Generallar əmr quludur

Anaşkin də komandanlığa yanlış yerdən başladı

Rusiyanın qəhrəmanı Qarabağa ədalətli nizam-intizam gətirməyəcək

Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandiri Kosobokovu yenidən dəyişdiriblər. Onun yerinə Kosobokovdan daha yüksək hərbi rütbəsi olan, general-leytenant olan və Rusiyanın hərbi dairələrində daha böyük nüfuza malik olan Gennadi Anaşkin təyin olunub. Anaşkin həm də Rusiya qəhrəmanıdır. Sülhməramlıların keçmiş komandanı Muradov Anaşkini təqdim etmək üçün Qarabağa gəlib. Dünən yeni komandan Gennadi Anaşkin müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən də qəbul edilib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib. 

Qeyd edək ki, Gennadi Anaşkin 1968-ci il dekabrın 17-də Samara şəhərində anadan olub. 1986-cı ildə orta məktəbi bitirib. Məktəbdən sonra Sergey Pavloviç Korolyov adına Aviasiya İnstitutuna daxil olub. 1987-ci ilin iyun ayında sovet ordusuna çağırılıb. Xidməti Almaniyadakı sovet qoşunları qrupunun tərkibində motoatıcı kəşfiyyat taborunda baş tutub. Rusiya qəhrəmanı Gennadi Anaşkin Birinci və İkinci Çeçen müharibələrində iştirak edib. Bosniya və Herseqovinada sülhməramlı taborun komandiri olub. 

Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, general-mayor Mixail Kosobokovun fəaliyyətə başlamasından qısa müddət sonra general-leytenant Gennadi Anaşkinlə əvəzlənməsi özlüyündə müsbət haldır. Deputatın sözlərinə görə, Mixail Kosobokovun fəaliyyəti separatçı subyektlərdə fəaliyyət təcrübəsi ilə Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamışdı: “Əlbəttə, əsas kontingent komandanlarının deyil, dövlətin özünün mövqeyidir. Əslinə qalsa komandanlıqda Muradov, Kosobokovun yaxud Anaşkinin olması böyük mənada nəyisə dəyişmir. Amma bölgədə separatçılarla əməkdaşlıq təcrübəsi deyil, davamlı sülh və sabitliyə xidmət istiqamətində təcrübəyə malik bir hərbçinin təyinatı vacib idi. 

Bu baxımdan yeni təyinatı nisbətən uğurlu hesab etmək olardı. Ancaq təəssüflər olsun ki, Gennadi Anaşkin də komandanlığa yanlış yerdən start verdi. Sülhməramlılar Azərbaycanın beynəlxalq hüquqla, eləcə də Rusiya tərəfindən tanınan suveren ərazilərimizdə yerləşir. Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdəki ermənilərin sonradan köçürülənləri istisna olmaqla, hamısı Azərbaycan vətəndaşlarıdır. Yəni Ermənistanın bu məsələyə heç bir formada aidiyyəti olmadığı halda, Gennadi Anaşkinin fəaliyyətinə İrəvanda görüşlərlə başlaması təəccüb və təəssüf doğurur. Ermənistanın Azərbaycan ərazisindəki sülhməramlı kontingentlə bağlı söz hüququ yoxdur. Sülhməramlıların yeni komandanı o halda Ermənistanda görüşlər keçirə bilərdi ki, kontingent Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşdiriləydi”. 

Parlament üzvü qeyd edib ki, Gennadi Anaşkin təcrübəli hərbçi olsa da, sülhməramlının fəaliyyətində nəyinsə dəyişəcəyi ağlabatan deyil:

 “Anaşkin müstəqil strateji qərarlar vermir, təlimatları Moskvadan alır. Lakin unutmayaq ki, Moskvada oturan birinci şəxsin də Azərbaycanın ərazi bütövlüyünə münasibəti aşkardır, bizi tam qane edir”. 

İsmayıl