“Söküntü insanların həyatı hesabına aparıla bilməz” - Hüquqşünas

  • İnsanların mülkiyyət, mənzil və təhlükəsizlik hüquqları hər bir halda prioritet olaraq qorunmalı, hər hansı layihənin icrası zamanı bu hüquqlara hörmət edilməlidir

Paytaxtın bir çox ərazilərində söküntü işləri aparılır. Mərkəzi hissələrdə, Bayırşəhər adlanan ərazilərdə aparılan söküntülər vətəndaşların, əhalinin narazılığına səbəb olur. Bir tərəfdən əhali, Bakının tarixinə qarşı münasibətdn narzdlr, digər tərəfdən də sakinlər onlara təklif edilən kompensasiya məbləğindən narazıdırlar.

Hətta elə ərazilər var ki, söküntü aparılmasına baxmayaraq bəzi sakinlər mənzillərini tərk etməkdən imtina edir. Söküntü aparan şirkət isə sakinlərin yaşayışı davam etdiyi halda söküntünü dayandırmır, insanların həyatına təhlükə yaradırlar. Belə bir situasiya hazırda Murtuza Muxtarov küçəsi, 109 ünvanında yaşanır. Sakinlərin sosial şəbəkədə paylaşdığı fotolardan da görünür ki, mənzildə yaşayış olduğu halda evə sıx yerləşmiş digər evlər sökülür, kommunikasiya vasitələri dağıdılır, söküntü apanlarsa bunu qəsdən etdiklərini deyirlər: “dağıtmasaq, evdən çıxmayacaqlar”. Oxşar vəziyyət Bayırşəhərdə də yaşanır. Sakinləri mənzillərini tərk etməyə məcbur edir, söküntü işləri zamanı vətəndaşlarn əmlakına ziyan vururlar.   

  • Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Sherg.az”a açıqlamasında bildirdi ki, ən vacib şərt vətəndaşın təhlükəsizliyidir: 

- Sakinlərin səsləndirdiyi iddialar doğrudursa, təqdim olunan fotolar, videolar həqiqidirsə, burada təhlükəsizlik məsələsi ön plana çıxır. Yaşayış davam edən ərazidə söküntü işlərinin aparılması, xüsusilə uşaqlar və qadınların olduğu yerdə ciddi narahatlıq doğuran haldır, yeri gəlmişkən qeyd edim ki, bir neçə ay əvvəl də oxşar situasiya ilə bağlı – yaşayış olduğu halda binanın və ya evin sökülməsi barədə məlumatlar mediada paylaşılmışdı. Bu məsələdə təqsirkar olan şəxslər barəsində sonradan cinayət işi qaldırılması barədə məlumatlar verildi. Belə məsələlərə münasibət çox sərt olmalıdır. Çünki ilk növbədə insanların təhlükəsizliyi məsələsi var. Əlbəttə ki hüquqi qiymətləndirmədən əvvəl vəziyyətin insanların həyat və sağlamlığı üçün risk yaradıb yaratmadığı da aydınlaşmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi vətəndaşın mülkiyyət hüququnu, 43-cü maddəsi isə mənzil hüququnu təmin edir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakına sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna malikdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsini nəzərdə tutur. Mənzil qanunvericiliyində əsas məqsəd vətəndaşların mənzil və yaşayış sahəsindən maneəsiz və təhlükəsiz isitifadə hüququnun təmin edilməsidir. 

Ə.Nuriyev qeyd etdi ki, ttəqdim olunan materiallarda diqqəti cəlb edən məqam təkcə mülkiyyət və kompensasiya məsələsi deyil. Əgər ərazidə yaşayış hələ davam edirsə və insanların yaşadığı mühitdə söküntü işləri aparılırsa, ilk növbədə onların həyat və sağlamlığı üçün riskin olub-olmaması, təhlükəsizlik tələblərinə əməl edilib-edilməməsi, yaşayış şəraitinə müdaxilənini hansı həddə çatması məsələləri ortaya çıxır: 

- Hüquqi dövlətdə hər hansı söküntü və ya tikinti layihəsinin icrası insan həyatına təhlükə yaranması hesabına baş verə bilməz. Sakinlərin bildirdiyinə görə, söküntü işləri aparan şəxslər tərəfindən “əgər dağıtmasaq, evdən çıxan deyillər”, ifadəsi səslənib. Əgər bu məlumat həqiqətdirsə, bu, xüsusilə ciddi hüquqi məsuliyyət yaradan haldır. Vətəndaşın yaşayış şəraitini qəsdən ağırlaşdırmaq, faktiki olaraq onu mənzil və ya evini tərk etməyə sövq edəcək vəziyyət yaratmaq hüquqi dövlət prinsipləri ilə uzlaşmır. Mübahisəli məsələlər təzyiq, məcburetmə, dözülməz şərait yaratmaq yoluyla deyil, müəyyən edilmiş prosedurlar, tərəflər arasında razılaşma və ya zərurət yarandıqda məhkəmə müdafiəsi mexaizmləri vasitəsiylə həll edilməlidir. Eyni zamanda Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi şəxsin yaşayış yerinə hörmət edilməsi, Konvensiyanın Əlavə 1 saylı Protokolunun 1-ci maddəsi isə mülkiyyət hüququnun müdafiəsini nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı yanaşmaya görə şəxsin evinə və ya mülkiyyətinə müdaxilə qanuni əsaslara söykənməli, legitim məqsəd daşımalı və proporsional olmalıdır. Hazırkı şəraitdə haqqında məlumat verilən ərazi, fotoda əks olunan vəziyyət, sakinlərin səsləndirdiyi iddialar ən azı bunu deməyə əsas verir ki, məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırlmasına zərurət var. Söküntünün hansı hüquqi əsaslarla aparıldığı, sakinlərin təhlükəsizliyinin necə təmin edildiyi, kompensasiya və köçürmə məsələlərinin hansı vəziyyətdə olduğu, habelə təhlükəsizlik qaydalarına əməl edilib-edilmədiyi barədə ictimaiyyətə açıq məlumat verilməlidir. 

Ə.Nuriyev bildirdi ki, şəhərsalma və yenidənqurma layihələri müasir şəhər inkişafının vacib tərkib hissəsi sayılır, lakin hüquqi dövlətdə əsas prinsip ondan ibarətdir ki, bu inkişaf insan hüquqularının pozulması hesabına deyil, insan hüquqlarının təmin olunması ilə paralel aparılmalıdır: 

- İnsanların mülkiyyət, mənzil və təhlükəsizlik hüquqları hər bir halda prioritet olaraq qorunmalı, hər hansı layihənin icrası zamanı bu hüquqlara hörmət edilməlidir. İndiki halda hesab edirəm ki, aidiyyəti orqanlar tərəfindən vəziyyətlə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir.