
İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə...
İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə...
Turan Rzayev:"Rəsmi Bakı da Zəngəzur və Göyçəyə haqq iddia edə bilər"
Dünən Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu öz işinə başladı. Bakı Prezidentin 2011-ci il tarixli sərəncamı əsasında yaradılmış, 2013-cü ildən keçirilməsinə başlanan Qlobal səviyyəli Forumuna 8-ci dəfədir ki, ev sahibliyi edir. “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilən forum artıq ənənəvi hal alıb. Forumda yenə də dünyaca çox önəmli şəxslər iştirak edir.
IX Qlobal Bakı Forumunun keçirilməsində çox mühüm məqsədlər var. Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi ona görə yüksəkdir ki, bunu dövlətin maraqlarını təmsil edən dövlət qurumları deyil, qeyri-hökumət təşkilatları təşkil edir. Digər mühüm amil də həmin forumda daha çox dünya üzrə yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirak etməsidir. Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır. Elə bu səbəbdən də Qlobal Bakı Forumlarını ənənəvi olaraq hər il qeyri-hökumət təşkilatı kimi çox yüksək beynəlxalq nüfuza malik olan "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi" təşkil edir.

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, Forumda həmişə olduğu kimi bu il də ali və yüksək nüfuzlu simalar, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ekspert deyib ki, ayrı-ayrı panellər şəklində təşkil olunan forumda enerji təhlükəsizliyi, Ukrayna müharibəsi, sülh, sabitlik və inkişaf axtarışları, ərzaq təhlükəsizliyi, aclıq və yoxsulluq problemləri və s. mövzular müzakirə olunacaq. Əslində müzakirə ediləcək mövzular bir daha göstərir ki, IX Qlobal Bakı Forumunun “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilməsi təsadüfi deyil.
Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı da diqqət çəkicidir. Birincisi, Prezident çıxışı zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığını və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar etdiyini bildirib. Prezident qeyd edib ki, Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq. Ümumiyyətlə, prosesə tarixi aspektdən baxdıqda Ermənistanın hazırkı əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Ötən əsrin 20-40-cı illəri başda olmaqla müxtəlif illərdə Azərbaycan xalqının iradəsi olmadan bu torpaqlar Ermənistana verilib. 1918-ci il Paris sülh konfransında Cənubi Qafqaz ölkələri olan Ermənistan Azərbaycan və Gürcüstanın əraziləri de-fakto tanınıb və həmin dövrə aid dövlət xəritələri də var. Həmin xəritələrdə nə Zəngəzur, nə də Göyçə Ermənistan ərazisidir. Yəni ölkə başçısının dediyi kimi, indiki məqamda rəsmi İrəvan Qarabağı Azərbaycanın ərazi bütövlüyü olaraq tanımayacağı təqdirdə rəsmi Bakı da Zəngəzur və Göyçəyə haqq iddia edə bilər. Digər yandan dövlət başçısı çıxışı zamanı həmsədrlər məsələsinə də nöqtə qoydu. Prezident dedi ki, Minsk qrupu artıq fəaliyyət göstərmir və ya fəaliyyətsizdir: “Məncə, ən yaxşı yol Minsk Qrupuna əlvida deməkdir. “Təşəkkürlər və əlvida” yox, sadəcə, “əlvida”. Ümumiyyətlə, ölkə başçısı artıq neçənci dəfədir ki, Minsk qrupunun fəaliyyətsizliyinə diqqət çəkərək bu qurumun faktiki olaraq sıradan çıxmalı olduğunu qeyd edir. Geridə qoyduğumuz 27 illik münaqişə tarixinə baxdıqda da Minsk qrupunun fəaliyyətinin de-fakto sıfıra bərabər olduğunu görürük. Buna görə də ATƏT-in Minsk Qrupu cənab Prezidentin də dediyi kimi təqaüdə getməlidir. Azərbaycan faktiki olaraq 44 günlük müharibə ilə qurumun həll etməli olduğu münaqişəni sonlandırıb”.
Analitik bəyan edib ki, dövlət başçısının çıxışında ən diqqət çəkən məqam şübhəsiz ki, onun Zəngəzur dəhlizi ilə bağlı dedikləri oldu: “Prezident Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsinin regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunu olduğunu bildirib. Ölkə rəhbərinin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatının tərkibinə daxil edilən Zəngəzur dəhlizi regionun inkişafı baxımından həyati əhəmiyyətə malikdir. Cənab Prezident artıq neçənci dəfədir bu məsələnin ən qısa zamanda həll edilməli olduğunu vurğulayır. Prinsip etibarilə rəsmi Bakı həm Şərqi Zəngəzurda, həm də Naxçıvanda müvafiq infrastruktur və nəqliyyat əlaqələrini istismara hazır vəziyyətə gətirib. Prosesi uzadan Ermənistan tərəfidir. Lakin bu məsələ Ermənistanın təkbaşına verə biləcəyi qərar da deyil. Yəni Zəngəzur dəhlizi Çin, Birləşmiş Krallıq, Rusiya, Türkiyə kimi ölkələrin də marağında olduğu meqalayihədir. Prezidentin forumda toxunduğu məqamlardan belə bir nəticəyə gələ bilərik ki, rəsmi Bakı Ermənistanın bu və ya başqa cür yayınma cəhdlərinə imkan verməyəcək. Bakı Cənubi Qafqazda yaranan reallıqları Ermənistana istəsə də, istəməsə də qəbul etdirəcək”.