Millət Laçın yolunda ekoloji terrora qarşı mübarizə aparır
"Yol açıqdır, mülki avtomobillər, humanitar yüklər maneəsiz keçə bilər"
Eko-fəallar və QHT təmsilçilərinin Şuşa-Xankəndi yolunda "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına yönəlik etiraz aksiyası davam etməkdədir. Aksiya iştirakçılarının sayı günbəgün artmaqdadır. Dünən əraziyə böyük Azərbaycan Bayrağı da gətirilib. Etirazçılar davamlı olaraq tələb edirlər ki, təbii sərvətlərin qanunsuz istismarı və daşınmasına son qoyulsun. Rusiya sülhməramlıları buna nəzarət etmədiyi üçün onların olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilsin. Aksiya iştirakçıları, həmçinin “Ekoloji terrora son!”, “Mina terroruna son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” şüarları səsləndiriblər. Həmçinin Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb ediblər.
"Hətta çadırlarımız belə yolun kənarındadır"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Məhsəti Hüseynova deyib ki, aksiyanın məqsədi ekoloji terrorun, qızıl, mis yataqlarının qanunsuz istismarının aradan qaldırılması, bizim ekoloqların orada monitorinq aparmasına imkan yaradılmasıdır. M.Hüseynova aksiya iştirakçılarının Laçın yolunu bağlaması barədə səsləndirilən ittihamları rədd edib: “Bizim humanitar dəhliz adlandırılan Laçın yolunu bağladığımızı iddia edirlər. Lakin bu ittihamlar absurddur. Yol tamamilə açıqdır. Hətta çadırlarımız belə yolun kənarındadır. Rusiya sülhməramlıları isə yolda modul tipli yataqxanalar, konteynerlər quraşdırıb, yolu dəmir arakəsmələr, zirehli maşınlar, canlı qüvvə ilə kəsiblər. Dəhliz Rusiya sülhməramlı kontingenti tərəfindən bağlanılıb. Onlar görüntülər çəkərək, guya bizim dəhlizi bağladığımızı yalandan tirajlayırlar. Bu, tamamilə yanlışdır. Biz hətta KİV və sosial şəbəkələr vasitəsilə müraciət edərək mesajlarımızı çatdırmışıq. Qeyd etmişik ki, Xankəndidə yaşayan erməni əhalinin mülki avtomobilləri, humanitar yüklər, təcili tibbi yardım maşınları buradan heç bir maneəsiz, rahat keçə bilər. Onlara yol verməyə hazırıq. Bu səbəbdən yalan-yanlış məlumatlar yaymasınlar. Bizim aksiyamız siyasi məqsəd daşımır. Biz, sadəcə, Azərbaycana məxsus təbii sərvətlərimizi qorumaq, onların talanmasının qarşısını almaq, ərazidə monitorinq aparmaq istəyirik". O deyib ki, işğaldan azad olunan digər ərazilərdə də monitorinqlər keçiriblər: "Lakin sözügedən yataqlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarət ərazisində yerləşdiyindən biz onların komandanı general Volkovla görüşmək istəyirik. Volkov isə bu qədər insana, özünə və vəzifəsinə hörmət qoymur".
"Mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırıq"
Ekofəal Nəzrin Əzizli də deyib ki, dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırıq. Artıq aksiya iştirakçılarının nömrələri internetdə yerləşdirilib: "Kiminsə ağır xəstəsi, təcili yardımla bağlı problemi varsa, müraciət edə bilər. Ancaq neçə gündür, ekofəallar bunun üçün öz köməkliklərini təklif etsələr də, əlaqə vasitələrini internetlə yaysalar da, müraciət edən olmayıb". Aksiya iştirakçısı deyib ki, aksiyanın tək məqsədi torpaqlarımızda qanunsuz istismarın qarşısının alınmasıdır.
“Sülhməramlı kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, aksiya iştirakçısı Samir Adıgözəlli deyib ki, Azərbaycanın haqlı, obyektiv çağırışına Rusiya sülhməramlıları tərəfindən laqeyd yanaşılıb: “Biz bu gün öz ərazimizdəyik, öz etirazımızı sivil və əliyalın şəkildə bildiririk. Ancaq təəssüflər olsun ki, Rusiya sülhməramlıları dinc insanların qarşısına ağır hərbi texnikalarla çıxıblar. 30 il ərzində Ermənistan Azərbaycan ərazilərində ekoloji terror törədiblər. Biz QHT olaraq bu məsələnin beynəlxalq təşkilatların müzakirəsinə çıxarılması ilə bağlı bəyanat üzərində işləyirik. Hesab edirəm ki, məsələ beynəlxalq ictimaiyyətin gündəminə gətirilməlidir. Rusiya sülhməramlıları sanki ermənilərə yardımçı və dəstəkçi missiyasını göstərirlər. Onlar mandatına uyğun fəaliyyət göstərmirlər. Biz Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik. Əks təqdirdə, bizim aksiyalarımız davam edəcək”.
