Cəmiyyət nağıl danışan İran mollalarından canını qurtaracaq
Dini rəhbərlərin, imamların müsahibə yolu ilə seçilməsi böyük dönüş yaradacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında din xadimlərinin təyinatı məsələsindən danışıb. Komitə rəsmisi bildirib ki, din xadimlərinin təyinatı üçün bir neçə ölkənin təcrübəsindən istifadə olunub: “Bəzi ölkələrin təcrübəsində din xadimlərinin təyinatı iki mərhələli olur: test və müsahibə. Amma biz testi məqsədəuyğun saymadıq, sadəcə müsahibə üsulunu saxladıq”. Onun sözlərinə görə, gələcəkdə müsahibə ilə yanaşı bir neçə mərhələdən də istifadə oluna bilər: “Vəzifədən vəzifəyə dəyişiklik olarsa, müsahibə vacibdir.
Bir məsciddən başqa bir məscidə eyni vəzifə ilə keçmək üçün müsahibəyə ehtiyac olmadığı halda, vəzifə artımında müsahibə vacibdir”. G.İsmayılov deyib ki, dini təhsili olan və imam olmaq istəyən şəxs müsahibədən uğurla keçəcəyi təqdirdə öz razılığı ilə başqa bir əraziyə imam təyin edilə bilər. O qeyd edib ki, burada əsas önəmli şərt müsahibəni uğurla keçməkdir: “DQİDK razılığı ilə və yaxud QMİ tərəfindən göndərilib xaricdə dini təhsil alan şəxslər də müsahibədə iştirak edə bilər”. Din xadimlərinin fəaliyyəti ilə bağlı ictimaiyyətdə hər zaman ciddi narazılıq olub. Xüsusən, din xadimlərinin islami və dünyəvi bilgiləri, elmi səviyyələrinin aşağı olması əsas problem kimi gündəmə gətirilib. Müfaviq qurumlar problemin həlli istiqamətində bir sıra addımlar atsalar da, bəhs edilən çatışmazlıqları aradan qaldırmaq mümkün olmayıb. Məlumat üçün onu da deyək ki, bir müddət öncə qanunvericiliyə dəyişiklik edilməklə dini xadimlərin təyinatı ilə bağlı səlahiyyət Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə olunub.
İlahiyyatçı Tural İrfan “Şərq”ə açıqlamasında bildirib ki, ölkədə din xadimləri ilə bağlı narazılıqların səbəbi Qafqaz Müsəlmanları İdarəsinin idarəçiliyi idi. Ekspertin fikrincə, Komitənin din xadimlərini təyinatından sonra bu sahədə narazılıqlar da tədricən aradan qalxacaq:
“Qafqaz Müsəlmanları İdarəsi tərəfindən öz maraqları üçün təyin edilmiş bəzi xurafatçı, xaricə bağlı şəxslərin uzaqlaşdırılması QMİ-də narahatlıq yarada bilər. Ancaq bu sahədə təmizlik aparmaq şərtdir. Cəmiyyət nağılbaz İran mollalarının əlaltılarından bezib. Çünki hamısı səhərdən-axşama kimi internet səhifələrində, yutubda xurafat danışırlar. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məscid və ziyarətgahlara dini rəhbər təyinatı üçün vakansiya elan etməsi gözlənilən idi. Çünki bir müddət əvvəl Milli Məclis tərəfindən komitəyə əlavə səlahiyyətlər verildi. Təyinatların qaydaları və bəzi məsələlərə aydınlıq gətirmək üçün Komitədə oldum. Sədrin müavini, hörmətli Gündüz İsmayılovla görüşərək müzakirələr apardıq. Gəldiyim qənaət ondan ibarət oldu ki, bu qəbullar yüksək səviyyədə təşkil olunacaq. Ona görə ki, bu təyinatları əvvəlkindən fərqli olaraq birbaşa dövlət komitəsi keçirir. Həm də dini rəhbərlərə, imamlara verilən suallar çox bəyəniləndir. Azərbaycan Respublikasının Konstitusiyasının bəzi maddələri, Azərbaycan tarixinə aid vacib suallar, həmçinin “Qurani Kərim”i normal oxumaq, hətta Cinayət Məcəlləsinin müvafiq maddələri, Torpaq Məcəlləsi haqqında sorğular da imtahana salınıb. Bu ona görədir ki, din xadimi təbliğatı çərçivəsində qanunla qadağan edilmiş dini, məzhəbi ayrıseçkiliyə yol verməsin. Nəyin cinayət məsuliyyətinə səbəb olduğunu, həmçinin tariximizi bilsin. Məscid tikintisi zamanı torpaq məsələlərinə aid qaydalardan, hara, nə cür müraciət edilməli olduğundan xəbərdar olsun”.
