Naxçıvanın status məsələsinə heç kimin şübhəsi yoxdur

Azərbaycanda erməni təbliğatına və erməni dəyirmanına su tökən qruplar var

  Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İlk olaraq 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edilib. Bəyanatı deputat Ramil Həsən oxuyub. Bəyanatda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər Azərbaycan tarixinin müstəsna səhifələrindən biridir. Son 200 ilə yaxın dövrdə Ermənilərin həyata keçirdiyi etnik təmizləməyə birdəfəlik son qoyulması Azərbaycan tarixində yeni mərhələnin başlanmasına şərait yaradıb: 

"Təəssüf ki, böyük Zəfərə gedən yol xalqımıza böyük itkilər hesabına başa gəlib. 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və məcburi köçkünlük yaşamağa məcbur olub. I Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın soydaşımızın taleyi hələ də məlum deyil. İşğal olunmuş ərazilərdə erməni vandalları bütün şəhər və kəndlərimizi dağıdıb. İşğal dövründə mədəniyyət abidələrimiz məhv edilib. Azad edilmiş ərazilərdə Ermənistanın mina terroru hələ də davam edir. Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməzdi və qıra da bilmədi. Xalqımızı qalib xalqa çevirən bu Şanlı Zəfər etibarlı siyasi rəhbərlik fenomenidir". 

Həmçinin, bəyanatda vurğulanıb ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək Azərbaycanı dövrünün ən qüdrətli dövlətinə çevirib: "Yenilməz döyüş əzmi və yüksək peşəkarlıq sayəsində Şuşanı, digər şəhər və kəndlərimiz düşməndən təmizlənib. Daxili və xarici siyasətimiz xalqın maraqları və tələbatı üzərinə qurulub. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında olan münaqişəyə son qoyub. Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri görülür, infrastruktur yaradılır, yollar, körpülər, tunellər çəkilir, Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür. Bütün bunlar Azərbaycanın daha da güclənməsini təmin edəcək. Milli Məclis Ermənistan tərəfini yaranmış tarixi fürsəti düzgün dəyərləndirməyə çağırır. Milli Məclis hesab edir ki, Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh danışıqları prosesində yerinə yetiriləcək addımlar sülh sazişinin imzalanmasına kömək göstərəcək”. Sonra Zəfər Günü ilə bağlı Milli Məclis tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Müzakirələrdən sonra bəyanat qəbul edilib.

"Qarabağ öz tarixi dövrünü yaşayır"

  Milli Məclis sədri Sahibə Qafarova deyib ki, bu gün Qarabağ və Şərqi-Zəngəzur özünün yeni dövrünü yaşayır. Məcburi köçkünlər öz torpaqlarına qayıdır. Onun sözlərinə görə, Azərbaycanın qazandığı qələbə tarixə düşüb: “Cənab Prezident və hörmətli birinci xanım vaxtaşırı həmin torpaqlara səfər edir. Eyni zamanda Azərbaycan tərəfindən sülh müqaviləsi üçün şərait yaradılıb. Əgər Ermənistan üzərinə götürdüyü öhdəliklərini yerinə yetirərsə, yaxın zamanda sülh müqaviləsi bağlana bilər. Bərpa işləri görür, yeni hava limanları tikilir”.

"Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinə zəmanət verilib"

  Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda erməni təbliğatına və erməni dəyirmanına su tökən qruplar var. Deputat bildirib ki, bu gün bəzi şəxslər Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması məsələsini ortaya atıb: “Bu gün Prezident Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi üçün iş apardığı bir vaxtda belə mövzunun müzakirəsinin yeridir? Bunu edənlər erməni dəyirmanına su tökənlərdir. Buna qarşı kəskin mövqe ortaya qoymalıyıq. Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinə zəmanət verilib. O vaxt Zəngəzur dəhlizi Ermənistana veriləndə Naxçıvan Azərbaycandan ayrı düşüb. Dünyada Naxçıvan kimi statusa malik çox az yer var. Naxçıvanın statusunun ləğv edilməsinin qarşısı Ümummilli lider tərəfindən alınıb. Həmin dövrdə AXC-Müsavat cütlüyü Naxçıvanın statusunu ləğv etmək istəyirdi, Ümummilli lider qoymadı. İndi də onların tör-töküntüləri bu məsələni ortaya atıb. Bunun üçün birincisi, referendum çağırılmalıdır. Naxçıvan Muxtar Respublikasına qarşı aparılan təxribat xarakterli müzakirələrə son qoyulsun, suyu bulandırmasınlar”. 

"Mediada çox şey yazıla bilər"

  Sədr Sahibə Qafarova isə bildirib ki, mediada çox şey yazıla bilər: “Naxçıvan Muxtar Respublikasının statusu məsələsinə heç kimin şübhəsi yoxdur”. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov də deyib ki, Naxçıvan Muxtar Respublikası ilə bağlı qeyd olunan məsələ heç bir hüquqi əsasa malik deyil.

