Kalından Ermənistana siyasi mesaj:“Vaxtınız azdır...”

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Haber Global”a müsahibəsində bildirib ki, Ermənistan sadəcə bir Ermənistandan ibarət deyil. O bildirib ki, Ermənistan yoxsul bir ölkədir:
“Azərbaycan və Türkiyənin iqtisadiyyatı var. Onlar bundan faydalana bilərlər. 
Qarabağ məsələsində həll ediləsi mövzular var. Üçtərəfli bəyanat imzalanıb, ancaq sülh müqaviləsi bağlanmayıb. İki tərəfin də təsdiqləyəcəyi şərtlər müzakirə ediləcək. Bu proses davam edir. Ermənistan sadəcə Ermənistandan ibarət deyil. Başqa bir tərəf də var. Ancaq bu anlaşma Ermənistanın lehinə olar”.
İbrahim Kalının Ermənistana mesaj verdiyini deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, İrəvanda müxtəlif siyasi qruplar var:
“Məsələn, Paşinyan və onun tərəfdarları sözdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını səsləndirirlər, digər qrup olan “Qarabağ klanı” isə Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edir, daha çox Rusiyaya meyllənirlər. Eyni zamanda Ermənistanda qərblə sıx əməkdaşlıq edən qruplaşma da var. Onlar Rusiyaya düşmən münasibət bəsləyirlər. Ola bilsin ki, Kalın bu qrupların bir-biri ilə olan mübarizəsini də nəzərdə tutur. O, həm də buna işarə edir ki, əslində Azərbaycan və Türkiyə ilə sülh əldə etmək Ermənistanın maraqlarına cavab verir. Ona görə mesaj göndərir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlərsə, vaxtları azdır və hərəkətə keçmək lazımdır. Bir sözlə, Kalının dedikləri Ermənistana siyasi bir mesajdır”.
Yeganə Bayramova