Müharibə zamanı Gürcüstan Azərbaycana xoş davranış sərgilədi
Azərbaycan Orta Asiya ölkələrindən də eyni alicənab hərəkətləri gözləyir
Dövlət başçısı İlham Əliyev 44 günlük müharibədə Ermənistana silah-sursat yardımı edən və buna şərait yaradan ölkələrin adını çəkib. “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edən ölkə rəhbəri vurğulayıb ki, Ermənistan Qarabağdakı müharibəyə Rusiyanı cəlb etmək istəyirdi. Lakin bu, baş tutmadı:
“Ermənistan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öhdəlikləri ilə manipulyasiya etməyə cəhdlər göstərib. 44 günlük Vətən müharibəsi dövründə yük təyyarələri vasitəsilə Rusiyadan Ermənistana müntəzəm olaraq silahlar daşınıb. Biz bu marşrutu izlədik – Rostovdan və Mozdokdan gəlirdi. Biz gürcüstanlı dostlarımıza dedik ki, onlar hava məkanını bağlasınlar və onlar bunu etdilər. Eyni zamanda, onlara dedik ki, Rusiyadan Ermənistana Gürcüstanın quru ərazisindən silah daşınmasının qarşısını alsınlar. Onlar quru yolunu da bağladılar.
Biz Xəzəryanı dövlətlərə məktub göndərdik ki, onlar Rusiya yük təyyarələrinin öz ərazilərindən Ermənistana silah daşınmasına icazə verməsinlər. Bu barədə Qazaxıstan, Türkmənistan və İrana müraciət yollamışdıq. Lakin təəssüflər olsun ki, həmin ərazilərdən silah daşınması üçün istifadə edildi və o silahlar Ermənistana daxil oldu”.
Prezidentin təkrar toxunduğu məsələni “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Həsrət deyib ki, Azərbaycan ictimai rəyi 44 günlük müharibə zamanı Qazaxıstan və Türkmənistanın öz ərazilərindən Ermənistana silah ötürülməsinə şərait yaratmasını təəccüblə qarşılamışdı. Ekspertin sözlərinə görə, əksəriyyət haqlı olaraq bu davranışı dost və qardaş ölkələrin münasibətlərinə zidd addım kimi dəyərləndirmişdi:
“İranla bağlı neqativ məqamlara təəccüblənmirik. Tehranın Ermənistana münasibəti, hərtərəfli yardımları illərdir davam edir. Ermənistan-Azərbaycan münasibətlərində İranın birmənalı şəkildə ermənilərin yanında olması bəllidir. İndiki dönəmdə belə İran Azərbaycanla “dost” görünməyə çalışsa da, üstünlüyü Ermənistana verir. Bizə “din qardaşı” deyirlər, ancaq düşmənə qucaq açırlar. O baxımdan Tehranın yanaşması ciddi anlamda bizi məyus etmir. Amma təəssüflə qeyd edirik ki, Qazaxıstan və Türkmənistan kimi qanı-canı, soyu bir xalqlardan ibarət dövlətlər bunu etməməliydi. Məsələ ondadır ki, Azərbaycandan fərqli olaraq Orta Asiyanın qardaş ölkələri hələ də müstəqil siyasət yürütməkdə acizdir. Azərbaycan Türkiyə ilə birlikdə illərdir çalışır ki, Orta Asiyanın türk ölkələrinin mövqeləri daha da möhkəmlənsin. Rusiya kimi təcavüzkar dövlətin qarşısında duruş gətirmələri üçün imkanlar yaransın. Məhz o səbəbdən Türk Dövlətləri Təşkilatının güclənməsi üçün səy göstəririk. Əlbəttə, anlayırıq ki, Qazaxıstanın və Türkmənistanın erməni silahlarını öz ərazilərindən keçirməsi könüllü olmayıb. Bu, məcburi addım idi. Həmin dövlətlər qərarı özləri verəcək qədər müstəqil deyillər. Azərbaycan qədər sərbəst ola bilmirlər”.
A.Həsrət vurğulayıb ki, Gürcüstan həqiqətən də qafqazlılara xas davranış sərgilədi:
“Hətta Rusiyadan Ermənistana “humanitar yardım” adı altında silah-sursat göndərilməsi belə gürcü hökuməti tərəfindən aşkarlandı və qarşısı alındı. Orta Asiya ölkələrindən də bu cür alicənab hərəkətlər gözləyirdik. Cənab Prezidentin məhz indiki məqamda bunu dilə gətirməsi təsadüfi deyil. Qardaş dövlətlər arasında neqativ hallar əsla olmamalıdır. Ümid edirik, hər iki ölkənin rəhbərliyi bu mesajı diqqətə alacaq və belə halların təkrarlanmaması, qardaşlıq münasibətlərinin zədələnməməsi üçün çalışacaqlar. Ən əsası isə Ermənistanla eyni səfdə dayanmayacaqlar. Bu, dövlət başçısı İlham Əliyevin iki türk respublikasına qardaş nəsihətidir. Niyyətimiz qardaş ölkələri suçlamaq deyil. Amma “uman yerdən küsərlər”. Məqsədimiz odur ki, bundan sonra dost və qardaş türk dövlətləri bir-birini üzəcək, məyus edəcək əməllərdən uzaq olsunlar”.
Politoloq Natiq Miri deyib ki, bəzi həqiqətlərin zaman-zaman dilə gətirilməsinə ehtiyac var. Ekspert bildirib ki, münasibətlər sistemində bütün ölkələri tərəzinin eyni gözünə qoymaq olmaz:
“44 günlük Vətən müharibəsində kimlərin yanımızda, daha doğrusu, haqq-ədalətin yanında olduğunu gördük. Əlbəttə, bunu unutmamalı və yeri gəldiyində dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bilinməlidir ki, qonşu və regional dövlətlər, xüsusən türk respublikaları Ermənistanla haqq savaşında hansı mövqedə dayanıblar. Rusiyanın hər vəchlə, müharibənin son gününə kimi Ermənistanı silahlandırması və müxtəlif yollarla hərbi texnikalar göndərməsi ermənilərin işinə yaramadı. Prezident dolayı yolla bəyan edir ki, Azərbaycan təkcə Ermənistanı deyil, həm də Rusiyanın hərb maşınını məhv edib. Ermənistanda Rusiyanın havadan müdafiə sistemlərindən tutmuş raket sistemlərinə qədər hər cür silah var idi. Buna rəğmən, ermənilərin işğalçı ordusu darmadağın edildi və təslim olmağa məcbur oldu”.
N.Miri dövlət başçısının türk ölkələrinə mesajını da şərh edib:
“Türk dövlətlərinə verilən mesaj bundan ibarətdir ki, Rusiya xofunu tədricən üzərlərindən atmaq lazımdır. Ortada Ukrayna nümunəsi var. Qorxaq mövqe ilə qardaş türk ölkəsini rus və ermənilərin ayağına vermək, öz ərazisindən Ermənistana silah ötürülməsinə imkan yaratmaq milli kimliyə xəyanətdir. Ölkə başçısının mesajı təkcə beynəlxalq tədbir iştirakçılarına deyildi. Həmçinin, türk toplumlarına ünvanlanmış mesaj idi. Həqiqətlərin dilə gətirilməsinin tərəfdarıyam və bunun doğru addım olduğunu düşünürəm. Hər kəs bundan öz payını götürməlidir”.