- Kiberdələduzlar insanların etibarından sui-istifadə edərək qısa müddətdə çoxlu sayda şəxsi aldatmağı hədəfləyirlər
Bu gün redaksiyamıza daxil olan şikayətə görə, vətəndaş Kəmalə Səfərovanın "WhatsApp" hesabı kiberdələduzlar tərəfindən ələ keçirilib. "Limura MMC" adlı səhifə "TikTok"da kredit imkanları barədə video paylaşıb. K.Səfərova məlumat əldə etmək üçün səhifəyə mesaj ünvanlayıb. Özünü şirkətin operatoru kimi təqdim edən dələduz, vətəndaşı tələyə salmaq üçün onun ad, soyad, ata adı və doğum tarixini tələb edib. O qədər peşəkardırlar ki, məlumatları istədikdə, sonda “məlumatlarınız məxfi saxlanılır” tipli aldadıcı ifadələrə də yer veriblər.
K.Səfərova telefonunun mesajlar bölməsinə gələn xüsusi kodu qarşı tərəfə ötürdüyünü, bundan dərhal sonra isə "WhatsApp" hesabının ələ keçirildiyini qeyd edib. Kiberdələduz vətəndaşın kontaktında olan tanışlarından müxtəlif məbləğlərdə pul tələb edib.
Məsələ ilə bağlı İT mütəxəssisi Əmrah Mövsümzadə Sherg.az-a bildirib ki, kiberdələduzluq halları kəskin şəkildə artıb:
“Artıq kiberdələduzlar praktiki olaraq bütün sosial platformalarda fəallaşıblar. Hazırda ən populyar yazışma platforması "WhatsApp" olduğu üçün dələduzlar da çirkin niyyətlərini məhz bu tətbiq üzərindən həyata keçirməyə çalışırlar. Telefon fiziki olaraq başqasının əlinə keçmədən də "WhatsApp" hesabını ələ keçirmək texniki baxımdan mümkündür. Ən çox rast gəlinən üsullardan biri istifadəçini aldadaraq SMS təsdiq kodunu və doğrulama məlumatlarını ələ keçirməkdir. Sadə dildə ifadə etsək, onlar özlərini rəsmi qurumların əməkdaşı kimi qələmə verir, hesaba nüfuz etmək üçün tələ kimi SMS kodlar və keçidlər yollayırlar. Bu texnika tilova yem taxıb balıq ovlamaq məntiqi üzərində qurulub”.
Mütəxəssisin sözlərinə görə, dələduzlar təkcə kod istəməklə kifayətlənmir:
“Onlar tətbiqlərin kopyası olan saxta səhifələr yaradır, telefonlara gizli viruslar salır və hiyləgər sözlərlə insanları inandırıb hesabları oğurlayırlar. Lakin tək bir tətbiqin ələ keçirilməsi bütün telefonun kontrolunun itirilməsi anlamına gəlmir. Vətəndaşlara tövsiyəmiz odur ki, sosial şəbəkə hesablarında mütləq ikiaddımlı autentifikasiyanı (doğrulamanı) aktiv saxlasınlar, güclü PİN-kod təyin etsinlər. Heç bir halda SMS ilə gələn təsdiq kodunu və doğrulama məlumatlarını başqa şəxslərlə paylaşmasınlar”.
Ə. Mövsümzadə onu da qeyd edib ki, kiberdələduzlar insanların etibarından sui-istifadə edərək qısa müddətdə çoxlu sayda şəxsi aldatmağı hədəfləyirlər:
“Əgər yaxınlarınızın adından "WhatsApp" və ya digər messencerlərlə pul istənilirsə, tələsik ödəniş etməyin. Mütləq həmin şəxsə adi telefon zəngi edib, açıb-açmayacağını aydınlaşdırın. Zatən açmadıqda, yazan şəxsin tanışınızın deyil, kiberdələduz olduğunu hiss edəcəksiniz. Bir neçə sadə kibertəhlükəsizlik qaydasına əməl etməklə kibercinayətkarların böyük hissəsinin qarşısını almaq mümkündür. Bunun da əsasında kibermaariflənmə dayanır”.