Parlamentari: Rusiya anlayır ki, Azərbaycan ədalətli tələblərindən geri çəkilmək niyyətində deyil

"Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin birgə bəyanatı AZAL Embraer 190 tipli təyyarəsinin qəzası ilə bağlı mühüm diplomatik mərhələ kimi qiymətləndirilə bilər".

Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputat bildirib ki, hadisənin səbəbinin hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti ilə izah olunması və kompensasiya məsələsində razılığa gəlinməsi tərəflərin məsuliyyətli və praqmatik yanaşma sərgilədiyini göstərir:

"Bununla belə, qəzanın 25 dekabr 2024-cü ildə baş verməsinə baxmayaraq, Rusiya tərəfinin reaksiyasının gecikməsi iki ölkə arasında müəyyən gərginliyin yaranmasına səbəb olmuşdu. Hətta 9 oktyabr 2025-ci ildə Düşənbə şəhərində dövlət başçılarının görüşü zamanı Vladimir Putin tərəfindən lazımi tədbirlərin görüləcəyi bildirilsə də, sonrakı mərhələdə müxtəlif dövlət qurumlarının açıqlamaları bu mövqelə tam uyğun gəlməmişdi. Bu isə münasibətlərdə qeyri-müəyyənliyin və gərginliyin davam etməsinə yol açmışdı.Hazırkı birgə bəyanat isə artıq məsələyə aydınlıq gətirir və qəza ilə bağlı bütün prosedurların icra olunacağına dair müəyyən əminlik yaradır. Bu razılaşma həm zərərçəkənlərin hüquqlarının təmin olunması, həm də iki ölkə arasında gərginliyin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır".

Eyni zamanda, deputat qeyd edib ki, bu hadisə bir daha göstərdi ki, belə həssas halların gələcəkdə təkrarlanmaması üçün təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi vacibdir:

"Rusiya tərəfi də artıq anlayır ki, Azərbaycan özünün ədalətli tələblərindən geri çəkilmək niyyətində deyil və məhz bu mövqe iki ölkə arasında etimadın və qonşuluq münasibətlərinin qorunması üçün zəruri addımların atılmasını şərtləndirir. Azərbaycan hər zaman Rusiya ilə münasibətlərə yüksək dəyər verib və irəli sürdüyü tələblər qeyri-adi deyil. Söhbət beynəlxalq konvensiyalarda nəzərdə tutulan prosedurların icrasından gedir. Bu kontekstdə Prezidnet İlham Əliyevin prinsipial və dəyişməz mövqeyi məsələnin ədalətli həllinə, eləcə də Azərbaycanın milli maraqlarına uyğun siyasətin davam etdirilməsinə mühüm zəmin yaradır".