Orta dəhlizdə mübarizə kəskinləşir: Aİ Kipr tələsi ilə Türkiyə-Mərkəzi Asiya xəttində çatlar yaradır

“Bununla təkcə Orta dəhlizdə mövqeyi gücləndirmir, həm də Ankaranı öz planına razı salmağı planlaşdırır”
Siyasi gündəmdə diqqətçəkən məqamlardan biri də odur ki, bugünlərdə Türkiyədə keçirilən 4-cü Antalya Diplomatiya Forumunda Orta Asiyanın dörd türk dövləti - Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan iştirak etməyib. Ekspertlərin fikrincə, Cənubi Kiprdə səfirlik açan bu ölkələrə Ankaradan məqsədli şəkildə dəvət getməyib. Çünki adıçəkilən ölkələrin yunan Kiprində səfirlik açması Türkiyə və Azərbaycan ictimaiyyətində birmənalı qaşılanmayıb və müəyyən suallara səbəb olub. Qeyd edək ki, Avropa İttifaqı bu ölkələrə ümumilikdə 12 milyard avro vəsait ayırıb. Bu vəsait Orta Dəhliz layihəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Lakin diplomatik ritorika göstərir ki, bu, sırf iqtisadi layihə yox, siyasi qarşılığı olan investisiyadır. Orta Dəhliz-  Çin, Orta Asiya, Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya gedən alternativ ticarət marşrutudur. Bu marşrut yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan Türk dünyasının gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarının birgə işlədiyi bu layihə, həm Çinə, həm də Avropaya alternativ bir əlaqə təqdim edir. Bu dəhliz uğurla reallaşarsa, türk dövlətləri arasında real iqtisadi və siyasi inteqrasiyanın təməl daşına çevrilə bilər.
Siyasi şərhçi Asif Nərimanlı da "Sherg.az"a bildirib ki, Avropa İttifaqı-Mərkəzi Asiya ölkələrinin Səmərqənd sammiti türk dünyasının qarşıdurması kimi görünsə də, əslində, baş verənləri Orta dəhlizdə davam edən mübarizənin tərkib hissəsi adlandırmaq daha doğru olardı. Ekspertə görə, üzərində fokuslanan Kipr məsələsi isə bu mübarizədə Aİ tərəfindən tələ kimi istifadə olunur:
 "Türk dövlətlərinin yunan Kiprində səfirlik açması və bu qətnaməni dəstəkləməsi iki mənfi perspektiv yaradır. Birincisi, Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyini Türk Dövlətləri Təşkilatında tanıtmaq istiqamətindəki səylərinə ziyan vurur. İkincisi isə TDT-də birliyin perspektivləri zərər görür, türk dünyasındakı dərin inteqrasiya planları zəifləyir. Dörd türk dövlətinin yunan Kiprinə dəstək verərək, Aİ ilə münsibətləri gücləndirmək və ŞKTC-ni dəstəkləmək qarşılığında balans yaratmaq niyyəti istisna edilməməlidir. Hərçənd, Aİ-nin planları fonunda Kipr məsələsi Türkiyəyə, ümumilikdə TDT-yə qarşı tələyə çevrilir. Brüsselin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda Kipr amilindən istifadə etməsi Orta dəhlizdə möhkəmlənmək məqsədilə məhz TDT-də fikir ayrılığını yaratmağa hesablanıb. Bu planda faktiki iştirakçıya çevrilən Mərkəzi Asiya ölkələri üçün Brüssellə əlaqələr Avropa bazarına çıxış əldə etməklə yanaşı, xarici investisiyaları cəlb etmək, həm də Rusiya və Çinlə münasibətlərdə alternativ güc mərkəzi tapmaq baxımından önəmlidir. Avropa İttifaqı üçün Mərkəzi Asiyanın önəmi isə daha böyükdür, xüsusilə Tramp Amerikasının mövcud siyasəti fonunda". 
Analitikə görə, Brüssel Orta dəhlizin Mərkəzi Asiya habında güclənməklə geosiyasi mövqelərini saxlamağa çalışır:
 "Bununla Orta dəhlizdə ABŞ-Çin rəqabətinin həlledici amilinə çevrilməyə, Türkiyənin TDT üzərindən bu dəhlizi nəzarətə götürməyinə və Türkiyə üzərindən Aİ-nin rəqiblərinin dəhlizdə güclənməsinə mane olmağa çalışırlar. Əks halda, Brüsselin Pekinlə birbaşa əlaqə xətti digər oyunçuların təsirinə düşəcək və Aİ-nin geosiyasi proseslərdə rolu rəqiblərinin icazə verdiyi qədər olacaq. Orta dəhlizin əsas hab mərkəzlərindən olan Azərbaycan və Türkiyənin Aİ ilə toqquşması təkcə Mərkəzi Asiyaya nəzarət uğrunda deyil, Cənubi Qafqazda kommunikasiyanın açılması üzərində də yaranır. Bakı-Ankara Çin-Avropa marşrutuna Zəngəzur dəhlizini daxil etmək istəyir. Aİ Ermənistanı tranzitə çevirməyin tərəfdarıdır. Ursula fon der Lyayenin Səmərqənddə “Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılması oyunu dəyişdirəcək” sözləri də bundan qaynaqlanırdı. Aİ Kipr tələsi ilə Türkiyə-Mərkəzi Asiya xəttində çatlar yaradaraq, təkcə Orta dəhlizdə mövqeyi gücləndirmir, həm də Ankaranı öz planına razı salmağı planlaşdırır. Bakı və Ankaranın əks-həmlələri tükənməyib. Türk coğrafiyasında parçalanmanın dərinləşməsinə imkan verilməyəcək. Hazırda Kipr məsələsinə görə tənqid olunan dörd türk dövləti ilə təmasların sıxlaşdırılacağı istisna deyil. TDT-nin Bakıda keçiriləcək rəsmi sammiti problemlərin aradan qaldırılması platforması ola bilər. Beləliklə, Orta dəhlizdə mübarizə daha açıq və kəskin mərhələyə keçir".