“İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən faydalanacaqlar”
Bakıda keçirilən mötəbər toplantıda mühüm mesajlar səsləndi
Dünən Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı keçirilib. Konfransdan sonra təşkilata sədrlik Azərbaycana keçib. Dördüncü Ümumi Konfrans isə 2023-cü ildə İranda keçiriləcək. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycanın sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstəriləcək: “Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır”. Spiker bildirib ki, pandemiya tamamilə aradan qalxmasa da, kəskin dövrü geridə qalıb: “İndi biz növbəti addımlara hazır olmalı və postpandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirməliyik”.
Konfransda mina problemi qaldırılıb
Parlament sədri Sahibə Qafarova deyib ki, azad edilmiş ərazilərdə bərpa işlərinə ən əsas maneə mina problemidir. Sədr bildirib ki, Azərbaycan ən çox minalarla çirklənmiş ölkə olsa da, ən az beynəlxalq maddi yardım alan ölkədir: “Ermənistan Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini elan etsə də, Ermənistanın hər hansı addımlar atması müşahidə olunmur. Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır. Ermənistan anlamalıdır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”. S.Qafarova vurğulayıb ki, postmünaqişə dövründə Ermənistan beynəlxalq layihələrin iştirakçısına çevriləcək.
Sahibə Qafarova vurğulayıb ki, postmünaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni əməkdaşlıq imkanları yaranıb: “Əldə olunmuş razılaşmalara uyğun olaraq açılacaq yeni nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr də bu yeni dəhlizdən faydalanacaqlar”.
“Regional səviyyədə əməkdaşlıq gücləndirilməlidir”
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib ki, problemlərimizin ümumi olduğunu başa düşdüyümüz kimi, onları həll etmək üçün də birgə hərəkət etməli olduğumuzu anlamalıyıq. TBMM sədri bildirib ki, beynəlxalq həmrəylik prioritetə çevrilib, eyni zamanda, bu proses parlament diplomatiyasının nə qədər əhəmiyyət kəsb etdiyini göstərib: “Pandemiya əleyhinə mübarizədə Türkiyə olaraq biz çoxtərəflilik prinsipini dəstəkləyirik. 160 ölkəyə yardımları çatdırmışıq. Biz pandemiya zamanı ehtiyacı olan ölkələrə yardım üçün əlimizdən gələn bütün imkanlardan istifadə etmişik. Pandemiya hələ də davam edir. Miqrasiya, işsizlik, həddindən artıq yoxsulluq təhdidə çevrilib. Ədalətsizlik, tarazlılığın olmaması problemi daha da artırır. Ukraynada olan müharibə ərzaq məhsulları ilə bağlı problemlərin yaranmasına gətirib çıxaracaq. Ticarətin asanlaşdırılması inteqrasiyanın daha rəvan şəkildə getməsi üçün vacibdir. Mövcud beynəlxalq təşkilatların zamanın tələblərinə uyğun olaraq islahatlara getməsi vacibdir. Bu özünü artıq büruzə verməkdədir. İkili standartları rutin həyat səviyyəsinə çevirən, bəzi ölkələrin mənafeyini daha üstün mövqeyə çevirən təşkilatlarda islahatlar getməlidir. Yeni dünyada hamını başa düşən, hamıya aid olan qurumlara ehtiyac var. Biz də İƏT üzvləri olaraq dialoq mühitində problemləri həll etməliyik. Biz öz aramızda əməkdaşlığımızı güclü şəkildə inkişaf etdirməliyik. Regional səviyyədə əməkdaşlıq gücləndirilməlidir. Qlobal aktorlar regional problemlərə həll tapmırlar, onlar problemləri dərinləşdirirlər”.
“ATƏT-in Minsk qrupu 30 il ərzində problemi həll edə bilmədi”
“Regionda mövcud problemləri həll etmək hamımızın prioritet vəzifəsi olmalıdır”.
Şentop bildirib ki, bu problemlərin dərinləşməsində qlobal müdaxilədən qorunmalı, tədbirlər görülməlidir: “Bu problemləri özümüz həll etməliyik. Biz bu coğrafiyada yaşayırıq. Regional qurumlar olaraq regionumuzda olan problemləri özümüz həll etməliyik. Suriyada, Kəşmirdə, İdlibdə insanların həyatını itirməsinə son qoyulmalıdır. Buna görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini gördük. İşğala son qoymaq üçün ATƏT-in Minsk qrupunu yaratmışdılar. 30 il ərzində dünyanın aparıcı ölkələrindən ibarət olan mexanizm bu problemi həll edə bilmədi. Bu regionda yerləşməyən dövlətlərin burada iştirakı problemin həllindənsə, onun dərinləşməsinə səbəb olur. Azərbaycan nümunəsində bunu gördük. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu işğala son qoydu. Biz Azərbaycana bu məsələdə hər zaman dəstək olduq. Türkiyə Azərbaycana hüquqi cəhətdən haqlı olduğuna görə dəstək verib. Ermənistanla Azərbaycan arasında olan münaqişə regional təhlükəsizlik üçün təhlükə yaratmışdı”.
