Moskvaya tələsik səfər:“Paşinyan Putindən xahiş edəcək ki...”

Çoxları elə düşünürdü ki, Ermənistanda Nikol Paşinyan hakimiyyətini bərpa edəcəyi təqdirdə Azərbaycanla münasibətlər yaxşılacaq. Amma görünən bu deyil. Belə ki, sərhədin müxtəlif hissələrində ard-arda təxribatlar törədilir. Qazaxdakı yanğın, Ağdamda, Tovuzda atəşkəsin pozulması və s. kimi təxribatlar ciddi şübhələr yaradır. Məqsəd nədir? Düşmən niyə bilə-bilə özünü intihara sürükləyir?


 Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında bu suallara cavab verdi:

 “Bəli, təxribatlar davam edir. Bunlar ya Paşinyanın nəzarəti ilə həyata keçirilir, ya da ona tabe olmayan qüvvələrin əməlidir. İstənilən halda baş nazir səlahiyyətlərini icra edən siyasətçinin Moskvaya tələm-tələsik səfəri İrəvanın Kremldən asılı olduğunu göstərir. Çox güman, Paşinyan Putindən xahiş edəcək ki, rəsmi Bakı təxribatlara cavab verməsin. Çünki bunun özləri üçün baha başa gələcəyini yaxşı bilir. Lakin biz şimal qonşumuza narahatlığımızı bildirməliyik. Bu dəfə bir hərbçimiz yaralandı. Növbəti provokasiyalarda şəhid versək, daxildə vəziyyət qarışacaq. Odur ki, məsələnin qarşısını birdəfəlik almalıyıq”.