Rusiya-Ermənistan münasibətlərini daha da kəskinləşdirəcək - ANALİZ

Paşinyan ABŞ və Fransanın əlinə oynayır
  Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzdində xüsusi idarə yaradılıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan dünən keçirilən hökumətin iclasında bildirib. Baş nazirin sözlərinə əsasən, həmin idarənin funksiyasına ölkə ərazisindən keçən avtomobil yollarının, dəmir yollarının, elektrik xətlərinin, qaz kəmərlərinin, regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək daxildir. Paşinyan onu da əlavə edib ki, idarə demək olar ki, artıq hazırdır və tam heyətlə təmin edilib. "Hraparak" nəşri də yazıb ki, Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır. Üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi. 
  Siyasi şərhçi Tural İrfan Sherg.az-a  deyib ki, Ermənistan hakimiyyəti xislətinə xas olaraq heç zaman stabil, ağıllı siyasət aparmır. Ekspert vurğulayıb ki, şovinist təfəkkür, qərəz və antitürk düşüncə heç zaman erməni siyasətini tərk etmir: "Zəngəzur dəhlizinin açılmasında Ermənistan tərəfi götürəcəyi faydaları yaxşı bilsə də, Azərbaycan, Türkiyə və digər türk dövlətlərinə daha çox fayda verəcəyinin fərqindədir. Ermənistan öz mənfəəti üçün dəhlizin açılmasına razıdır. Ancaq hər vəchlə çalışır ki, Azərbaycan və Türkiyəyə az, özünə daha çox xeyirli variant reallaşsın. Burada da İran amili var. Məlumdur ki, İran Ermənistana böyük təsir göstərir və bu dəhlizin açılmasına mane olur. Ola bilsin, indiki halda Ermənistanın dəhlizə nəzarət etmək planına İran da qarşı çıxsın. Çünki Ermənistanın indiki hakimiyyəti İranın düşməni kimi təqdim olunan Qərbə, ABŞ-yə daha çox meyillidir. İran Ermənistan vasitəsilə ABŞ və digər qüvvələrin sərhədə yaxınlaşmasına, regionda möhkəmlənməsinə qarşıdır". 
  T.İrfan diqqətə çatdırıb ki, Baş nazir Nikol Paşinyanın Rusiyanın mövqeyinə zidd davranışı Rusiya-Ermənistan münasibətlərini daha da kəskinləşdirəcək: "Rusiya da bu zaman şübhəsiz ki, İran vasitəsilə dəhlizin açılmasına əlindən gələn qədər problem yaratmağa çalışacaq. Rusiya o halda güzəştə gedə bilər ki, dəhlizə onun nəzarəti olmasa belə irəli sürdüyü digər maraqları təmin edilsin. Paşinyan Kreml əleyhinə atdığı bu addımda özündən çox Qərbin, əsasən də ABŞ və Fransanın maraqlarını qoruyur. Həmin dövlətlər də Ukrayna mövzusu daxil olmaqla bir çox məsələdə Rusiyaya qarşı ciddi mübarizə aparırlar. Qərb Paşinyanın rəhbərlik etdiyi Ermənistanın Rusiyanın nəzarətində olmasını istəmir".