Zəngilanda bərpa-quruculuq işləri sürətlənir

Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar


  Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına və birinci xanıma binanın daxil olduğu yaşayış məhəlləsi barədə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq.

Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır. Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək. Tədbirdə yaşayış məhəlləsi barədə videoçarx nümayiş olunub. Sonra Prezident və birinci xanım Mehriban Əliyeva Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimində iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına və birinci xanıma 960 şagird yerlik tam orta məktəbin binası ilə bağlı məlumat verib. Bildirilib ki, Zəngilan şəhərinin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq məktəbin ərazisi 1,6 hektar sahəni əhatə edəcək. Üçmərtəbəli məktəb modul siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun, idman meydançalarından və giriş hissədən ibarət olacaq. 

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il sentyabrın 7-də Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Prezident və birinci xanım Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində də iştirak ediblər. Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısını və birinci xanımı stansiya barədə məlumatlandırıb. Qeyd olunub ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib. Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir. Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir. Daha sonra Prezident İlham Əliyev Stansiyanı işə salıb. Diqqətə çatdırılıb ki, balıqların Arximed turbinlərinin içindən keçə bilməsi və elektrik enerjisinin balıq ölümünə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. 

Qeyd edək ki, Arximed turbinlərinin istismar müddəti 50-60 il proqnozlaşdırılır. Həmin gün prezident və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində də olublar. Dövlət başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüblər. 

Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə deyib ki, Zəngilan şəhəri yeni dirçəliş dövrünə qədəm qoyub. Deputat vurğulayıb ki, XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılıb. 1868-ci ildə Yelizavetpol quberniyası, onun tərkibində də Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılıb. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilib: 

"1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri Zəngilan rayonunu işğal etdilər. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. İşğala qədər rayon kənd təsərrüfatı, əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etmişdi. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 ildən sonra oktyabrın 20-də rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunu düşməndən azad etdi. Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıdırlar. Çoxsaylı təməlqoyma mərasimləri də göstərir ki, Zəngilanda bərpa-quruculuq işləri sürətlə davam edir. Birinci pilot layihə Zəngilanda Ağalı kəndində icra edildi. 

May ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Burada insanların yüksək səviyyədə yaşayışı üçün hər cür şərait yaradılıb".