"Tələbənin kəsrə görə pul ödəməsi rüşvətin rəsmiləşmiş formasıdır"

  Deputat Siyavuş Novruzov təhsil problemləri ilə bağlı da danışıb. Deyib ki, tələbənin kəsrə görə pul ödəməsi rüşvətin rəsmiləşmiş formasıdır: "Zərurət olanların köçürülməsinin qarşısını almaq olmaz. Məsələn, Naxçıvanda yaşayan əhalinin belə problemləri olur. Köçürmələrlə bağlı problemlər burada səsləndirildi. Hamımıza aydındır ki, əvvəllər Dağıstandan, Gürcüstandan köçürmələr çox idi. Bunun nə məqsədlə olduğunu bilirik. Əlbəttə, Harvard Universitetindən köçürmələr yox idi ki?!”. S.Novruzov qiyabi və axşam təhsili məsələsinin bərpasına ehtiyac olduğunu bildirib: "Axşam təhsili olsa, tələbələr həm işləyib, həm təhsil ala bilərlər. Tələbələr üçün kampuslar yoxdur. Tələbələr məcbur olub kirayədə qalırlar. Bir çox universitetlər kəsrləri pulluya keçirib. Bu, elə rüşvətin rəsmiləşmiş formasıdır. Əvvəllər müəllim pul alıb qiymət yazırdı. İndi kəsrə görə pul verilir, dərsdə oturur. Tələbə onsuz da təhsil haqqı ödəyir. Valideyn də verdiyi pulun hesabatını istəyəndə ona cavab verilmir. Əgər bir tələbənin 6 kəsri varsa, elə təhsil haqqının yarısı miqdarında kəsrə pul ödəməli olur. Digər tərəfdən, tələbə təqaüdləri artırılmalıdır və minimum yaşayış həddinə çatdırılmalıdır”.

“Rəqabət yaradılmasa, hər manatdan səmərəli istifadə edə bilməyəcəyik”

  Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib ki, "Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunun mahiyyətində maraqların konflikti durur. Deputat bildirib ki, 30 il işğal altında olan əraziləri düşmən tapdağından azad etməyimiz bu cür qanunların qəbulunun əhəmiyyətini xüsusilə artırır: “Bir vaxtlar Azərbaycana qoyulan sərmayələrin 80 faizə qədəri xarici sərmayələr idi. Amma 2021-ci ildə bu göstərici 27 faizdir. 2026-ci ildə isə xarici sərmayələrin 22 faizə enməsi proqnozlaşdırılır. Ona görə də bu kimi qanunların xarici sərmayələrin cəlbinə nə qədər təkan verəcəyi aydınlaşdırılmalıdır. Kiçik, orta bizneslərlə bağlı qanunun qəbul edilməsini alqışlayıram. Amma bu kimi qanunların işləməsi üçün əlverişli rəqabət mühiti yaradılmalıdır. Ona görə də Rəqabət Məcəlləsinin qəbulu üçün məqsədyönlü addımların atılmasını sürətləndirməliyik. Azərbaycana xarici sərmayənin cəlbediciliyini artırmaq üçün buna getməliyik. Bu qanun işləsə, bütün Azərbaycanı azad iqtisadi zonaya çevirə bilərik. Amma qanun işləməsə, hamı üçün rəqabət yaradılmasa, hər manatdan səmərəli istifadəni təmin edə bilməyəcəyik. Bu qanun bütövlükdə Azərbaycanda, o cümlədən azad olunmuş ərazilərdə mühüm layihələrin həyata keçirilməsinə şərait yarada bilər”.

"Narahatlıq doğuran məsələlərdən biri də universitetlərdə maaşların fərqli olmasıdır"

  Deputat Ceyhun Məmmədov deyib ki, parlamentdə ali məktəblərdə müəllimlərin maaşının artırılması təklif edilib: "İllər öncə bizim təhsilimizdə ən çox əziyyət çəkdiyimiz məsələ köçürmə ilə bağlı idi”. Deputat bildirib ki, hətta xaricdə təhsil alanları köçürməkdə maraqlı olan bəzi universitetlər var idi: 

“Ona görə də öncəki illərdə kütləvi köçürmələr baş verirdi". C.Məmmədov qeyd edib ki, bu gün təhsildə narahatlıq doğuran məsələlərdən biri də universitetlərdə maaşların fərqli olmasıdır: "Bu gün qiymət artımına da baxanda müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atmalıyıq. Eyni zamanda təqaüdlərin artırılması da diqqət mərkəzində olmalıdır. Bu gün kişilər təhsil sahəsində fəaliyyət göstərmirlər. 

O baxımdan burada həm tələbələrin təqaüdünün artırılması, həm də müəllimlərin maaşının artırılması məsələsi müzakirə edilməlidir”.