İranda partlayış: Məqsəd Rəisinin Türkiyəyə səfərinin qarşısını almaq olub?

Məlum olduğu kimi Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı İranın Kirman şəhərində keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Nəticədə, son məlumata görə, 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Terror aktı kimi dəyərləndirilən hadisənin təfərrüatlarının ətraflı araşdırılacağı deyilib. Terror aktı ilə əlaqədar ölkədə matəm elan edilib. İran Prezidenti İbrahim Rəisi Kermanda baş verən terror aktından sonra Türkiyəyə səfərini ləğv edib. İran prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi IRNA-ya açıqlamasında İbrahim Rəisinin Türkiyəyə səfərinin ləğv edildiyini və səfərin başqa vaxt baş tutacağını deyib. Qeyd edək ki, İbrahim Rəisinin sabah Türkiyəyə səfəri planlaşdırılmışdı. İranın dini lideri Əli Xameneinin Kirman şəhərində baş verən terror aktı ilə bağlı bildirib ki, cinayətkarlar xalqın öz böyük sərkərdəsi Qasım Süleymaninin məqbərəsini ziyarət etmək sevgisinə və həvəsinə dözə bilmədilər: "Bilsinlər ki, Süleymaninin əsgərləri onların rəzilliyinə və cinayətinə dözməyəcəklər. Günahsızların qanına bulaşmış əllər də, onları bu yanlışlığa sürükləyən pozğun beyinlər də bundan sonra qəti repressiya və ədalətli cəza hədəfi olacaq. Bilsinlər ki, bu fəlakətin cavabı ağır olacaq, inşallah”. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib ki, İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur: "Bu partlayışlara nəyin səbəb ola biləcəyini söyləmək hələ tezdir, lakin demək istəyirəm ki, ilk növbədə ABŞ bu işdə iştirak etmir. İkincisi, İsrailin partlayışlarda əli olduğuna inanmağa heç bir əsasımız yoxdur”. İranda baş verən terror aktını pisləyirik. BMT-nin Baş katibi Antonio Quterreş da deyib ki, terror aktını törədən icraçılar məsuliyyətə cəlb edilməlidir. 

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, İran Qasım Süleymaninin anım mərasimində baş verən partlayışlardan xarici düşmən obrazını gücləndirmək və ictimai rəyi rejim ətrafında birləşdirmək üçün istifadə edəcək.
Ekspert vurğulayıb ki, baş verən partlayışın arxasında xarici oyunçuların olması versiyası ilə yanaşı, rejim daxili qüvvələrin ola biləcəyi istisna deyil: 
"Süleymaninin ölümdən də xarici düşmən obrazını gücləndirmək və cəmiyyəti rejim ətrafında birləşdirmək məqsədilə istifadə etmişdilər. Hərçənd, artan nüfuzunun İran elitasında narahatlıq yaratdığı üçün Süleymaninin yerini ABŞ-a rejim daxili qüvvələrin satdığı haqda müəmmalar hələ də qalır. Partlayış fonunda iki məqam xüsusilə diqqət çəkir. Birincisi, bunun İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə planlaşdırılan səfərindən bir gün öncə baş verməsi, nəticədə səfərin təxirə salınmasıdır. İkincisi, partlayışı törədənlərin kim olduğu və haradan gəldiyinə dair hansı versiyaların irəli sürüləcəyidir. Rəisinin Ankara səfəri İran-Türkiyə xəttində problemlərin aradan qaldırılması, münasibətlərin normalaşmasına imkan yaradacaqdı. Bu, həm də İran-Azərbaycan münasibətləri baxımından da əhəmiyyətlidir. İran daxilində Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına qarşı olanlar var. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktının törədilməsi də Ankarada Əliyev-Ərdoğan-Rəisi görüşünə hazırlıq ərəfəsində baş vermiş və hər şeyi arxa plana keçirmişdi. Kirman partlayışının ilk nəticəsi isə Rəisinin Ankara səfərinin təxirə düşməsi oldu. Bundan sonra əsas məsələ baş verənlərlə bağlı İranın rəsmi və qeyri-rəsmi dairələrində hansı versiyaların irəli sürüləcəyidir. Bu, çox şeyə aydınlıq gətirəcək".

Politoloq Elxan Şahinoğlu da qeyd edib ki, İranın Kerman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimində partlayış nəticəsində onlarla iranlının həlak olması bölgədəki gərginliyi daha da artıracaq. 
Analitik xatırladıb ki, bu partlayış İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri ərəfəsində baş verdi: 
"Tehranın bu partlayışda İsraili ittiham edəcəyi ehtimalı az deyil. Bu isə o deməkdir ki, İran ərazisində İsrail kəşfiyyatına bağlı olduğu iddia edilən şəxslərin çoxsaylı həbslərinə rəğmən, şəbəkə gücünü itirməyib. Türkiyənin özündə də İsrail kəşfiyyatına bağlı şəxslərin kütləvi həbsi həyata keçirilib. Qasım Süleymanini amerikalılar öldürdülər. Tehran intiqam vədi versə də, Amerikaya zərər verər bilmədi. Əsl zərər “Həmas” qruplaşmasının oktyabrın əvvəlində İsrailə hücumu ilə Tel-Əvivə dəydi. Təsadüfi deyil ki, hücumun arxasında Tehranın dayandığına dair mülahizələr səsləndi. Görünür, İran Süleymaninin mərasimidəki partlayışa da adekvat cavab verməyə çalışacaq, bölgədə İrana bağlı silahlı qruplaşmaların daha da fəallaşacağını proqnozlaşdırmaq olar".