“Hotellər yalnız "boş otaq"dan ibarətdir - Rahatlıq yox, müştəri də...- EKSPERT

Qiymətlər Avropa səviyyəsindədir, xidmət isə zəif, hotel sektoru buna görə geridə qalıb

2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 faiz olub (2024-cü ildə 24,0 faiz). Dövlət Statistika Komitəsinin məlumatına görə, Naftalanda 48,5 faiz, Şabranda 41,7 faiz, Bakıda 36,9 faiz və digər şəhər və rayonlarda daha aşağı səviyyələr qeydə alınıb. Ötən il mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2024-cü ilə nisbətən 6,7 faiz artaraq 4 569,5 min olub. Gecələmələrin əhəmiyyətli hissəsi, təxminən 58,9 faizi, paytaxt Bakı şəhərində baş verib. Regionlar arasında Qusar, Naftalan, Xaçmaz, Qəbələ və digər turizm mərkəzləri də vacib paya malikdir.

Xarici turistlərin rolu xüsusilə nəzərə çarpandır. 2025-ci ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirtdiyi gecələmələrin sayı 2 614,3 min olmuş və ümumi gecələmələrin 57,2 faizini təşkil edib. Hindistan, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrdən gələn turistlər önəmli paya sahib olmuşdur. Əcnəbi turistlərin böyük hissəsi – 81,1 faizi – Bakıda gecələyərək paytaxtın turizm potensialını ön plana çıxarıb.

İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a açıqlamasında hotel üzrə istifadə göstəricilərinin aşağı olmasını Azərbaycanda bu biznesin faktiki olaraq lazımi səviyyədə inkişaf etməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, bu sahənin zəif inkişaf etməsinin bir sıra səciyyəvi və sistemli səbəbləri mövcuddur. Ekspert qeyd edib ki, ilk növbədə xidmət səviyyəsinin yetərli olmaması əsas problemlər sırasındadır:

“Bir çox hotellərdə qidalanma xidmətlərinin keyfiyyəti aşağıdır, istirahət və asudə vaxtın səmərəli təşkili üçün vətəndaşlara lazımi şərait yaradılmır. Bu problemlər aradan qaldırılmadığı müddətdə həm daxili, həm də xarici turistlərin hotel xidmətlərinə marağının artması çətin olacaq və bu da ümumi doluluq səviyyəsinə birbaşa təsir göstərəcək”.

Ekspertin fikrincə, ən vacib səbəblərdən biri də qiymətlərin kifayət qədər baha olmasıdır: “Azərbaycanda hotellərin qiymətləri kifayət qədər yüksəkdir və bu da vətəndaşların gəlirləri ilə adekvat deyil. Qiymətlərin yüksək olmasının da bir sıra səbəbləri var. Məsələn, kommunal xərclər, lisenziyalaşma, ərzaq məhsullarının qiymətinin bahalaşması, mal və məhsulların xidmət sektoru üzrə qiymətlərinin yüksək olması hotel biznesi ilə məşğul olan sahibkarların da xərclərini təbii olaraq artırır. Onlar da məcbur olurlar ki, hər şeyi baha qiymətə təklif etsinlər”.

R. Abbasbəyli Azərbaycanda hotel biznesinin inkişaf etməməsinin digər səbəblərini də izah etdi: “Hotellərdə vətəndaşların rahatlıq səviyyəsi lazımı səviyyədə deyil . Bir vətəndaşın yaşaması üçün lazım olan, məsələn, paltaryuyandan saçqurudana qədər, paltar ütüləmək üçün xidmətlər, digər əşyalarla təminat xidmətləri Azərbaycanda hələ tam formalaşmayıb. Hotellər yalnız boş otaqlardan ibarətdir. Hotellərdəki lazım olan məişət cihazlarının keyfiyyəti aşağıdır. Bu da əlbəttə ki, əsasən uzunmüddətli və yaxud da tətil dönəmində hotelə müraciət etmək istəyən vətəndaşlar üçün diskomfort yaradır. Belə məkanda yaşamaq onlar üçün əlverişli deyil. Onlar üçün diskomfort yaratdığı üçün digər alternativ üsullara, yəni şəxsi kirayə verilən mənzillərə üz tuturlar. Hotellərdə xidmət səviyyəsinin aşağı olması və yaxud da xidmət səviyyəsinin təklif edilən qiymətlərə adekvat olmaması da vətəndaşların hotellərə üz tutmasını azaldır”