Təxribatlar yenə olacaq

Rusların və ermənilərin nazı ilə oynamaq bizə ziyan verir
Türkiyənin hərbi birləşmələri de-yure Azərbaycanda olmalıdır
Qarabağdakı Rusiya sülhməramlı kontingenti Azərbaycana məxsus heç bir avtomobil karvanına erməni yaraqlısının yaxınlaşmayacağına dair zəmanət verib. Xatırladaq ki, bir neçə gün bundan öncə Azərbaycana məxsus yük maşınlarının sülhməramlılarla yanaşı, “polis” üniformalı erməni separatçısı tərəfindən yoxlanması qalmaqala səbəb olmuşdu. Sosial şəbəkədə yayılan görüntülər Azərbaycan ictimaiyyəti tərəfindən qəzəblə qarşılanmış, mətbuatda sərt tənqid olunmuşdu. Görünür, rəsmi Bakının ciddi xəbərdarlığından sonra Rusiya sülhməramlı kontingentinin rəhbərliyi narazılıq doğuran hadisənin təkrar olunmayacağına söz verib. 
Politoloq Əhəd Məmmədli “Şərq” bildirib ki, Rusiya sülhməramlıları verdikləri sözə sadiq qalmayacaq. Onun sözlərinə görə, müəyyən müddət sonra ruslar erməni təxribatlarına yenə göz yummağa başlayacaq:
 “Erməni separatçıları Qarabağda qaldıqları müddətcə müxtəlif təxribatlara hazır olmalıyıq. Rusların erməni quldurlarını müvəqqəti gözümüzdən yayındırmaları, kənarda saxlamaları separatçıların Qarabağda varlığına son qoymur. Torpaqlarımızdakı bütün silahlı birləşmələri dərhal çıxartmaq lazımdır. Ya özümüz anti-terror əməliyyatı aparmalıyıq, ya da rusların əliylə ermənilərdən qurtulmağın yollarını tapmalıyıq. Torpaqlarımıza nəzarəti özümüz həyata keçirməliyik. Ordu birləşmələrimizi dərhal həmin ərazilərə yerləşdirməliyik. Ümumiyyətlə, 2022-ci il Azərbaycanda “Xankəndi ili” olmalıdır. Məsələni birdəfəlik, kökündən həll etməliyik. Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycan tərəfdən rəsmi təsdiqlənməsindən sonra qardaş ölkənin hərbi birləşmələri de-yure Azərbaycanda olmalıdır. Bu, Rusiyaya qarşı ən yaxşı təzyiq rıçağıdır. Rusların və ermənilərin nazı ilə oynamaq bizə ziyan verir. Elə etməliyik ki, rus sülhməramlılarının ölkəmizdə qalma müddəti başa çatdıqdan sonra vaxtı uzatmaq üçün əllərində bəhanə olmasın”.