“Regional problemlərin həllini kənarda axtarmamalıyıq”
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf deyib ki, ölkələrimiz eyni taleyi bölüşür: “Biz regional problemlərin həllini kənarda axtarırıq. Regional problemlərin həllini kənarda axtarmamalıyıq. Dünyanın enerji resurslarının əsas hissəsinə sahib olan 17 ölkədən 3-ü - Qazaxıstan, Türkmənistan və İran İƏT regionunda yerləşir. Pakistan və Türkiyə dünyanın ilk 10 buğda istehsalçıları arasındadır. Ən iri pambıq istehsalçıları sırasına isə Özbəkistan daxildir. Biz dünyanın əsas çörək səbətiyik, amma buna baxmayaraq, xalqlarımızın həyat səvyyəsi yüksək deyil. Xalqlarımızın rifahını təmin etmək bizim borcumuzdur. Biz konsensus yaratmalı və regionumuz üçün rifahın yeni səhifəsini yazmağa kömək etməliyik”.
“Pandemiya bizim zəif yerlərimizi göstərdi”
Raca Pərviz Əşrəf bildirib ki, dünya var və yox arasında bölünməyə davam edərsə, yaşamaq üçün yer qalmayacaq: “İqtisadi tərəqqi üçün azadlığın nə qədər vacib olduğunu igid qarabağlılardan başqa kim bizə söyləyə bilər?! Biz regional əməkdaşlıqdan danışanda Kəşmir xalqının ağrısına necə göz yuma bilərik?! ”, - o vurğulayıb. Əşrəf qeyd edib ki, bu konfransda Əfqanıstandan olan həmkarların yeri görünür: “Ümid edirik ki, onlar tezliklə aramızda olacaqlar. Əfqanıstan təşkilatımızın mühüm üzvüdür. Regionda sülhün bərqərar olması üçün Əfqanıstanda sülh mütləqdir. Pakistan bütün tərəfləri davamlı sülh üçün danışıqlara yenidən qoşulmağa çağırıb. Biz birlikdə bu maneələri aradan qaldırmalıyıq. Bu maneələr bizim təşkilatın irəliləməsinə mane olur. Ümid var ki, bizim yeni sədrimiz Sahibə Qafarovanın sədrliyi ilə biz daha çox nəticələrə nail olacağıq”.
“İƏT PA Bakı Bəyannaməsini qəbul etməlidir”
Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda deyib ki, COVİD-19 pandemiyanın nəticələrinin aradan qaldırılması üçün regional və qlobal səviyyədə beynəlxalq ictimaiyyətin sıx şəkildə əməkdaşlığına ehtiyac olduğunu gördük. O bildirib ki, Tacikistan Prezidenti ölkələrimiz arasında ticarətlə bağlı maneələrin aradan qaldırılmasını təklif edib: “Təəssüf ki, İƏT-in ticarət razılaşması hələ əməli fəaliyyətə başlamayıb. Biz üzv ölkələri qarşılıqlı ticarəti artırmaq üçün təkliflər hazırlamağa çağırırıq. Nəqliyyat əlaqələrinin açılması, kommunikasiyaların genişlənməsi İƏT ölkələri arasında qarşılıqlı ticarətin həcmini artıracaq. İƏT-ə üzv dövlətlər birgə fəaliyyət göstərməlidir. Biz Bakı Bəyannaməsini qəbul etməliyik”.
İƏT-ə üzv ölkələrin turist vizalarını asanlaşdırması təklif edilib
İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzad deyib ki, İƏT ölkələri ilahi nemətlərlə zəngindir. Dünyanın enerji ehtiyatlarının böyük hissəsi İƏT ölkələrindədir. O bildirib ki, bu, bölgə ölkələri üçün misilsiz imkanlar yaradıb: “İƏT PA bizə hökumətlərimiz ilə birlikdə hərəkət etmək imkanı verib, İƏT ölkələrinin hədəflərinə nail olması üçün addımlar atmaq şansı yaradıb. İran İƏT-in əsas və nüfuzlu üzvü kimi fəal regional diplomatiyanı ön plana çıxarır. Üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da artırılmasına çağırırıq. Region xalqlarının maraqlarına cavab verən sazişlərin dəstəklənməsində üzv dövlətlərin parlamentlərinin rolu danılmazdır”. Əli Nikzad region daxilində ticarətin liberallaşdırılması istiqamətində danışıqlar, üzv ölkələrə daha aşağı faizlərlə kreditlərin verilməsi, daha aşağı rüsumları tətbiq etməyə də çağırış edib. O bildirib ki, parlamentlərarası əlaqələrin inkişafı hökumətlər arasında əlaqələrin inkişafı üçün də imkanlar yaradır:
“Davamlı iqtisadi inkişaf üçün turizmin inkişaf etdirilməsi əsas şərtdir. Üzv ölkələrə gələn turistlərə viza rejiminin asanlaşdırılmasını təklif edirik. İran özünə qarşı zalım təzyiqlərə baxmayaraq, hər zaman bölgədə sülh və sabitliyin tərəfdarı olub. İran qonşularla fəal əlaqələrin olmasını xarici siyasətində əsas prioritet hesab edir. Artıq pandemiyanın bitməsi üfüqlərdədir. Əminəm ki, bu konfrans pandemiyadan sonrakı dövrdə fikir mübadiləsi aparmaq üçün yaxşı platforma olacaq”. Nikzad qeyd edib ki, iqtisadiyyatın bərpası bütün dünya ölkələrinin, beynəlxalq təşkilatların gündəmindədir: “İƏT parlamentləri arasında davamlı məsləhətləşmələrə ehtiyac var.
Təklif edirəm ki, Assambleyanın Nizamnaməsinə uyğun olaraq, pandemiyadan sonrakı iqtisadiyyatın bərpası üçün İƏT PA dəstək komitəsi yaradaq. Təklif qəbul edilərsə, komitənin ilk iclasını İran parlamentində keçirməyə hazırıq”.