“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev

  • “Delimitasiya və demarkasiya bu il daha da sürətlənəcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan "Qarabağ klanı"na qarşı başlatdığı mübarizədən sonra sülh prosesi ilə bağlı diqqətçəkən açıqlama verib. Baş nazir iki ölkə arasında atəşkəsin pozulma təhlükəsinin olmadığını bildirib. Onun sözlərinə görə, hazırda ictimaiyyətin diqqəti Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməyə yönəlib.

Qeyd edək ki, 2022-ci il mayın 23-də Prezident İlham Əliyevin sərəncamı əsasında Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb. Komissiyaların 2024-cü il aprelin 19-da keçirilən 8-ci görüşündə əldə edilən razılığa əsasən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycanın nəzarətinə keçib. Hazırda Qazaxın 3, Naxçıvanın isə 1 kəndi Ermənistanın işğalı altındadır. Xüsusilə də Kərki kəndinin taleyi hər iki tərəfin diqqət mərkəzindədir.

Mövzu ilə bağlı hərbi-siyasi ekspert Ədalət Verdiyev Sherg.az-a bildirib ki, demarkasiya prosesi Qazax istiqamətindən başlayıb:

“Ötən 6 il ərzində Azərbaycan ilə Ermənistan arasındakı 1007 kilometrlik şərti dövlət sərhədinin yalnız 12%-i delimitasiya olunub. Bu çox kiçik rəqəmdir. Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndləri hələ də Ermənistanın nəzarəti altındadır. Həmin ərazilərin də Azərbaycana qaytarılması üçün uzun müddətdir danışıqlar aparılır. Sərhədlərin dəqiqləşdirilməsi mərhələsində demarkasiya işləri Qazax istiqamətindən başlayaraq ardıcıl şəkildə həyata keçiriləcək”.

Ekspertin sözlərinə görə, delimitasiya və demarkasiya prosesləri bu il bir qədər də sürətlənəcək:

“Ermənistanın Gürcüstan ilə əlaqəsini təmin edən magistral yol da Xeyrimli kəndinin ərazisindən keçirdi. Həmin ərazi Azərbaycana qaytarıldı. Ermənistan Gürcüstan ilə əlaqəsini təmin etmək üçün alternativ marşrut inşa etdi. Odur ki, eksklavların da Azərbaycana qaytarılmasında ciddi bir problem görmürəm. Kərkinin Azərbaycana qaytarılması Ermənistan üçün İranla əlaqəni məhdudlaşdırsa da, Ermənistan İrana gedən yolu Kərkidən deyil, öz ərazisindən keçirməklə bu problemi həll edə bilər. Kərkinin qaytarılması məsələsi yalnız demarkasiya prosesi çərçivəsində mümkün olacaq. Prosesin tam məntiqi sonluğuna çatması üçün hələ kifayət qədər vaxt tələb olunur”.