BİRGƏ TƏLİM! - “Ərazilərimizin minalardan təmizlənməsi sürətlənəcək”

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə məşqlər keçirilir. Təlim müasir texnika və avadanlıqların tətbiqi ilə həyata keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən dərslərin mövzusuna əsasən istehkamçılar minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, onlardan istifadə qaydaları barədə nəzəri biliklərini artırırlar.

Xüsusi hazırlanan mühəndis şəhərciyində istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamayan döyüş sursatlarının aşkar edilməsi, zərərsizləşdirilməsi mövzusunda fəaliyyətləri praktiki olaraq icra edib.

Qeyd edək ki, dəfələrlə Azərbaycan və Türkiyə hərbi qüvvələri birlikdə təlim keçiblər. Bu cür məşqlərin ordumuz üçün nələr vəd edir.

 Mövzu ilə bağlı “Sherg.az”a münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev təlimin minaların təmizlənməsi prosesində xüsusi rolu olacağını qeyd edib:

"Azərbaycan və Türkiyə hərbçilərinin birgə məşqləri əsasən iki qardaş ölkənin mühəndis qoşunalarının hərbi qulluqçularının iştirakı ilə keçirilib. Bu da, silahlanmada mövcud olan müasir texnika və avadanlıqların tətbiqi ilə əlaqəli olub. Adətən, belə məşqlər silahlanmaya qəbul edilən yeni avadanlıqların istifadəsi ilə bağlı olur. Bu təlimlərdə istehkamçılar birlikdə yeni avadanlıqların taktiki-texniki xüsusiyyətlərini öyrənirlər. 

Onlardan mühüm istifadə qaydaları barədə nəzəri biliklər əldə edirlər. Yalnız bundan sonra heyətlərə praktiki olaraq ərazidə minaların zərərsizləşdirilməsi fəaliyyətlərinə başlamaq üçün icazə verilir. 

Hesab edirik ki, hazırda Azərbaycanın ən çox qarşılaşdığı problem məhz minaların təmizlənməsi ilə bağlı olduğu üçün belə təlimlərin keçirilməsi çox böyük əhəmiyyətə malikdir. 

Yekunda bu təlimdə ərazilərimizin daha sürətlə minalardan təmizlənməsinə imkan verəcək".