Ermənistan təşvişdə:“Azərbaycan kəşfiyyatı güclü işləyir və...”

“İrəvanda yenə çaxnaşma düşüb: iddia edirlər ki, Ermənistanda Azərbaycanın 9 nəfərdən ibarət kəşfiyyat qrupu işləyir. Qrup üzvləri Ermənistan və Ukrayna vətəndaşlığına malikdir. Ermənistan baş prokurorluğu məsələni nəzarətə götürüb. Qorxu çox pis şeydir, həm də güclü silahdır”.
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O, prosesi “Sherg.az”a daha ətraflı şərh edib:

 “Ümumiyyətlə, müharibədən sonra bu mövzu Ermənistanda aktual olub. Oxşar iddialar əvvəllər də səsləndirilib. Məsələn, İrəvanda Azərbaycan dilində danışıldığını, azərbaycanlıların foto çəkdiyini deyirdilər. Analoji iddialar müxalifətdən, o cümlədən keçmiş “Qarabağ klanı”ndan qaynaqlanır. Çünki məğlubiyyəti həzm edə, reallıqla barışa bilmirlər. Belə fikirlər həm də mövcud hakimiyyət əleyhinə hesablanıb. Yəni cəmiyyətə iqtidarın işləmədiyi, proseslərə laqeyd yanaşıldığı kimi mesajlar verilir”.

A.Nərimanlı, həmçinin bunun reallıq dərəcəsini də istisna etmədi: 

“Dediyim kimi, yayılan məlumat daxili siyasi mübarizə motivlidir. Amma deyilənlərlə bağlı əlimizdə hansısa informasiya yoxdur. Ola bilsin, həqiqətən, Ermənistanda Azərbaycanın kəşfiyyat qrupu var. Prezident İlham Əliyev bir neçə dəfə bu barədə mesaj verib.

Bildirib ki, Azərbaycan kəşfiyyatı çox güclü işləyir və bizim hər şeydən xəbərimiz var”.