Azərbaycanda doğum faizinin aşağı düşməsi hökuməti narahat etmir - EKSPERT

Gürcüstan Pravoslav Kilsəsi kimi QMİ-nin müvafiq çağırışının nə qədər təsirli olacağını deyə bilmərik

Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodu tərəfindən 142-ci Katalikos-Patriarx seçilən Müqəddəs Şio (Elizbar Muciri) ölkədəki demoqrafik böhranı və əhali sayının azalmasını əsas milli təhlükə hesab edir. O, əhali sayının artımını və mənəvi dəyərlərin qorunmasını kilsənin əsas vəzifələrindən biri kimi vurğulayıb.

Patriarx Şio 2013-cü ildən etibarən Gürcüstanda doğum səviyyəsini artırmaq və ailələri dəstəkləmək məqsədilə yaradılmış Demoqrafik Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü olub. Yeni patriarx hesab edir ki, əhali sayındakı azalmanın qarşısını almaq üçün ənənəvi ailə institutunun qorunması, boşanmaların azaldılması və çoxuşaqlılığın təşviq edilməsi vacibdir. Kilsə miqrasiyanın və aşağı doğum səviyyəsinin qarşısını almaq üçün dövlətin demoqrafik siyasətini daim dəstəkləyir. Əhali artımına mənəvi dəstək olmaq məqsədilə, kilsə uzun illərdir ki, ailələrdə üçüncü və sonrakı uşaqların şəxsən Patriarx tərəfindən vəftiz edilməsi (xaç suyuna salınma) ənənəsini davam etdirir. Kilsə Gürcüstanda ailə institutunu dəstəkləmək və əhali sayının azalması probleminə diqqət çəkmək üçün xüsusi olaraq 17 may tarixini Ailənin Saflığı Günü kimi qeyd edir. Qeyd edilir ki, Gürcüstan Milli Statistika Xidmətinin son hesabatlarına əsasən, ölkədə təbii artımın azalması və mənfi miqrasiya tendensiyaları, xüsusilə gənclərin xaricə axını əhali sayında geriləməyə səbəb olub. Bu səbəbdən dini və ictimai liderlər demoqrafik vəziyyəti ölkənin ən ciddi problemlərindən biri hesab edirlər. Xatırladaq ki, əvvəlki patriarx II İlya da ailələrdə 3-cü uşağı şəxsən özü vəftiz edəcəyini bildirmişdi və bu ritual səbəbindən doğum sayında nisbtən artım da olmuşdu. Patriarx həmçinin kilsənin ailələrin social-iqtisadi vəziyətini yaxşılaşdırmaq üçün social paketlər də həyata keçirirdi. 

Bəs bizdə Qafqaz Müsəlmanları İdarəsi oxşar fəaliyyətlə məşğul ola bilərmi?

İslam ölkələri üzrə tədqiqatçı-jurnalist Kənan Rövşənoğlu “Sherg.az”a açıqlamasında bildirdi ki, Gürcüstanda hələ 2010-cu illərdə belə bir addım atılmışdı, ailələrdə 3-cü və daha çox uşaqları birbaşa patriarx İlya özü vəftiz edirdi. Bu, təbii artımın stimullaşdırılması məqsədilə kilsənin atdığı addım idi. Və bu ənənə Gürcüstanda hələ də davam edir: 

- Azərbaycanda doğumun sayını artırmaq üçün islam dini mərkəzi Qafqaz Müsəlmanları İdarəsi oxşar çağırış edə bilər. Ancaq düşünürəm, təbii artım hələ ki, hökuməti narahat etmir. Etsə əlbəttə, QMİ də analoji addım ata bilər. Ancaq biz hələ cəmiyyətdə və xüsusilə də hökumətdə bu istiqamətdə hər hansı narahatlıq hiss etmirik. Doğrudur, doğum faizinin aşağı düşməsi ilə bağlı cəmiyyətin ayrı-ayrı fərdləri tərəfindən narahatlıq ifadə edən çıxışlar var, ancaq bu, dediyim kimi dövlət səviyyəsində deyil. Azərbaycanda hökumət doğumu stimullaşdıran addımlar ata bilər və bu, nəticə verə bilər. Bunun müxtəlif yolları var. Ancaq hələ ki, edilmir. QMİ isə indiki halda görünür hökumətin belə bir təşəbbüsün olmasını gözləyir. Hərçənd, QMİ-nin belə bir çağırış etməsinin nə qədər təsiri olacağı şübhəlidir. Çünki daha əvvəl bu tip təcrübə olmadığı üçün QMİ-nin müvafiq çağırışının nə qədər təsirli olacağını deyə bilmərik.