Qarpız bostandan mağazaya gələnədək qiyməti 7 dəfə artır - İqtisadçı

  • "Bu onu göstərir ki faiz tendensiyası gözlənilmir. Halbuki, maksimum qazanc 30% olmalıdır"

Hər nə qədər deyilsə də ki qarpız mövsümü deyil, gözləyin, səbirli olun, kimyəvi dərmanlarla vaxtından tez yetişdirilən qarpız ziyanlıdır, əhalimiz üstü yaşıl zolaqlı, içi qırmızı olan bu meyvəyə tamahını saxlaya bilmir.

Qiymət məsələsinə gəlincə, iqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, qarpız bostandan mağazaya gələnədək qiyməti 7 dəfə artır: 

- Bostanda kilosu 20 qəpik, bazarda “QAZel” arxasında 35-40 qəpik, meyvə mağazasında 80 qəpik, şəbəkə mağazalarında isə 1 manat 40 qəpik. Bostandan nəqliyyatla son istifadəçiyə gəlib çıxana kimi, 20 qəpiklik qarpızın 7 dəfə qiymət dəyişir. Bu nəyi göstərir? Bu onu göstərir ki faiz tendensiyası gözlənilmir. Halbuki, maksimum qazanc 30% olmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Maddə 14) əsasən, bazar qiyməti - müvafiq bazarda eyni (oxşar) mallar (işlər, xidmətlər) üçün tələb və təklif əsasında formalaşan qiymətdir. Vergitutma məqsədləri üçün tərəflərin razılaşdığı qiymət əsas götürülsə də, müəyyən hallarda vergi orqanı vergiləri bazar qiyməti əsasında hesablaya bilər. Barter əməliyyatlar, əlaqəli şəxslər arasında aparılan əməliyyatlar, qiymətlərin bazar qiymətindən xeyli, əsasən 25-30% civarında fərqləndiyi və ya ticarət qaydalarına uyğun olmayan hallarda tətbiq edilir. Vergi qanunvericiliyinə görə, vergi ödəyicisinin eyni məhsul üzrə satış qiymətləri arasında 30 gün ərzində 25 faizdən çox fərq olduqda vergi orqanı araşdırma apara bilər.