Ərdoğan dünyada islama qarşı aparılan ayrı-seçkiliyi, hücumları sərt qınayır
"Bizə qarşı hücumların qarşısını almağın yeganə yolu türk-islam dünyasının güclənməsidir. Bu birliyin başında dayanmağa qadir ölkə isə Türkiyədir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib. Üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT iclasının ilk günündə çıxış edəcək. İclas "Covid-19" pandemiyasının qarşısının alınması, dayanıqlığın inkişafı və insan hüquqlarına hörmət kimi mövzulara həsr edilib. Ərdoğan səfər çərçivəsində Nyu-Yorkda türk icması ilə görüşüb. Türkiyə-Amerika İstiqamətləndirmə Komitəsinin təşkilatçılığı ilə baş tutan görüşdə çıxış edən dövlət başçısı iki ildən sonra bir araya gəlməkdən məmnun olduğunu dilə gətirib. Ərdoğan son iki ildir davam edən koronavirus epidemiyasına toxunaraq bildirib ki, təhsildən səhiyyəyə, ticarətdən məşğulluğa qədər hər sahədə ciddi çətinliklər çəkilir. Onun sözlərinə görə, "Covid-19" epidemiyası qlobal sistemdəki ədalətsizlikləri, bərabərsizlikləri açıq-aşkar ortaya qoydu. Lakin insanlıq "Covid-19" virusundan daha ölümcül və məkrli bir virusla mübarizə aparmaqdadır. Ərdoğan həmin virusun adının islamafobiya olduğunu söyləyib: “İllərlə demokratiyanın və azadlıqların beşiyi olaraq nümunə göstərilən ölkələrdə bu virus çox sürətlə yayılır. Ksenofobiya və islam düşmənçiliyi hazırda artıq siyasəti əsir götürüb. Müsəlmanların gündəlik həyatını çətinləşdirən və dövlət siyasətini formalaşdıran sosial sülhü təhdid edən dağıdıcı bir tendensiyaya çevrilib”.
Ərdoğan Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binasının açılışını da edib. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək. Səfər əsnasında Türkiyə prezidentinin bir sıra ölkə rəhbərləri, o cümlədən BMT baş katibi Antonio Quterreşlə görüşü də gözlənilir.
Ərdoğanın Amerikaya səfəri və türk icması ilə görüşünü “Şərq”ə dəyərləndirən AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib ki, Ərdoğan daim müsəlman dünyası, ümumiyyətlə, bəşəriyyət üçün çox önəmli mesajlar səsləndirir. Partiya təmsilçisi qeyd edib ki, islam dini geniş yayılmağa başlayandan bu haqq dinə və mənsublarına qarşı ayrıseçkilik, açıq hücumlar müşahidə olunub:
“İslamafobiyanın qol-qanad açdığı məkanlardan biri Amerikadır. Bu ölkədə iqrçilik də güclüdür. Ərdoğan məhz bu səbəbdən həmin ölkədə islam aləmi və türklərlə bağlı mesajlar verib, buna qarşı mübarizə aparacaqlarını bildirib. Haqlı olaraq vurğulayıb ki, "Covid" virusu nə zamansa həyatımızdan çıxacaq, ancaq əsrlərdir davam edən islamafobiya virusundan qurtulmaq çox çətindir.
Səbəbi isə odur ki, bu virusun yayılmasında maraqlı olan qüvvələr var. Qərb ölkələri tarixən irqçi olublar, islam aləminə, türklərə nifrət bəsləyiblər.
Ərdoğanın ABŞ-a səfəri fonunda türk icması ilə görüşü və bu cür ifadələr səsləndirməsi mühümdür. Bizə qarşı hücumların qarşısını almağın yeganə yolu türk-islam dünyasının güclənməsidir. Bu birliyin başında dayanmağa qadir ölkə isə Türkiyədir”.
İsmayıl Qocayev