Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Türkiyə ilə sərhədin xüsusi qrup üçün açıla biləcəyini bildirib. Nazir yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin hələlik xüsusi qrup - üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılacağı xəbərinin veriləcəyini deyib. Mirzoyan əlavə edib ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi İrəvan üçün çox vacibdir. O, Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdüyünü, danışıqlar üçün iki ölkənin xüsusi nümayəndələrinin olduğunu da xatırladıb: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində danışıqlar gedir. Mən nikbinliyimi bildirmək istəyirəm. Çünki Ermənistanla Türkiyə arasında dövlətlərarası quru sərhədinin xüsusi qrup insan üçün açılmasından bəhs edən sazişimiz barədə yaxın gələcəkdə yaxşı xəbərlər ola bilər”. XİN başçısı vurğulayıb ki, Ermənistan 4 qonşusu (Azərbaycan, Gürcüstan, Türkiyə və İranı nəzərdə tutur - red) ilə müntəzəm münasibətlərdə maraqlıdır.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından asılıdır. Alimin sözlərinə görə, Ermənistanda bunu yaxşı bilirlər:
"Hər iki ölkənin münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndəsi var və onlar danışıqları bu kontekstdən kənarda aparmırlar. Xüsusi nümayəndələr - Ruben Rubinyanla Serdar Kılıcın görüşlərində bu cəhət həmişə diqqətə alınıb. Sərhədlərin açılması məsələsi hər zaman müzakirə mövzusu olub. Amma bu, o zaman olacaq ki, Ermənistanın Azərbaycanla və bütövlükdə bölgədə kommunikasiya xətləri ilə qəti qərarı olacaq. Hələ ki bu yoxdur. Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata əsasən, öhdəliyini yerinə yetirmir. Bu, Türkiyə üçün prinsipial məsələ olduğundan qardaş ölkənin xırda məsələlərə əhəmiyyət verəcəyi inandırıcı deyil".
Professorun fikrincə, erməni nazir belə bəyanatlarla dünya ictimaiyyətində Ermənistanın guya hər cür əməkdaşlığa hazır olduğu görüntüsü yaratmağa çalışır: "Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün bəzi məsələlər həll edilməlidir. Ermənistan 1991-ci ildə müstəqilliyini elan edərkən Konstitusiya Bəyannaməsində Türkiyəyə ərazi iddiaları irəli sürüb. İrəvan bundan imtina etməlidir. Gerbindən Ağrı dağının simvolunu çıxarmalıdır. Rəsmi olaraq "erməni soyqırımı" ideologiyasından vaz keçməlidir. A.Mirzoyan hansısa görüşdə arzusunu ifadə edə bilər. Lakin beynəlxalq münasibətlərdə bunlar rol oynamır. Bir sözlə, Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması üçün bəlli diplomatik məsafə hələ qət edilməyib".