Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsinə qarşı iddialar bir mərkəzdən idarə olunur -ŞƏRH

Ermənistan Apostol kilsəsi və Gürcüstan Patriarxlığı Rusiyanın regionda dayaqlarıdır

"Son günlər Ermənistan, Gürcüstan və Azərbaycanda Alban irsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. XüsusilənAzərbaycan xristian irsinə dair müəyyən iddiaların gündəmə gətirilməsi diqqət çəkir. Gürcüstan Patriarxlığının Qax rayonunda Kümrük məbədinə, eləcə də Ermənistanın Qarabağdakı Alban irsi ilə bağlı mövqeyi göstərir ki, məsələ artıq yalnız dini və mədəni müstəvidə qarşıdurmaya hesablanıb".

Bunu Sherg.az-a Milli Cəbhə partiyasının başqanın müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, burada əsas məqsəd Cənubi Qafqazda dini və mədəni zəmində problemləri körükləməkdi:

"Çünki regionda sülh və təhlükəsizlik istiqamətində yeni dinamika formalaşır. Bu prosesin qarşısını almaq, regiondakı siyasi və iqtisadi əlaqələri zəiflətmək istiqamətində müxtəlif cəhdlərin olması istisna deyil. Həm Ermənistan, həm də Gürcüstana Alban irsinin Azərbaycan tarixinin mühüm hissəsi olduğu yaxşı məlumdur. Bu irsə dair ərazi və mənsubiyyət xarakterli iddiaların irəli sürülməsi isə Azərbaycan tərəfindən təbii olaraq həssas məsələ kimi qiymətləndirilir. Bir neçə gün əvvəl Tbilisidə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin görüşü və tərəflərin maliyyə-iqtisadi əməkdaşlıq istiqamətində müzakirələr aparması Cənubi Qafqazda yeni iqtisadi layihələrin formalaşdığını göstərir. Məhz belə bir şəraitdə region dövlətləri arasında münasibətlərin gərginləşdirilməsinə xidmət edə biləcək dini və mədəni məsələlərin gündəmə gətirilməsi təsadüfi deyil. Bu baxımdan, Cənubi Qafqazda yaranan yeni əməkdaşlıq və iqtisadi inteqrasiya dinamikasından narahat olan qüvvələrin proseslərə təsir göstərməyə çalışması ehtimalı istisna edilə bilməz. Gürcüstan və Ermənistan kilsələrinin Rusiya ilə tarixi və institusional əlaqələri var. Rusiya məhz bu dini mərkəzlər vasitəsilə işə başlayıb. Ermənistan Apostol kilsəsi və Gürcüstan Patriarxlığı Rusiyanın regionda dayaqlarıdır. Azərbaycan Alban xristian irsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır və bu istiqamətdə səsləndirilən iddialara etirazını açıq şəkildə bildirir. Azərbaycan tərəfi üçün əsas məsələ ölkənin tarixi-mədəni irsinin qorunması və bu irsin siyasiləşdirilməsinə yol verilməməsidir".