- Amma ictimai asayişi nümayişkaranə şəkildə pozmaq və ya digər insanların istirahət hüququna ciddi maneə törətmək xırda xuliqanlıq və ya digər inzibati xətalar kimi qiymətləndirilir, günün saatından asılı olmayaraq
Bakı səs-küylü şəhərdir. Hər addımda nəsə bir səs insanın qulağını “dəlir”. Metrostansiyaların yaxınlığındakı ticarət obyektlərindən, xüsusən də audio-video kaset satışı köşklərindən musiqi fasiləsiz səslənir. Kafe, restoranlar, şadlıq sarayları, avtobuslarda, hətta marketlərdə də musiqi, mahnı səsləndirilir. Və son zamanlarda metropoliten də bu siyaıya əlavə olundu.
Deyə bilərsiniz ki, həzin, klassik mahnılarımızın səslənməsinin nə eybi? Eybi yoxdur, amma narahatlığı ola bilər. Düzdür, gözəl mahnılar insanın əhval-ruhiyyəsini yüksəldir, lakin bu, səs krliliyinin artımasına əsas ola bilməz. Bakıda isə səs kirliliyi faizi yüksəkdir. Şəhərin mərkəzi küçələrində, magistral yollarda və bəzi obyektlərin (məsələn, şadlıq sarayları, kafelər) yaxınlığında səs səviyyəsi qanunla müəyyən edilmiş 65 dB normasını keçərək 85–92 dB həddinə çatır. Halbuki beynəlxalq analitik mənbələrin – Numbeo hesabatlarına əsasən, şəhərdə səs və işıq kirliliyi indeksi 53.40 (orta səviyyə) olaraq qiymətləndirilir. Ekspertlərin rəyinə görə, Bakı şəhərindəki ümumi ətraf mühit çirklənməsinin (bura səs kirliliyi də daxildir) təxminən 80 faizi nəqliyyat vasitələrinin payına düşür. Bizcə, bura təkcə nəqliayyat vasitələrinin idarə olunması zamanı yaranan səs-küy deyil, eyni zamanda sürücülərin sükan arxasında sanki özlərini konsert salonunda hiss edərmiş kimi davranmaları da daxil edilməlidir. Hərəkət edən avtomobilin pəncərəsini açıq qoyub, içəridə səsləndirdiyi musiqi və ya mahnını ətrafdakı insanlara zorla dinlədən sürücülər bunun qanun pozuntusu olduğunu ya bilmir, ya da qanunları heçə sayır, cəmiyyəti də.
Nəqliyyat məsələləri üzrə ekspert Rüfət Əmiraslanov Sherg.az-a açıqlamasında bildirdi ki, qanunvericiliyə görə, gecə saat 00:00-dan səhər 07:00-a qədər yüksək səslə musiqi dinləndirməyə görə 150-200 manata qədər cərimə yazılır. Digər saatlarda isə yüksək səsli musiqiyə görə cərimə tətbiq edilmir: 
- Burada adınlaşdırılmalı bir məqam var. Bəli, yüksək səslə musiqi dinləməyə görə cərimə nəzərdə tutulur, lakin bu cəza qanunvericilikdə konkret olaraq musiqi dinləməyə görə deyil, ətrafdakıları narahat edən məişət səs-küyü kontekstində tənzimlənir. Qanunvericilikdə konkret olaraq “musiqi səsləndirməyə, musiqi dinləndirməyə görə” deyil, ətrafdakıları narahat edəcək hallara görə cərimə tətbiqi nəzərdə tutulur. Bu cür qeyd edilir qanunvericlikdə Lakin birisi avtomobilini səki kənarında, yaxud yaşayış binalarının həyətində saxlayıb yüksək səslə, ətrafda kifayət qədər yaxşı eşidiləcək tərzdə musiqi səsləndirirsə vətəndaşlar bununla bağlı müvafiq quruma şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə, bura avtomobillər də daxildir, gecə vaxtı saat 00:00-dan 07:00-dək yüksək səslə musiqi dinləmək, radio və maqnitofonları gur səslə oxutmaq məişət səs-küyünə qarşı mübarizə tələblərinin pozulması hesab olunur. Bu qaydanı pozan fiziki şəxslər 150 manatdan 200 manatadək, zəzifəli şəxslərsə 2000 manatdan 2500 manatadək cərimə edilir. Amma ictimai asayişi nümayişkaranə şəkildə pozmaq və ya digər insanların istirahət hüququna ciddi maneə törətmək xırda xuliqanlıq və ya digər inzibati xətalar kimi qiymətləndirilir, günün saatından asılı olmayaraq.