbaycan-ABŞ münasibətlərində uzun müddətdir müzakirə olunan məsələlərdən birinin gələcək taleyi baxımından xüsusi əhəmiyyət daşıyır. Beləliklə, qarşılıqlı səfərlər, müdafiə sahəsində əməkdaşlıq və 907-ci düzəlişlə bağlı son vəziyyət ABŞ-Azərbaycan münasibətlərinin hazırkı gündəliyində əsas mövzulardan olaraq qalır. Vaşinqtonun strateji tərəfdaşlıq çərçivəsində Bakı ilə birgə işləməyə sadiqliyini vurğulaması isə iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin diqqət mərkəzində olduğunu göstərir.
Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Azərbaycan və ABŞ arasında münasibətlər keçən ilin avqustundan etibarən ciddi bir dinamika ilə inkişaf edir:
“Bu müddət ərzində çoxsaylı görüşlər keçirilib, müzakirələr aparılıb. O, cümlədən ABŞ vitse-prezidenti də Azərbaycana səfər edərək Strateji Tərəfdaşlıq anlaşması imzlayıb. Bununla da münasibətlər yeni səviyyəyə qaldırıldı. Ümumiyyətlə ABŞ və Azərbaycan arasında bir çox istiqamətlər üzrə əməkdaşlıq mövcuddur. Enerji, nəqliyyat, təhlükəsizilik, logistika kimi məsələlərlə yanaşı, süni intelekt və.s sahələrdə əlaqələr genişlənməkdədir. Bu əməkdaşlıq yeni perspektivlər açmaqda davam edəcək. O ki, qaldı 907-ci düzəlişə, qarşıdakı ildə bu düzəliş aradan qaldırılacaq. Bu da münasibətlərin inkişafı üçün yeni imkanlar yaradır. Keçən ilin 8 avqustunda tərəflərin əldə etdiyi razılaşmaya əsasən 907-ci düzəliş əhəmiyyətini tamamilə itirib. Tramp adminstrasiyası da bununla bağlı müəyyən vədlər verib. Ümumiyyətlə Azərbaycan-ABŞ münasibətləri son 30 ildə özünün ən yaxşı dönəmini yaşayır”.