Türk birliyinin böyük təməli qoyulur

Bu istiqamətdə Azərbaycan və Türkiyə liderlərinin səyləri əvəzsizdir

“Azərbaycan-Türkiyə münasibətləri həqiqətən də bütün dünyaya layiqli nümunədir”. Bu sözləri “Şərq”ə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, bu münasibətlər əvvəllər yalnız qardaşlıq və dostluq amillərinə, soy və din birliyinə əsaslanırdısa, hazırda isə münasibətlərimiz artıq strateji müttəfiqlik müstəvisinə yüksəlib:

“Bu olduqca mühüm məqamdır və Azərbaycan-Türkiyə münasibətlərinin təkcə bugününü yox, həm də gələcəyini müəyyən edir. 

Rizədə liderlərin dilindən səslənən birlik-bərabərlik mesajları ilə Azərbaycan və Türkiyə növbəti dəfə dünyaya qardaşlıq, dostluq və müttəfiqlik nümunəsi göstərdi. 

Bizim müttəfiqlik münasibətlərimiz iki qardaş ölkənin gələcəkdə bütün istiqamətlər üzrə birgə fəaliyyətləri üçün etibarlı zəmin yaradır. 

Azərbaycan və Türkiyənin dövlət başçılarının şəxsi dostluq və qardaşlıq münasibətləri isə ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirir və gücümüzə güc qatır.

  İki lider – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Azərbaycan və Türkiyə üçün, eləcə də bütövlükdə Türk dünyası üçün çox böyük işlər görə bilər. Azərbaycan və Türkiyənin sarsılmaz birliyi bütün Türk dünyasının gələcək böyük birliyinin təməlini təşkil edir”.