Rusiya “ətəyindəki daşı yerə tökməlidir”: “Bizimlə əməkdaşlıq şimal qonşumuz üçün daha sərfəli olar”

Rusiya XİN sözçüsü Mariya Zaxarova mətbuat konfransı keçirib. O, Qarabağla bağlı 10 noyabr üçtərəfli bəyanatını prioritet adlandırıb.  “Cənubi Qafqazdakı situasiya Rusiyanın diqqətindədir. Üçtərəfli bəyanatın icrası prioritet təşkil edir. Rusiya Azərbaycan və Ermənistanın münasibətlərinin kompleks şəkildə normallaşmasının tərəfdarıdır”, - sözçü bəyan edib.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Zaxarovanın açıqlamasını “Sherg.az”a şərh etdi:

“Rusiyanın Ermənistanı silahlandırması daxildəki revanşist əhval-ruhiyyəni bir az da artırır. Məsələ ondan ibarətdir ki, müharibədən sonra Azərbaycanın xeyrinə dəyişən güc balansını indi süni şəkildə bərabərləşdirmək istəyirlər. Bu isə Moskvanın öz imzasına hörmətsizlik etməsidir. Artıq Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycan ətrafında Türkiyə və Pakistanın da daxil olduğu geniş müttəfəqlik şəbəkəsinin yaranması qarşı tərəfə siqnal olmalıdır. Yeni reallığın formalaşdığı nəzərə alınmalıdır”.

Ə. Əlibəyli, həmçinin Kreml üçün ideal variantın nə olduğunu açıqladı:

“Rusiyanın imperialist siyasəti Azərbaycana yox, onun özünə təhdiddir. Odur ki, bizimlə əməkdaşlıq şimal qonşumuz üçün daha sərfəli olar. Üstəlik, Bakı və Ankaranın birgə hərəkət etdiklərini nəzərə alsaq, deməli, Moskva Qərbə qarşı mübarizədə ciddi güc qazana bilər”.