Bu bəyanat ölkəmizə qarşı...

Xəbər verdiyimiz kimi Prezident "Euronews" televiziyasına müsahibəsində Qarabağ ermənilərinə də çağırış edib. Dövlət başçısı vurğulayıb ki, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Həmçinin, manipulyasiyanın girovu olmağa son qoyacaqlar: "Başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, vəziyyət onların xeyrinə dəyişməyəcək". 

Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Prezidentinin bu çağırışı çox doğru vaxtda verilmiş və tamamilə vəziyyətə adekvat olan çağırışdır. 

Partiya təmsilçisinin sözlərinə görə, Azərbaycan dövləti xalqımıza qarşı müharibə cinayətlərində və terror hadisələrində fəal iştirak etmiş ermənilərdən başqa Xankəndi bölgəsində yaşayan və Azərbaycanın suverenliyini qəbul edən yerli ermənilərə normal yaşamaq imkanı verəcəyini bir daha bəyan etmiş oldu: 

"Bu bəyanat ölkəmizə qarşı bəzi ermənipərəst dairələrdə aparılan spekulyativ oyunlara da yaxşı bir cavabdır. Həmçinin, Azərbaycan vətəndaşlığını qəbul edən yerli ermənilərə də aydın mesaj verilir ki, artıq bölgədə destabilizasiyanın davam etməsində maraqlı olan xarici güclərin əlində alət olmaqdan imtina etsinlər. Prosesi bu cür davam etdirməliyik. Terrorçu və cinayətkarlara qarşı sərt qanuni güc göstərməli, həmçinin dinc vətəndaşları da himayəmizə almalıyıq".