Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı

  • “Demək olar, əksər vəzifəli şəxslər bizneslə məşğuldur”
  • “Hamı bilir hansı şirkət hansı nazirə məxsusdur”

Milli Məclisdə vəzifəli şəxslərin gəlirləri, sahibkarlıq və kommersiya fəaliyyəti ilə bağlı məhdudiyyətləri nəzərdə tutan “Maraqlar toqquşması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, vəzifəli şəxslərin müəyyən qiymətli kağızlardan gəlir əldə etməsinə, sahibkarlıq və digər ödənişli fəaliyyətlə məşğul olmasına, eləcə də kommersiya subyektlərinin idarəetmə orqanlarında təmsil olunmasına məhdudiyyətlər tətbiq edilməsi təklif olunur.

Qeyd edək ki, vəzifəli şəxslərin tutduqları mövqedən şəxsi maraqları naminə istifadə etməsinin, sahibkarlıq fəaliyyətində üstünlük əldə etməsinin və ədalətsiz rəqabət mühitinin yaranmasının qarşısını almaq məqsədilə bu cür məhdudiyyətlər bir çox ölkələrin qanunvericiliyində də nəzərdə tutulur. Lakin Azərbaycanda da bu sahədə müəyyən hüquqi məhdudiyyətlərin mövcud olmasına baxmayaraq, onların praktikada nə dərəcədə effektiv tətbiq edilməsi məsələsi aktual olaraq qalır.

AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a söyləyib ki, Azərbaycanda vəzifəli şəxslərin biznes fəaliyyəti ilə məşğul olmasını tənzimləyən qanun onsuz da var idi:

“Məsələn, pedaqoji, təhsil və digər bu kimi fəaliyyətlərlə məşğul ola bilərlər, amma biznes, qiymətli kağızlar və sahibkarlıq fəaliyyəti ilə bağlı məhdudiyyətlər mövcuddur. Çünki məntiqlə də vəzifəli şəxs tutduğu mövqedən istifadə edərək öz biznesini inkişaf etdirə, ədalətsiz rəqabət mühiti yarada bilər. Ona görə də bu qanun onsuz da var idi və dünyanın bir çox ölkələrində də belə qanunlar mövcuddur. Amma bu qanun effektiv deyil, çünki onun nəzarət mexanizmləri yoxdur. Tutaq ki, bir biznesmen sabah siyasətə gəlir. Bütün biznesini oğlunun adına keçirir və onun adına fəaliyyət göstərir. Eyni hallar korrupsiya və rüşvət məsələlərində də baş verir. Yəni, əslində, burada problem qanunvericilikdə deyil, bu hallarla mübarizə aparmaq üçün praktik mexanizmlərin olmamasındadır. Elə mexanizmlər lazımdır ki, onlar həqiqətən rüşvətin və korrupsiyanın qarşısını alsın. Boşluqlar olmamalıdır ki, insanlar həmin boşluqlardan istifadə edə bilsinlər. Yəni, burada, əslində, qanun oğurlanan pulun leqallaşdırılmasının qarşısını ala bilər. Amma oğurluğun özünün qarşısını ala bilməz”.

Partiya sədri qeyd edib ki, hüquq-mühafizə orqanlarının müasir texnika və texnologiyalardan istifadə edərək prosesi izləməsi, təhlil etməsi və bu məsələlərin üzərinə getməsi önəmlidir:

“Nəzəri baxımdan istənilən qanunu yazmaq olar, amma praktikada görürük ki, demək olar, əksər vəzifəli şəxslər bizneslə məşğuldur. Hətta sadə vətəndaşlar belə şəhərdə hansı binanın kimə, hansı şirkətin kimə, hansı nazirə məxsus olduğunu bilirlər. Və bu günə qədər də belə olub. O baxımdan inanmıram ki, məhz bu qanun nəyisə dəyişdirsin və korrupsiyanın aradan qaldırılmasına kömək etsin. Burada qanundan və vəzifə səlahiyyətlərindən daha çox siyasi iradə və qətiyyət tələb olunur”.