“Nuru Paşa Gəncədə hərbi məktəb yaratdı, bununla da ordumuz...” - Detallar

Sabah Azərbaycanda milli ordu günü kimi qeyd ediləcək. Biz hər il iyunun 26-da silahlı qüvvələrimizə dərin ehtiram hissi ilə “Sağ ol!” deyirik. Bu il isə daha əlamətdardır. Çünki otuz ildir həsrət qaldığımız Qarabağ, nəhayət, azad olundu, torpaq bütövlüyümüz təmin edildi.

 Düzdür, sonralar dəfələrlə komplektləşdirilsə də, müasirləşdirilsə də Azərbaycan milli ordusunun əsası 1918-ci ildə qoyulub. Yəni Azərbaycan Xalq Cümhuriyyəti dövründə. BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu həmin tarixi hadisə barədə “Sherg.az”a danışdı: 
“AXC yaradılandan sonra görülən ən mühüm işlərdən biri məhz milli ordunun yaradılması idi.

Bu işdə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın xüsusi xidmətləri olub. O vaxt Nuru Paşa iyunun 4-də imzalanan Batum müqaviləsinə uyğun olaraq Bakıya dəvət edilmişdi. Hərbi nazir vəzifəsi Nuru Paşaya verildikdən sonra çox ciddi addımlar atıldı. Çünki o, peşəkar hərbçi idi.

Nəyi necə etmək gərəkdiyini yaxşı bilirdi. Verilən əmrə uyğun olaraq 1894-1897-ci il təvəllüdlülər orduya çağırıldı. Amma proses uğursuz keçdi. Çünk çar Rusiyası dövründə azərbaycanlılar hərbi xidmətə cəlb edilmirdilər.

Odur ki, Nuru Paşa sərt tədbirlər gördü. Gəncədə peşəkar kadrlar hazırlayan hərbi məktəb yaradıldı. Qafqaz İslam Ordusunun tərkibində Azərbaycan milli qüvvələrinin döyüşən ordusu formalaşdırıldı. Atılan addımlar cəmi 1-2 il sonra nəticə verdi. Bakı azad edildi və burada hərbi məktəb açıldı. Eyni zamanda, Qarabağda ciddi hərbi əməliyyatlar keçirildi”.

N.Yaqublu, həmçinin milli ordumuzun formalaşmasında xidmətləri olan digər şəxsiyyətləri də xatırladı:

 “O vaxtkı baş nazir Fətəli xan Xoyskinin də bu işlərdə mühüm töhfəsi olub. Çünki o, həm də hərbi nazir vəzifəsini icra edirdi. III hökumət kabinəsində Səməd bəy Mehmandarov hərbi nazir oldu.

Onun əmri ilə Şuşada əsgəri geyimlər istehsal edən fabrik yaradıldı. Baş qərargah rəisi, əslən polyak Süleyman bəy Sulkeviç də ordumuzun formalaşmasına töhfələr verib.

1919-cu ilin iyununda Xankəndidə də ilk hərbi parad keçirildi. Onu da deyim ki, milli ordumuza birinci şeiri Əhməd Cavad  yazıb. Silahlı qüvvələrimizi tərənnüm edən ilk şairə isə Xədicə xanım idi. Fürsətdən istifadə edib milli ordu günü münasibətilə bütün xalqımızı təbrik edirəm.

Şübhəsiz ki, 44 günlük müharibədəki qələbəmizdə 1918-ci ildən formalaşan ordunun, ənənələrin müstəsna əhəmiyyəti var”.