Son günlər sosial şəbəkələr və eləcə də mediada “Xankəndi” sözünün “Xankəndinə”, yoxsa “Xankəndiyə” şəklində yazılması ətrafında ciddi müzakirə aparılır. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu bu sözün “Xankəndinə” kimi yazılmalı olduğunu iddia edir. Müxtəlif dilçilər isə fərqli mülahizələr irəli sürürlər.
Professor Qulu Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mövqeyinin ziddinə olaraq bildirib ki, o sözün yazılışı “Xankəndiyə” olmalıdır:
“Ona görə ki, “Xankəndi” sözü ayrıca söz birləşməsi şəklində olduqda və bunu hallandırdıqda bu “Xan kəndinə” olur. Amma mürəkkəb onomostik, leksik vahid kimi “Xankəndiyə” olmalıdır. Bunu həm söz birləşməsi, həm də mürəkkəb söz kimi hallandırdıqda görmək mümkündür. Çoxlarının “Xankəndinə” şəkildə deməsinin səbəbi budur ki, onlar elə hesab edir ki, “Xankəndi” sözündəki “i” hərfi mənsubiyyət şəkilçisidir. Amma faktiki olaraq “Xankəndi” mürəkkəb sözünü yaradan mənsubiyyət şəkilçisi artıq mürəkkəb söz yaranandan sonra öz funksiyasını itirir. Yəni “Xankəndi” sözündəki “i” hərfi artıq mənsubiyyət şəkilçisi deyil və heç bir qrammatik məna daşımır. Bu səbəbdən biz buna istinad etməliyik. Hər bir yanaşmanın elmi izahı olmalıdır. Mütəxəssizlər bu məsələyə xüsusi diqqət yetirməlidir”.
Filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərli də məsələyə münasibət bildirib. O qeyd edib ki, Yer adlarından danışanda da, yazanda da gərək mümkün qədər ehtiyatlı olasan:
“Çünki hər toponim böyük bir tarixin açarıdır. Yaxşı, burasını bildik, bəs Xankəndi adını ismin yönlük halında necə işlədək - bilirəm ki, artıq belə fikirləşməyə başladınız. Onda dərhal da cavab yazım ki: əlbəttə Xankəndiyə.
Toponimin Xankəndinə kimi yazılması tərəfdarı olub, bunun isbatı üçün xeyli nümunə göstərənlər tam haqsız sayılmazlar. Di gəl ki, onların diqqət yetirmədikləri mühüm bir məqam var. Xankəndi, bəli, Xan kəndi kimi ikinci növ ismi birləşmə əsasında yaranıb. Amma artıq çoxdan söz birləşməsi deyil, söz birləşməsindən əmələ gəlmiş mürəkkəb isimdir. Cəmi bir vurğusu var. Ona görə bu toponimin ismin hallarında yazılışında da mürəkkəb ismin hallanması prinsipi əsas götürülməlidir. Söz birləşməsindən sözə çevrilmə hallanmada vəziyyəti dəyişir. Azərbaycan dilinin qanunlarına görə, ümumən sonu saitlə bitən isimlər yönlük halda işlənəndə, əsasən, -y bitişdirici samitindən istifadə olunur.
Fikrət Qocanın misrası var: “Yoxsa nəhəng bir külqabıya döndərmək istəyirlər yer kürəsini?”. Misra öz dövründə ədəbi ictimaiyyəti necə riqqətə gətiribmişsə, Rəsul Rza ondan geniş bir məqalə yazıbmış. Diqqət edirsinizmi, şair mürəkkəb sözün ikinci hissəsini “qabına” kimi də yaza bilər, səhv görünməyəcəkdi. Amma dilin qayda-qanunları necə tələb edirsə, mürəkkəb sözü yönlük halda məhz elə işlədir.
Cavab verəcəksiniz ki, bəs Şah dağı, Xəzər dənizi, Qız qalası?! Axı toponimin Xankəndinə kimi yazılmasını düzgün sayanlar bu misalları gətirirlər. Deyim: bu misalların heç biri mürəkkəb söz kimi sabitləşməyib. Yenə də ikinci növ ismi birləşmə strukturunda qalır. Ona görə də təbii ki, Şah dağına, Xəzər dənizinə, Qız qalasına kimi yazılır və yazılmalıdır. Orasını da əlavə edim ki, biz Şahdağ toponimini Şah dağı kimi yazmırıq, yazırıq Şahdağ və yönlük halda da belə işlədirik: Şahdağa. Yəni bu birləşmə də mürəkkəb sözə belə çevrilib.
Bir misal da yazım: birinin Elbəyi adlı övladı, qohumu, dostu, yaxını olsa və başqa biri vasitəsilə ona nəsə çatdırmaq istəsə, deməyəcək bunu Elbəyinə çatdır. Deyəcək, bunu Elbəyiyə çatdır. Elbəyi sözü də eynən Xankəndi toponimi kimi ikinci növ ismi birləşmə əsasında yaranmış mürəkkəb xüsusi isimdir.
Bir də sözlərin yazılışında tarixi-ənənəvi prinsip çox önəmlidir. 20 Yanvar hadisələrini xatırlayanların yadında olar: AzTV-nin enerji bloku partladılmışdı, göstərmirdi, məcburiyyətdən Şuşa televiziyası hər axşam çox çətinliklə on-on beş dəqiqəlik efirə çıxırdı. Şuşa televiziyasının aparıcısı o qısa vaxtda insanlara çox doğmalaşmışdı. Efirdə tez-tez texniki problem yaranırdı və o deyirdi: “Xankəndidə işıq söndü”.
Xankəndi sözünü ilk dəfə ondan eşitmişəm və bu toponimə vurulmuşam.
Yeri gəlmişkən, həmin aparıcını tanıyan var?”
Həmçinin Filologiya elmləri doktoru, professor Adil Babayev də diqqətə çatdırıb bu söz xüsusi isim kimi yazıldıqda “Xankəndiyə” kimi olmalıdır:
“Xan kəndi” olduqda isə “Xan kəndinə” kimi yazılmalıdır”.
Sücayət Mehti