Azərbaycan kosmik ölkəyə çevrilir
Bu, Azərbaycanın qeyri-neft sektorunda gəlirlərinə birbaşa təsir göstərən amillərdəndir
Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi işini davam etdirir. Konfransın ikinci günündə Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində tədbirlər keçirilib. Eləcə də bu iki möhtəşəm bina arasında yerləşən Sərgi pavilyonunda müxtəlif stendlərdə nümunələr sərgilənib. 74-cü Beynəlxalq Astronavtika Konqresinə gələn 20-dək astronavt üçün xüsusi proqram hazırlanıb. Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var. Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi Azərbaycanın innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymət kimi də xarakterizə edilməlidir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin konqresin açılış mərasimində qeyd etdiyi kimi, 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək. Sənayedə aparılan islahatlar ənənəvi sektorlarla yanaşı, innovativ sektorun inkişafını da stimullaşdırır. Kosmik sənayenin inkişaf etdirilməsi Azərbaycanın kosmik ölkəyə çevrilməsi kontekstindən xüsusi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, innovativ sahə olaraq kosmik sənayenin inkişafı həm bu istiqamətdə daha çox gəlirin əldə edilməsi, həm də Azərbaycanın innovativ potensialının təqdim olunması baxımından vacibdir.
Bu, Azərbaycanın qeyri-neft sektorunda gəlirlərinə birbaşa təsir göstərən amillərdəndir. Xüsusən də, bu istiqamətdən daxilolmalar büdcə üçün çox əhəmiyyətlidir. Qeyri-neft sektorunun inkişafı hər bir sektorun ayrıca dəstəklənməsindən ibarətdir ki, bu kontekstdən də kosmik sənayenin inkişafı həm də dövlət gəlirlərinin artırılması baxımından vacibdir".