"Azərbaycan- Qazaxıstan arasında siyasi dialoq yüksək səviyyədədir”

Qazaxıstan parlamentinin yuxarı palatası "Qazaxıstan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq barədə sazişin ratifikasiyası haqqında" qanun layihəsini qəbul edib. Sazişi Senatın iclasında Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kojayev təqdim edib. 

O, bildirib ki, ölkələr elektron məlumat mübadiləsi imkanına sahib olacaq:

“Saziş 2019-cu il oktyabrın 14-də Bakıda Qazaxıstan və Azərbaycan daxili işlər nazirləri tərəfindən imzalanıb. Sənəd ratifikasiya olunacağı təqdirdə miqrasiya prosesləri və vətəndaşlıq məsələlərinin tənzimlənməsi, eləcə də qanunsuz miqrasiya kanallarının müəyyən olunması üzrə məlumat mübadiləsinin reallaşdırılması üçün əlverişli mühit yaranacaq".

Politoloq İlqar Vəlizadə tərəflər arasındakı razılaşmanın əhəmiyyəti barədə “Sherg.az”a danışdı:

“Azərbaycan-Qazaxıstan əlaqələri ənənəvi olaraq müsbət tendensiya ilə inkişaf edir. Aramızda siyasi dialoq yüksək səviyyədədir. Bu, ortaq tarixi köklər və etnik mənsubiyyətlə bağlıdır. Beynəlxalq proseslərlə, o cümlədən həyata keçirilən regional layihələrlə əlaqədər olaraq münasibətlərimiz son illər daha da dərinləşib. Eyni zamanda ticarət əlaqələrimiz var. Beləliklə, miqrasiya prosesinin təkmilləşməsi üçün zəmin yaranır. Düşünürəm ki, imzalanan sənəd tərəflər arasında əlaqələrin inkişafı baxımından çox mühüm əhəmiyyət daşıyır”.