İlahiyyatçı vurğulayıb ki, imtahanda islam hüququ, yəni fiqhə aid suallar da olacaq: “Ən əsası isə din xadimi xaricdən maliyyə almamalıdır. Ancaq təklif edərdim ki, xaricə maliyyə ötürməməsi haqqında da müddəa əlavə edilsin. Bəzən elə təbliğat aparılır ki, insanlar xüms və zəkat pullarını xaricdəki müctəhidlərə, yaxud onların buradakı nümayəndələrinə verməli olurdular. Bunu birbaşa din xadimi, axund etmir, onun təşviqatı nəticəsində inanclı insanlar edirdilər. Bu kimi nüanslar zaman keçdikcə nəzərə alınmalıdır. Məncə, atılan addımları din sahəsində islahat adlandırmaq olar. Əvvəllər Qafqaz Müsəlmanları İdarəsi qohumbazlıq, yerlibazlıq, məzhəbbazlıq zəminində bir çox məscidlərə İranda təhsil və təlim almış kadrları təyin edirdi. Hətta çox məsciddə dini təhsili, ali təhsili olmayan şəxslər fəaliyyət göstərirdi. İndi isə tam nəzarətə alınaraq bu hallar dayandırılacaq”.
T.İrfan bəyan edib ki, Bakı İslam Universitetinin məzunlarına da qapılar açılacaq:
“5 il ali dini təhsil almış çoxsaylı kadrların çoxu Qafqaz Müsəlmanları İdarəsinin hikkəsi nəticəsində işsiz qalıb. Çünki onların əksəriyyəti milli düşüncədə olan, yerli təhsil alan, dövlətçi gənclərdir. İnanıram ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu işdə böyük nailiyyətlər əldə edəcək və ölkədə nümunəvi bir din modeli formalaşacaq. Yavaş-yavaş məscidlərə nağıl danışan, İranı təbliğ edən, siyasi çalarlarla çıxış edən, savadsız, xurafatçı mollalar, imamlar, axundlar sıradan çıxacaq. Ən əsası isə dini təhsili olmayan adamlar uzaqlaşdırılacaq. Məsələn, təyin olunan şəxslərin məhkumluğu, partiya mənsubiyyəti olmamalıdır. Pis vərdişlərdən, narkomaniyadan uzaq durmalıdırlar. Ən azı cəmiyyətdə hörmət qazanmış insanlar olmalıdırlar. Bunlar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tələbləridir və hesab edirəm ki, tam doğrudur. İllərdir təklif verərək bu işin Komitəyə həvalə edilməsinə çalışmışam. Əminəm ki, bu işdə böyük addımlar atılacaq və bu təyinatlar öz müsbət nəticəsini qısa zamanda göstərəcək”.
İlahiyyatçı qeyd edib ki, QMİ Azərbaycanın ayağının altını eşən, adını “müsəlman” qoyub düşmənin yanında dayanan ölkələrin din modellərini tətbiq edirdi:
“QMİ xətti ilə Suriya, İran kimi ölkələrdə təhsil alıb hazırda məscidlərdə iş aparan adamlar kifayət qədərdir. Ələnmə prosesindən sonra tədricən türk dövlətlərinin, Azərbaycana dost ölkələrin din modeli tətbiq olunacaq. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdirəlayiqdir və ölkənin din taleyini o idarəyə tam etibar etmək doğru addımdır. Sözügedən komitənin əməkdaşları, rəhbərliyi, ümumiyyətlə bütün kollektivi dövlətçi, vətənpərvər, qərəzsiz və savadlı kadrlardır”.