Dövlət qurumlarında maaş artımına yaşıl işıq - Vüqar Bayramovdan İZAH

  • “Bu fərman əməkhaqlarının sistemli şəkildə artırılmasına imkan verəcək”

Dövlət büdcəsindən maliyyələşən qurumların büdcədənkənar vəsaitlərinin xərclənmə qaydalarında ciddi dəyişikliklər edilir. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, digər dövlət təşkilatlarında büdcədənkənar vəsaitlərin işçilərin sosial müdafiəsinə yönəldilən hissəsindən yalnız "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilər üçün istifadə olunacaq. Vəsaitlərin qalan hissəsi isə dövlət büdcəsinə köçürüləcək.

Sənədlə büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərə də yuxarı hədlər müəyyənləşdirilib. Belə ki, vəzifə maaşına əlavələr ay ərzində hər bir işçinin aylıq vəzifə maaşının 1 mislinədək, mükafatlar və digər ödənişlər isə il ərzində illik əməkhaqqı fondunun 20 faizinədək təyin edilib. Yeni sosial müdafiə və ödəniş hədləri 2026-cı il sentyabrın 1-dən, vəsaitlərin dövlət büdcəsinə köçürülməsi tələbi isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Onu da qeyd edək ki, Maliyyə Nazirliyinə məqsədli büdcə fondlarının ləğvi və müvafiq uçot qaydaları ilə bağlı təkliflər hazırlayıb, prezidentə təqdim etmək tapşırılıb.

Mövzu ilə bağlı deputat Vüqar Bayramov Sherg.az-a bildirib ki, fərman dövlət qurumlarında büdcədənkənar mənbələr hesabına formalaşmış vəsaətdən istifadədə səmərəliliyin, şəffaflığın və təyinatlılığın genişləndirilməsi məqsədi daşıyır:

“Bu fərman birmənalı şəkildə həmin vəsaətlərin istifadəsi ilə bağlı sistemli yanaşmanın tətbiq olunmasına, bununla da bir tərəfdən səmərəliliyin artırılmasına, digər tərəfdən isə şəffaflığın gücləndirilməsinə xidmət edəcək. Fərmanla büdcədənkənar vəsaitlərin hansı istiqamətlər üzrə və hansı hədlər çərçivəsində istifadə olunacağı konkretləşdirilir. Təbii ki, əməkhaqqı artımları, mükafatların verilməsi və digər istiqamətlərə vəsaitlərin ayrılması zamanı praktiki olaraq konkret mexanizmin müəyyənləşdirilməsi həmin vəsaitlərdən səmərəli istifadə edilməsinə imkan verəcək”. 

Deputatın sözlərinə görə, imzalanan fərman qurumlarda çalışan inzibati və yardımçı işçilərin sosial təminatını gücləndirməyə zəmin yaradacaq:

“Çünki həmin vəsaitlərdən istifadədə səmərəliliyin, ünvanlılığın və şəffaflığın artırılması sözügedən vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi üçün baza formalaşdırır. Bu da onların əməkhaqqı artımları üçün xüsusi və yeni mənbələrin formalaşması anlamına gəlir. Bu baxımdan yeni sənəd bir tərəfdən şəffaflığın gücləndirilməsinə, digər tərəfdən isə həmin qurumlarda çalışan vətəndaşlarımızın əməkhaqlarının sistemli şəkildə artırılmasına imkan verəcək. Fərman səmərəlilik, şəffaflıq və sosial təminatın gücləndirilməsi istiqamətində yeni mexanizmlərin tətbiqinə şərait yaradacaq".