Ermənilər “Humanitar yardım” şousu altında təxribat hazırlayır - RƏY

Hazırlıqlı olmaq lazımdır

“Orada bir erməninin burnu qanasa, bu, Ermənistan üçün də, separatçılar üçün də, reinteqrasiyaya qarşı olan və Laçın postunun açılmasını istəyən maraqlı tərəflər üçün də göydəndüşmə olacaq”

 
Qarabağdakı separatçıların Ermənistanın “humanitar yardım” şousuna dəstək üçün Laçın sərhəd-buraxılış məntəqəsinə avtobuslarla “dinc yürüş” hazırlığında olduğu bildirilir. Bunun üçün şəhərin “dirçəliş” meydanında avtobusların düzüldüyünü əks etdirən fotolar paylaşılıb. Təxribatçı aksiyanın “müəllifi” kimi təqdim edilən Artur Osipyanın sözlərinə görə, mövcud avtobuslarla təxminən 700 nəfəri daşımaq olar. Lakin o, avtomobillərin sayının artacağını da qeyd edib: “Nə vaxt başlayacağımızı dəqiq deyə bilmərəm. Amma yürüşdən bir gün əvvəl toplantı olacaq və hamıya yürüş haqqında məlumat veriləcək”.
  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, separatçılar bununla erməni əhalisinin Ağdam marşrutu üzrə yardımı qəbul etmək istəmədiyini göstərmək və Laçın postunun yüklər üçün açılmasına nail olmaq istəyirlər. Analitikin sözlərinə görə, sərhədin bir tərəfindən Ermənistandan gələn yüklər, digər tərəfində “ac olduqları” iddia edilən ermənilər dünya üçün əsl teatr səhnəsidir: "Diqqətçəkən məqamlardan biri yürüşü hazırlayan “ictimai fəalların” açıqlamasında “aksiya zamanı güc tətbiqi və zorakılıq edilməyəcək, aksiyada qadınlar da iştirak edəcək” sözləridir. Bununla “bu, qadınların da iştirak etdiyi dinc aksiyadır” rəyini yaradır və hər hansı hadisə baş verdiyi təqdirdə Azərbaycanı günahlandırmağa hazırlaşırlar. Məhz bu məqam “dinc aksiya” zamanı təxribatın törədilə biləcəyi gözləntisini də ön plana çıxarır. Orada bir erməninin burnu qanasa, bu, Ermənistan üçün də, separatçılar üçün də, reinteqrasiyaya qarşı olan və Laçın postunun açılmasını istəyən maraqlı tərəflər üçün də göydəndüşmə olacaq. Mümkün təxribatlara qarşı hazırlıqlı olmaq lazımdır. Rəsmi Bakı buna qarşı müəyyən tədbirlər görə bilər. Baş verə biləcək hadisələrə görə məsuliyyətin Ermənistan və separatçıların üzərinə düşdüyü ilə bağlı beynəlxalq müstəvidə məlumatlar yayıla bilər. Bu təxribatın qarşısının alınması üçün Rusiya sülhməramlılarına müraciət edə bilər. Əks təqdirdə, məsuliyyət sülhməramlıların da üzərinə düşür. Separatçıların “yanacaq olmadığı” üçün ictimai nəqliyyatı dayandırması fonunda “aksiya iştirakçıları”nın avtobuslarla Laçın postuna daşınacağı da diqqətdən qaçmayan detallardandır".