Vəkildən açıqlama: "Sabah Saakaşvili ilə bağlı tarixi qərar verilə bilər"

"Sabah, məhkəmə iclasında tərəflər Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya hökmdən azad edilməsi ilə bağlı yekun nitq söyləyəcəklər. Bundan sonra isə hakim Qiorqi Arevadze, məsələ ilə bağlı qərar verməlidir".
Sherg.az "24News.ge"ya istinadən  xəbər verir ki, bu sözləri eks prezident Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze deyib.
O, sabah məhkəmənin tarixi qərar verəcəyinə ümid etdiyini bildirib:
“Biz yekun sözümüzü deyəcəyik və hakim qərarını elan edəcək. Ümid edirik ki, bu, tarixi qərar olacaq. Onun [Mixeil Saakaşvilinin] həyatı və Gürcüstanın gələcəyi bu qərardan asılıdır.
İttihamçı tərəfin və penitensiar xidmətin təqdim etdiyi mövqeyə gəlincə, onlar Samxaraulinin saxta hesabatından başqa heç bir şey təqdim etməyiblər”.
Vəkilin sözlərinə görə, hakimin qarşı tərəfin mövqeyini bölüşməsi üçün heç bir əsas yoxdur:
"Əsas odur ki, hakim özündə güc tapsın. Hökumət, parlament, ümumiyyətlə siyasətçilər tərəfindən məhkəməyə edilən təzyiqlərə baxmayaraq, o, bu təzyiqlərə tab gətirməli və ədalətli qərar verməlidir", - deyə Şalva Xaçapuridze əlavə edib.
Məlumat üçün bildirək ki, sabah Tbilisi şəhər məkəməsində eks prezident Mixeil Saakaşvilinin səhhətindəki mövcud vəziyyətə görə, onun cəzasının təxirə salınması ilə bağlı yekun iclasın keçiriləcəyi gözlənilir.