Özbəkistanın Paşinyana təklifi əlverişli və faydalı təklifdir - POLİTOLOQ

  • “Zəngəzur dəhlizi Özbəkistanın da beynəlxalq nəqliyyat marşrutlarına çıxışını genişləndirəcək”

Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat dəhlizinin inkişafını təklif edib. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.

Mirziyoyev Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən logistika və nəqliyyat dəhlizlərinin inkişafı ilə regionlararası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Tərəflər həmçinin Özbəkistan-Ermənistan münasibətlərinin, xüsusilə ticarət-iqtisadi və investisiya sahələrində inkişafını müzakirə ediblər.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Ermənistan marşrutu üzrə yükdaşımalar üçün yeni istiqamət işə salınıb.

Politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, Özbəkistan rəhbərliyi müxtəlif səviyyələrdə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu bəyan edib. Onun sözlərinə görə, Özbəkistan üçün Zəngəzur dəhlizinin, eləcə də onun TRIPP komponentinin fəaliyyətə başlaması mühüm əhəmiyyət daşıyır:

“Bu marşrutun fəaliyyətə başlaması təkcə Azərbaycan və Ermənistan üçün deyil, digər ölkələr, xüsusilə də Mərkəzi Asiya dövlətləri üçün də müsbət nəticələr verə bilər. Bunu asanlıqla izah etmək olar. Son illərdə həm şimal, həm də cənub istiqamətlərində müharibələrin və gərginliyin artması fonunda Orta Dəhlizin əhəmiyyəti daha da yüksəlib. Bu marşrut təkcə Mərkəzi Asiya üçün deyil, Çin və Avropa ölkələri üçün də ildən-ilə əhəmiyyətini artıran mühüm logistika istiqamətinə çevrilir. Belə bir şəraitdə müxtəlif ölkələrin Orta Dəhlizin ayrı-ayrı hissələrinə maraq göstərməsi təsadüfi deyil. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması isə Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan üçün yeni imkanlar yarada bilər. Özbəkistanın yükləri Xəzər dənizi və Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, eləcə də Yaxın Şərq ölkələrinə daha əlverişli şəkildə çatdırıla bilər. Bu baxımdan Zəngəzur dəhlizi Özbəkistanın beynəlxalq nəqliyyat marşrutlarına çıxış imkanlarının genişlənməsində mühüm rol oynaya bilər”.

İ. Vəlizadə qeyd edib ki, bu regionu nəzərə alsaq, söhbət Şərqi Aralıq dənizi və Şimali Afrikaya qədər uzanan geniş yol-nəqliyyat infrastrukturundan gedir:

“Bu imkanlardan yararlanmaqla Özbəkistan kimi ölkələr, xüsusilə də Özbəkistan öz məhsullarını daha geniş coğrafiyaya çıxara bilər. Bu baxımdan, Ermənistanın baş nazirinə ünvanlanan təklif yalnız siyasi mesaj deyil, eyni zamanda ciddi iqtisadi mahiyyət daşıyır. Ermənistanın özü üçün də bu, kifayət qədər əlverişli və faydalı təklifdir. Düşünürəm ki, Ermənistan rəhbərliyi də bu amili nəzərə alacaq”.