“WUF13-də diqqətimi ən çox çəkən məqamlardan biri məkanın tam inklüziv formada təşkil olunması oldu. Burada görmə və eşitmə məhdudiyyəti olan şəxslər, təkərli oturacaq istifadəçiləri, koqnitiv fərqliliyi olan insanlar, yaşlı şəxslər, hətta dikdaban ayaqqabı geyinən xanımlar üçün belə rahat hərəkət imkanları təmin olunmuşdu. Tədbir boyunca 1000-ə yaxın hərəkət məhdudiyyətli şəxs prosesə cəlb edilib. Təşkilatçılardan maraqlandım ki, bu həllər xarici mütəxəssislər tərəfindən hazırlanıb, yoxsa yerli komanda tərəfindən, cavab sevindirici idi. Bildirildi ki, inklüzivliklə bağlı həllərin əsas müəllifi və bu istiqamətdə əsas şəxslərdən biri ölkəmizin bu sahə üzrə mütəxəssisi Kamal Məmmədov olub”.
Bu sözləri “Sherg.az”a açıqlamasında nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis, WUV-13 beynəlxalq tədbirinin iştirakçısı və Forumun hər iş gününü yaxından izləyən Rauf Ağamirzəyev dedi.
Mütəxəssis qeyd etdi ki, paytaxtımızda keçirilən BMT-nin Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası şəhərlərin gələcəyi, müasir şəhər çağırışları və dünyada həyata keçirilən praktiki həllərin müzakirəsi üçün mühüm qlobal platforma oldu:
- Şəhərlər bu gün iqlim dəyişikliyinin təsirləri, ətraf mühitin deqradasiyası, nəqliyyatın sıxlığı, səs-küy çirklənməsi və şəhər əhalisinin yaşlanmasının artan problemi də daxil olmaqla bir sıra ümumi problemlərlə üzləşir. Düşünürəm ki, Dünya Şəhərsalma Forumu şəhərlərin inkişafı, hansı çətinliklərlə üzləşdikləri və onlara qarşı hansı tədbirlər görüldüyü barədə yeni həllər və müzakirələr təklif edən uğurlu bir platformadır. Müasir şəhərlər demoqrafik reallıqlara getdikcə uyğunlaşmalı və bütün sakinlər, xüsusilə yaşlılar üçün əlçatanlığı təmin edilməli, şəhərlər yaşlı əhalinin daha rahat və təhlükəsiz hərəkət etməsinə imkan verəcək şəkildə salınmalıdır. Son illərdə bir sıra proqressiv islahatlar aparılır, mobilliyin transformasiyası baş verir.
R.Ağamirzəyev xüsusi avtobus zolaqlarının salınması, mikromobillik infrastrukturunun inkişafının son illərin uğurlu islahatları hesab edir:
- Bu islahatlar şəhərdə artıq yeni mobillik imkanları yaradan nisbətən aşağı xərcli və tez görünən təkmilləşdirmələri təmsil edir. İctimai nəqliyyatın inkişafını təmin edəcək Dövlət Proqramı da daha əhatəli və uzunmüddətli islahatlara yol açır. Alternativ nəqliyyatın, xüsusilə dəmir yolu nəqliyyatının inkişafını nəzərdə tutan dövlət proqramında daha dərin islahatlar əksini tapir. Metro şəbəkəsinin genişləndirilməsi və müasirləşdirilməsi, şəhərdaxili elektrik qatarlarının və tramvay sistemlərinin bərpa edilməsi, nəqliyyat mübadiləsi inteqrasiyasının təkmilləşdirilməsi, paytaxtda fəaliyyət göstərən avtobusların sayının 2 350-dən 2 800-ə çatdırılması dövlət proqramının tərkib hissələridir. WUF-13-də də müzakirələr məhz bu yöndə aparıldı ki, müasir şəhərlər artıq avtomobillərin deyil, insanların rahatlığı üçün dizayn edilməlidir. Şəhərlər avtomobil mərkəzli deyil, insan mərkəzli və insan yönümlü olmalıdır. Yaşından və fiziki vəziyyətindən asılı olmayaraq piyada infrastrukturuna üstünlük verilməli, hər kəs üçün əlçatan inklüziv şəhər mühiti yaradılmalıdır. Şəhərlər daha ədalətli salınmalıdır ki, yaşından, fiziki vəziyyətindən asılı olmayaraq hamı rahat hərəkət edə bilsin. Bunuj üçün də davamlı, maneəsiz səkilər, daha qısa piyada marşrutları, küçə keçidlərinin daha təhlükəsiz olması təmin edilməlidir.