
USAİD dövlətlərin suverenliyini dağıtmaq istiqamətində iş aparır - AKTUAL
Azərbaycanla bağlı müxtəlif məqsədlər qarşıya qoyulmuşdu, amma onlar öz istəklərinə çatmadı
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi, yəni USAID dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan, rəngli inqilablar ssenarilərini gerçəkləşdirən mexanizmidir. Amerika kəşfiyyatı "humanitar missiya" adı altında bölgəyə yerləşdirdiyi təşkilatlardan - USAID və digər qurumlardan öz məqsədlə istifadə edir.
USAID kənd təsərrüfatı, ticarət, səhiyyə, humanitar yardıma dəstək istiqamətində fəaliyyət göstərdiyini bəyan etsə də, Cənubi Qafqaz ölkələrində "media inkişafına" külli miqdarda vəsait, qrantlar ayırması, müxalif QHT-ni maliyyələşdirməsi əsas məqsədin nədən ibarət olduğunu aydın şəkildə ortaya qoyur. Amerika kəşfiyyatı davamlı olaraq ölkələrin daxili işlərinə qarışmaq və siyasi nizamı pozmaq cəhdləri göstərir. Bir müddət əvvəl Gürcüstanda baş verən hadisələr də bunun bariz nümunəsidir. İlk dəfə 20 il bundan əvvəl Gürcüstanda oxşar texnologiyadan istifadə edildi.
Ötən əsrin 90-cı illərindən USAID Azərbaycanda da fəaliyyət göstərir. Bu dövrdə dəfələrlə eyni üsullar və taktikalara əl atılsa da, hüquq-mühafizə sistemi bu məkrli senarilərin qarşısını qətiyyətlə alıb. ABŞ və ona bağlı dairələr tarixi Zəfərdən və suverenliyin tam bərpasından sonra ölkəmizə qarşı da təzyiqləri çoxaldıb. Lakin unudublar ki, Azərbaycan Ermənstan deyil və heç zaman hansısa dövlətin ruporu olmayıb. Tarixi təcrübə göstərir ki, Azərbaycanda aranı qatmaq və süni yollarla daxili sabitliyi pozmaq cəhdləri məhvə məhkumdur. Bu cür cəhdlər Azərbaycan dövləti və xalqının sarsılmaz həmrəyliyinə nəinki mane olur, əksinə, bu həmrəyliyi və bağlılığı daha da artırır. Əlbəttə, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər. Onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirilər. Azərbaycan dövləti sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənlərinə sadiq qalaraq onların fəaliyyətinə daim imkan yaradıb. Lakin təcrübə göstərib ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan təşkilatların qayəsi siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək olub. 2000-ci ilin əvvəllərindən başlayaraq postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. Məhz bu cür milli mənafeyə ziddi faliyyətlərin qarşısını almaq məqsədilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşməsinin qarşısı alındı. Qeyd edək ki, bu fəaliyyətə indi ermənipərəst Samanta Pover başçılıq edir.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, bu və ya digər təşkilatlar bir sıra ölkələrə nüfuz edərək, gənclərin, QHT və media nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının vasitəsi ilə dini, siyasi və milli-ideoloji istiqamətdə müəyyən işlər aparıblar. USAİD kimi təşkilatların bu işlərdə öz maraqları olduğunu deyən politoloq bildirib ki, hətta bu qurum bir vaxtlar Azərbaycanla bağlı da müəyyən işlər görməyə cəhd edib:
"USAİD həm Ermənistanda, həm də Gürcüstanda artıq 3-cü onillikdir ki, öz fəaliyyətini genişləndirir. Bu fəaliyyət nəticəsində vətəndaş cəmiyyətinin və medianın, müxtəlif qurumlar və hərəkatların əksəriyyəti USAİD-in maraqlarına uyğun çıxış edirlər. Hətta iş o yerə çatıb ki, onlar Azərbaycanla bağlı etmədiklərini və yaxud edə bilmədiklərini də oradakı müəyyən qrup vasitəsi ilə Gürcüstanda etmək istəyirdilər. Azərbaycanın müxtəlif ictimaiyyət və QHT nümayəndələrinin, fəallarının Gürcüstana çağırılmasını, gənclərin, media quruplarının iştirakı ilə orada bu və ya digər mövzuların müzakirə edilməsini qeyd edə bilərik. İlk baxışda mövzular cəlbedici görünsə də, əslində USAİD-in öz marağı var. Bu maraqlar siyasi maraqlardır. Dövlətlərin suverenliyini dağıtmaq istiqamətində iş aparılır. 2014-cü ildə bu qurum Azərbaycanda müstəqil medianın inkişafı üçün 2,4 milyon dollar qrant ayırmışdı. Əlbəttə ki, onlar öz məqsədlərinə çatmayacaqlar, Azərbaycan öncədən də dediyi kimi, heç bir qrup və dairələrin ölkəyə nüfuz etməsinə imkan verməyəcək”. Analitik diqqətə çatdırıb ki, təşkilat çərçivəsində Azərbaycanla bağlı müxtəlif məqsədlər qarşıya qoyulmuşdu. Amma onlar öz istəklərinə çatmadı: "Bir çox ölkədən fərqli olaraq, rəsmi Bakı vaxtında lazımı addımlar atıb. Onlar yeni yollarla proseslərə nüfuz etmək istəsələr də, hər bir məsələ dövlətin nəzarəti altındadır”.