
Sülh gündəliyi: Proseslərin yekun nöqtəyə çatması ləngiyir
Ermənistan əldən verdiyi imkanlarını geri qaytara bilməyəcək
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
44 günlük müharibədə qazanılan misilsiz qələbədən sonra Azərbaycan regionda sülhün, qarşılıqlı əlaqələrin və inteqrasiyanın əsas təşəbbüskarı kimi çıxış edib. Cari il münaqişədən sonrakı mərhələnin yeni reallıqları fonunda Azərbaycan və Ermənistan arasında münasibətlərin yaradılması və normallaşdırılması üçün Ermənistana təqdim olunan baza prinsiplər ətrafında görüş və müzakirələr ilə xarakterizə olunub. Lakin Azərbaycanın sülh quruculuğu istiqamətində bütün səylərinə baxmayaraq, Ermənistanın pozuculuq siyasəti davam etdirilib. İrəvan tərəfi ilin sonuna doğru ehtimal edilən və hazırlıq görülən üçtərəfli görüşlərdən də imtina edib. Bunun əvəzində, dövlət sərhədində atəşkəs rejimini mütəmadi pozub, eləcə də Qarabağda qanunsuz silahlı birləşmələrin saxlanmasına şərait yaradıb. Hətta proseslərin gərgin müstəvidə qalması yeni hərbi əməliyyatların başlanması mövzusunu da gündəmə gətirib.
Mövcud durumla bağlı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov danışıb. Nazir mətbuat konfransında çıxışı zamanı bildirib ki, bu il əldə olunmuş irəliləyişlər azdır, səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Nazir qeyd edib ki, postmünaqişə dövründə Azərbaycanın sülh gündəliyinə uyğun olaraq, bu ilin fevral ayında sülhlə bağlı 5 baza prinsipi Ermənistana təqdim olunub. Ceyhun Bayramov deyib ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə 3 görüş keçirilib, avqustda sülh danışıqlarına başlanılması barədə xarici işlər nazirlərinə tapşırıq verilib: “Praqa və Soçi görüşlərində qəbul edilən danışıqlarda BMT Nizamnaməsinə uyğun olaraq ölkələrin ərazi bütövlüyü əsasında sülh danışıqlarının aparılması əksini tapıb. 23 dekabrda üçüncü raund danışıqlarının Moskvada keçirilməsi nəzərdə tutulsa da, Ermənistan bu danışıqları pozub”. Xarici işlər naziri qeyd edib ki, bu il Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı danışıqlar keçirilib: “Delimitasiya ilə bağlı da 3 görüş keçirilib. Bütün bunlara baxmayaraq, əldə olunmuş irəliləyişlər çox azdır. Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir”. Ceyhun Bayramov nəzərə çatdırıb ki, bu il Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib. XİN başçısı Ermənistanın üçtərəfli bəyanatın bir sıra öhdəliklərini pozduğunu xatırladıb: “Üçtərəfli bəyanatda yer alan bir sıra öhdəliklərin hələ də Ermənistan tərəfindən yerinə yetirilməməsi, qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərində qalması, təbii sərvətlərimizin qanunsuz istismarı, mina problemi barədə məlumatlar beynəlxalq təşkilatlara çatdırılır”. Nazir əlavə edib ki, 35-i mülki şəxs olmaqla, 46 vətəndaşımız bu il mina terrorundan həyatını itirib.
Ceyhun Bayramov Ermənistanla danışıqlar üzrə üç istiqamətdə iş getdiyini vurğulayıb: "Ermənistanla danışıqlar üzrə üç istiqamətdə iş gedir: sülh müqaviləsi, kommunikasiyaların açılması və delimitasiya prosesi. Bu istiqamətlərlə bağlı ayrı-ayrı qruplar işləyir. Əsas məqam odur ki, qarşı tərəf bu danışıqlara ciddi yanaşsın, daxili auditoriyaya hesablanmış mesaj verməsin”. Nazir real addımların atılması istiqamətində Ermənistandan fərqli mənzərə gördüklərini deyib.
Xatırladaq ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana sülh müqaviləsi ətrafında öz təkliflərini təqdim etdiyini söyləmişdi. Nazir məhz həmin məzmunda müqavilə imzalamağa hazır olduğunu bildirmişdi. Paşinyan Azərbaycan Ordusunun “Ermənistan ərazisi” adlandırdığı torpaqlardan çıxması tələbini də bir daha təkrarlamışdı.
Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin yekun nöqtəyə çatması ləngidikcə və İrəvanın mövqeyindəki qeyri-müəyyənlik dərəcəsi artdıqca, Bakının hərbi əməliyyatlar planı danışıqlarda xəbərdaredici motiv kimi özünə yer qazanır. Analitik bildirib ki, Azərbaycanı müharibəyə maraq göstərməkdə ittiham etmək müdafiə və təhlükəsizliyə dair anlayışların zəifliyindən və ya qərəzdən irəli gəlir:
"Başqa ölkələrin ərazisini qəsb etmək strategiyası məhz Ermənistanın “yeni ərazilər üçün yeni müharibə” tezisində əks olunub. Ermənistan hələ də bu mənfur doktrinadan əl çəkdiyini bəyan etməyib və həmin tezisi revanşizmin alovlanması üçün qidalandırıcı hüquqi əsasa söykənməkdən imtina etmir. Fərz edək ki, Ermənistan həmin tezisi nəzəri olaraq arxa plana atıb, amma İrəvanın faktiki əlamətlərlə yapışdığı mövqelər, silah tədarükü üçün başqa ölkələrə müraciəti və erməni cəmiyyətindəki əhvali-ruhiyyənin qisasçılığa köklənməsi yeni müharibəyə hazırlıq elanı kimi görünür. Ermənistanın sülh üçün qurulan təpədən sürətlə üzüaşağı enişini göstərən digər cəhət onun sərhədlərin delimitasiyası məsələsində və Zəngəzur dəhlizinin açılmasında üzərinə düşən öhdəliklərdən qaçmasıdır.
Qarabağda isə açıq qalan məsələlərin həllində Ermənistanın rolu qalmadığına görə deyə bilərik ki, İrəvan Azərbaycanın sərhəddən kənar bölgələrində münaqişə yarada bilmək potensialından məhrumdur. Ona görə də diqqəti sərhədlərin müəyyən edilməsi mövzusuna cəmləmək lazımdır. İrəvanın əsasən bu istiqamətlərdəki təxribatları regionu hərbi eskalasiya risklərinə sövq edir. Azərbaycan isə ehtimal olunan genişmiqyaslı hərbi təxribatların xüsusiyyət və məqsədlərini qiymətləndirərək mümkün təhlükələrə qarşı preventiv tədbirlər görür. Yəni Azərbaycan müharibə elan etmir və onun genişmiqyaslı hərbi əməliyyatlar apara biləcəyi ilə bağlı anonslar daha çox müdafiə siyasətinə əsaslanır".
Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki çıxışları Ali Baş Komandanın mesajları kimi bəzi hərbi-strateji ştrixləri özündə birləşdirir:
"Dövlət başçısının Qərbi Azərbaycanı tarixi Azərbaycan diyarı adlandırması Ermənistanla sülh gündəminin formalaşması üçün aparılan danışıqlarda yeni xətt kimi inkişaf edəcək. Prezident həmin ifadəni Qərbi azərbaycanlıların öz tarixi ərazilərinə qayıdışı kontekstində işlədir. Bu zaman geri dönüş proqramına dair əsasən iki versiya göz önündə canlana bilər. Azərbaycan Ermənistanda azərbaycanlı icması yaratmaqla buna nail olmağa çalışır. Sülh tezislərinə əsaslanan bu proqram reallaşsa, Ermənistanda demoqrafik nisbət həlledici şəkildə dəyişə bilər və azərbaycanlılar bir zamandan sonra say üstünlüyünə yiyələnə bilərlər.

Azərbaycan sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar keçirir, Türkiyə strateji müttəfiqlik məntiqi ilə, Rusiya isə öz ambisiyaları prizmasından bu güc tətbiqinə dəstək verir. Birinci versiya ağlabatandır, amma İrəvan asanlıqla buna razılıq verməyəcək deyə Bakı ikinci variantı masaya qoyacaq. Bu, elə birinci versiyaya dair şərtlərin yerinə yetirilməsidir, lakin miqyası və motivi hərbi-siyasi xaraktercə daha böyük olacaq. 2022-ci ilin sentyabrında sərhədin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətlərindəki genişmiqyaslı toqquşmalardan sonra Azərbaycanın əldə etdiyi ərazi üstünlükləri perspektiv nəticələr üçün fövqəladə dəyərə sahibdir. Ali Baş Komandanın Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdə sentyabrdakı sərhəd əməliyyatının nəticələrinə yüksəkliklər kontekstində vurğu etməsi də diqqət çəkməyə bilməz. Hərbidə və müharibədə olanlar yüksəkliklərin gələcək əməliyyatlar üçün nə qədər böyük hərbi-strateji əhəmiyyət daşıdığını bilirlər".
A.Kərimova görə, sərhəddə yeni əməliyyatlar mümkündür və həmin yüksəkliklər Azərbaycanın içərilərinə doğru təhdidlərin qarşısında sipər olacaq:
"Sülh danışıqlarından nəticələr hasil olunmasının axsaması fonunda hərbi əməliyyatlar aktuallaşır və Azərbaycan güc yolu ilə mütləq sülhün təmini planını aktual plan kimi saxlayır. Bakının Qərbi Azərbaycana qayıdış çağırışlarına Ermənistan cavab verməsə, üstəgəl, sərhəddə təxribatlara hazırlaşsa, o zaman eskalasiyaya görə məsuliyyət də onun üzərinə düşəcək. Bu dəfə eskalasiya baş versə, Ermənistan əldən verdiyi imkanlarını geri qaytara bilməyəcək və Bakıya verilən beynəlxalq dəstəklər fonunda İrəvan növbəti acizliyini yaşayacaq".