- “Maraqlar toqquşması qanunu formal və dekorativ xarakter daşıya bilər”
- “Dost-tanışın övladlarını layihələrə cəlb etməklə qanunu dolanmaq mümkündür”
"Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarıldı. Bildirildi ki, sənəd preventiv xarakter daşıyır, məqsəd dövlət idarəçiliyində şəffaflığın artırılması, korrupsiya risklərinin azaldılması və vəzifəli şəxslərin qərarları qərəzsiz qəbul etməsinin təmin edilməsidir.
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından, o cümlədən nəqliyyat vasitələrindən şəxsi məqsədlərlə istifadə etmək qadağan olunur, həmçinin müəyyən qiymətli kağızlardan gəlir əldə etmələri və kənar fəaliyyətlərlə məşğul olmaları məhdudlaşdırılır. Layihədə maraqlar toqquşması yaranan hallarda vəzifəli şəxsin qərarvermə prosesindən kənarlaşdırılması, aktivlərin özgəninkiləşdirilməsi və ya vəzifəsindən azad olunması kimi tədbirlər nəzərdə tutulur. Qanun layihəsi qəbul olunacağı təqdirdə dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək. Xatırladaq ki, qısa müddət öncə Milli Məclisdə, demək olar eyni məqsəd daşıdığı ehtimal edilən "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" adlı yeni bir qanun layihəsi də plenar iclasa tövsiyə olunub.
Eyni mahiyyət daşıyan və məqsədləri aydın olan qanunların qəbulu zəruridirmi?
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirdi ki, “Maraqların toqquşması” beynəlxalq təcrübədə etik norma və etik davranış prinsipi hesab olunur: 
- Beynəlxalq təşkilatlarda və beynəlxalq müstəvidə bunun ayrıca qanunla tənzimlənməsinə ehtiyac olub-olmaması məsələsi isə müzakirə mövzusudur. Lakin mənim şəxsi qənaətimə görə, bu qanun daha çox formal, dekorativ xarakter daşıya bilər. Nə üçün? Çünki maraqlar toqquşmasından müxtəlif yollarla və formal üsullarla yayınmaq mümkündür. Burada söhbət nədən gedir? Müxtəlif əməliyyatlarda və biznes fəaliyyətində dövlət qurumlarında çalışan şəxslərin, deputatların, onların yaxın qohumlarının müvafiq layihələrə və dövlət proqramlarına cəlb olunmasının qarşısının alınmasından. Ailə üzvləri vasitəsilə hansısa idarəetmə sistemini nəzarətə götürmək, bu kimi hallar da maraqlar toqquşmasına aid məsələlərdir. Məsələn, əvvəllər biz bir sıra beynəlxalq layihələr həyata keçirirdik. Həmin layihələrin ən fundamental prinsiplərindən biri məhz maraqlar toqquşmasının qarşısının alınması idi. Belə ki, layihələrimizə yaxın ailə üzvlərimizi – həyat yoldaşlarımızı, qohumlarımızı, oğul və qız övladlarımızı cəlb edə bilməzdik. Xüsusilə də mühasibatlıq işlərinə və birbaşa maliyyə məsələləri ilə bağlı fəaliyyətə onların cəlb olunmasına yol verilmirdi. İndi isə qanunvericilikdə yaxın qohumların dairəsi müəyyən edilir və bu dairədən kənarda qalan şəxslər istisna olunur. Nəticədə həmin şəxslər dostlarının övladlarını, yaxınlarını və digər tanışlarını istədikləri layihələrə cəlb edə bilərlər. Üstəlik, bunu edərkən formal olaraq maraqlar toqquşmasının baş vermədiyini də iddia edə bilərlər. Yəni maraqlar toqquşmasından yayınmağın çoxsaylı üsulları var. İstəyən şəxs bu məhdudiyyətləri müxtəlif yollarla keçə bilər. Mənə elə gəlir ki, maraqlar toqquşması məsələsini bütün dövlət qurumlarının, müəssisələrin və biznes strukturlarının diqqətinə çatdırmaq, bunu ümumi etik norma kimi qəbul etdirmək vacibdir. Lakin bu normanın icrasına necə nəzarət olunacağı və onun hansı nəticələr verəcəyi barədə indidən konkret fikir söyləmək çətindir. Bu, bir növ jurnalistlərin peşə etikası kodeksinə bənzəyir. Media, jurnalistlər obyektiv olmalı, şəxsi qərəz daşıyan materiallar yayımlamamalı, kimsənin şərəf və ləyaqətini təhqir etməməli və sair bu kimi bır sıra peşəyə yönəlik tələblər var. Amma bütün hallarda biz bunu görürükmü? Xeyr. Vəzifədən sui-istifadə etməmək, tenderə çıxarılan iri layihələri dost-tanışa tapşırmamaq, öz yaxın çevrəni qalib elan etməmək şərəf və ləyaqət işidir. Buna qanun neyləsin?!.
İ.Hüseynli qeyd etdi ki, ümumilikdə, bu təşəbbüsün müsbət tərəfləri var. Maraqlar toqquşmasının qarşısının alınması dövlət qurumlarında baş verə biləcək qanunsuz mənimsəmə hallarının və digər sui-istifadə hallarının aradan qaldırılması baxımından əhəmiyyətlidir:
- Ancaq bunun ölkəmizdə nə dərəcədə effektiv olacağını zaman göstərəcək. Hər halda, qanun qəbul olunsun, tətbiqinə baxaq və nəticələrinin necə olacağını görək.