Zakir Həsənovla Anaşkin nəyi müzakirə ediblər? – Pərdəarxası məqamlar...
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib. Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.
Məlum görüş barədə “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, bölgəyə müvəqqəti yerləşdirilən sülhməramlıların fəaliyyəti ilə bağlı bəzi xoşagəlməz hallar olurdu. Azərbaycan Müdafiə Nazirliyi isə bu görüş vasitəsilə öz mövqeyini sülhməramlı qüvvələrin yeni komandanlığının diqqətinə çatdırıb:
“Çox güman ki, baş verən problemlər barədə də fikir mübadiləsi aparılıb. Yeni komandan və müdafiə nazirimiz görüş zamanı Azərbaycanın maraqlarına uyğun olan ortaq məxrəcə gəliblər. Xatırladım ki, sülhməramlı qüvvələrin əsas missiyası sülhün bərqərar edilməsidir. Azərbaycanda yaşayan ermənilər vətəndaşlığımızı qəbul etməli və qanunlarımıza tabe olmalıdırlar. Kim bu şərtlərlə razı deyilsə, Azərbaycan ərazisində yaşamayacaqlar. Bu, cənab Prezidentin mövqeyidir. Ölkəmizdə çoxsaylı millətlər yaşayır, onlar Azərbaycan Konstitutsiyası tərəfindən qorunurlar. O cümlədən ərazilərmizdə yaşamaq istəyən ermənilərə də bu cür yanaşma sərgiləyəcəyik. Fikrimcə, bütün proseslər bu istiqamətdə gedir. Bilirik ki, mütəmadi olaraq Laçın dəhlizi ilə bağlı bəzi problemlər yaranır, müəyyən şəxslərin Azərbaycanın icazəsi olmadan ərazilərimizə gəldiyinin şahidi oluruq. Düşünürəm ki, görüş zamanı sülhməramlı qüvvələrin komandanı ilə bu istiqamətdə də müəyyən söhbətlər aparılıb”.
Ş.Ramaldanov vurğulayıb ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən silahlı terrorçuların tərkisilah edilməsi öz əksini tapıb:
“Fikrimcə, görüşdə bu mövzu barədə də danışıqlar olub. Bundan sonra yeni komandanlığın nəzarəti altında olan sülhməramlı qüvvələrin fəaliyyəti cənab nazirin qoyduğu şərtlər çərçivəsində olacaq. Əlbəttə, məlum görüşün nəticələri haqqında yeni komandan öz rəhbərliyinə məruzə edəcək. Düşünürəm ki, sonra hər şey üçtərəfli bəyanatın bəndlərinə uyğun formada inkişaf edəcək. Görüşün məqsədi ərazilərimizdə müvəqqəti yerləşdirilən rus sülhməramlıların bundan sonrakı fəaliyyəti ilə bağlıdır”.
Yeganə Bayramova