"Bizim məqsədimiz sülhə nail olmaqdır"
“Ekosfera” Sosial-Ekologiya Mərkəzinin əməkdaşı Jalə İsmayılova da deyib ki, hədəflər dəyişməzdir: "Ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarının monitorinqinin keçirilməsini və onların talan edilməsinin qarşısının alınmasını tələb edirik. Bizim məqsədimiz sülhə nail olmaqdır. Lakin təəssüflər olsun ki, Ermənistan mediasında Azərbaycanın guya bu yolu bağlaması və bununla da yaşayış məntəqələrində vəziyyəti mürəkkəbləşdirməsi kimi yalan məlumat yayılır. Biz təcili yardım maşınlarının və mülki avtomobillərin buradan keçməsinə kömək etməyə hazırıq. Sosial şəbəkələrdə biz bəzi ekofəalların əlaqə nömrələrini qeyd etmişik ki, kömək almaq məqsədilə bizimlə ünsiyyət qura bilsinlər. Lakin indiyədək heç bir müraciət daxil olmayıb”.
"Aksiya iştirakçıları Rusiya sülhməramlılarından yolun açılmasını tələb edirlər"
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müharibə başa çatdıqdan sonra Azərbaycan tərəfi heç bir halda hansısa yolun bağlanması istiqamətində hər hansı addım atmayıb. Tam əksinə, Azərbaycan münaqişə başa çatdıqdan dörd gün sonra Laçın yolunu Rusiya sülhməramlılarının nəzarətinə verməklə, Ermənistanın Qarabağla əlaqəsinin təmin olunması üçün şərait yaradıb: "Hazırda keçirilən aksiya yolun bağlanması deyil, əksinə, onun açılması və Azərbaycanın dövlət qurumlarının və ekofəalların təbii sərvətlərimizin talan olunmasının qarşısını almaq, həmin yataqlarda monitorinqlərin həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Bu barədə Azərbaycan tərəfində rəsmilər kifayət qədər aydın və şəffaf bəyanatlarla çıxış ediblər. Azərbaycan tərəfi paralel olaraq Laçın yolu ilə yanaşı, Naxçıvana da Azərbaycanın ikitərəfli və maneəsiz əlaqəsini tələb etmək hüququna malikdir. Əfsuslar olsun ki, qalib tərəf olaraq biz üzərimizə düşən öhdəlikləri yerinə yetirsək də, məğlub və darmadağın olan Ermənistan hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Başqa sözlə desək, Laçın yolunun hazırda bağlı olması Azərbaycan tərəfindən qaynaqlanmır, görüntülərdən də məlum olduğu kimi, yolu Rusiya sülhməramlıları bağlayıblar. Bu yolun bağlanması üçün beton bloklardan və zirehli vasitələrdən istifadə olunub".
"Kifayət qədər aydın, həm də dinc və haqlı tələbdir"
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə bildirib ki, aksiyanın əsas məqsədi Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə separatçı ermənilər tərəfindən qanunsuz olaraq istismar edilən faydalı qazıntı yataqlarında ekoloji monitorinqə şərait yaradılmasına nail olmaqdır. Partiya rəhbərinin sözlərinə görə, bu, kifayət qədər aydın və həm də dinc tələbdir, haqlı tələbdir:
"Bu tələbdə nə mülki ermənilərə qarşı aqressiya, nə də ki sülhməramlılara qarşı hər hansı bir təhdid, təxribat cəhdi yoxdur. Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələrimiz öz ərazimizdə, Laçın-Xankəndi yolunun Şuşa şəhərinin yaxınlığından keçən hissəsində sadəcə dinc aksiya keçirirlər. Sülhməramlılar isə bu aksiyaya anlayışla yanaşmaq və bizim ictimai fəallarımızın haqlı tələblərini diqqətlə dinləyib adekvat addımlar atmaq əvəzinə, vəziyyəti qəsdən gərginləşdirmək xəttini tuturlar. Rusiya sülhməramlı qüvvələri sözügedən yolu konteynerlərlə, beton maneələrlə bağlamaqla açıq şəkildə təxribata yol verirlər. Onlar Azərbaycanın Xankəndidəki erməniləri guya blokadada saxladığı görüntüsünü yaratmağa çalışırlar. Məqsəd isə həm Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaqdır, həm də rəsmi Bakının bölgədəki mülki ermənilərlə təmaslara başlamasına, həmin ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməsi prosesinə mane olmaqdır".
"Monitorinq qrupumuz maneəsiz olaraq əraziyə buraxılmalıdır"
Ə.Hüseynov vurğulayıb ki, aksiyalar tələblərimiz yerinə yetirilənə qədər davam edəcək: "Monitorinq qrupumuz maneəsiz olaraq əraziyə buraxılmalı və yataqların talan edilməsi, ərazilərimizin ekoloji çirklənməyə məruz qoyulması dərhal dayandırılmalıdır. Rusiya sülhməramlıları isə buna şərait yaratmağa sadəcə və sadəcə borcludur.
Onlar bu haqlı tələblərimizi yerinə yetirmək əvəzinə, məsələni qəsdən başqa müstəviyə keçirməyə, prosesi süni surətdə siyasiləşdirməyə çalışmamalıdırlar. Sülhməramlılar siyasətlə məşğul olmamalı və Rusiyanın ermənipərəst siyasətçilərinin, parlamentarilərinin prosesə müdaxilə etməsinə, onların anti-Azərbaycan xarakterli fikirlər səsləndirməsinə şərait yaratmamalıdırlar.
Ümid edirik ki, aksiya keçirən ekoloqlarımızın, ictimai fəallarımızın haqlı tələblərinə, çağırışlarına sülhməramlıların komandanlığı tərəfindən nəhayət ki, düzgün münasibət sərgilənəcək, ermənilərin ekoloji terroruna son qoyulması üçün monitorinqin aparılmasına qeyd-şərtsiz şərait yaradılacaq".