İslam dünyasının həmrəyliyə, qarşılıqlı etimada və birgə fəaliyyətə ehtiyacı artır. Qlobal çağırışlar fonunda müsəlman ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu prosesdə fəal iştirak edir, həmrəyliyin gücləndirilməsinə və əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verir. Ölkəmizin bu mövqeyi onun İslam dünyası ilə dərin tarixi, mənəvi və mədəni bağlarına, eləcə də fəal xarici siyasətinə əsaslanır. Azərbaycan beynəlxalq platformalarda qarşılıqlı hörmət, dialoq və ortaq dəyərlər ətrafında birliyi təşviq edir.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında bildirib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir və bu prosesdə birləşdirici rol oynayır. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın tarixi, bugünkü reallıqları, siyasi addımları və imkanları buna şərait yaradır.
Bu siyasət yalnız bəyanatlarla məhdudlaşmır. Müsəlman ölkələri ilə inkişaf etdirilən siyasi, humanitar və mədəni əlaqələr, beynəlxalq platformalarda dialoq və qarşılıqlı dəstək Azərbaycanın mövqeyini praktik şəkildə nümayiş etdirir. Bakı fikir ayrılıqlarından çox, ortaq maraqları və əməkdaşlıq imkanlarını önə çəkir.
İlahiyyatçı Tural İrfan Sherg.az-a söyləyib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Qurultayındakı çıxışına əsasən, Azərbaycan İslam dünyasında qarşılıqlı dəstək, əməkdaşlıq və anlaşmanın möhkəmlənməsi üçün ardıcıl olaraq birləşdirici və təşəbbüskar rol oynayır:
“İslam həmrəyliyində Azərbaycanın rolu və praktiki təşəbbüsləri mühümdür. Ölkə yalnız bəyanatlarla deyil, beynəlxalq səviyyəli tədbirlər, konfranslar və mədəni layihələrlə İslam həmrəyliyini gücləndirir.
Burada mədəni əlaqələrin böyük rolu var. Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunması kimi mühüm addımlar islam ölkələri ilə mədəni bağların inkişafına xidmət edir. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində sıx əməkdaşlıq həyata keçirilir. Azərbaycanın zəngin tarixi-mədəni irsi və ənənələri müsəlman dünyası ilə körpü yaratmağa şərait yaradır.
Ölkənin müstəqil və prinsipial xarici siyasəti, beynəlxalq müstəvidə qazandığı yüksək hörmət onun İslam dünyasında da etibarlı tərəfdaş və birləşdirici mərkəz kimi çıxış etməsinə imkan verir. Türk Dövlətləri Təşkilatının müvafiq toplantılarında verilən bəyanatlar və mesajlar da bu imkanlardan istifadə imkanlarını müəyyən edir. Xüsusilə Prezident İlham Əliyevin bu istiqamətdəki təşəbbüsləri, liderlik qabiliyyəti İslam həmrəyliyinin reallaşmasında əsas rol oynayır”.