6 yaşlıların məktəbə qəbul olunmamasının bir səbəbi də süni baryerlərdir...
1-ci sinifdən yayınanlar var
Günah Təhsil Nazirliyinindir, yoxsa valideynlərin?
6 yaşlıların məktəbə qəbul olunmamasının bir səbəbi də süni baryerlərdir...
6 yaşlıların məktəbə qəbul olunmamasının bir səbəbi də süni baryerlərdir...
"Azərbaycanda yaşı 6-dan çox olan uşaqların 1-ci sinfə gec getməyinə görə inzibati tədbirlərə əl atmaqdansa, insanların "şüur”unun üzərində çalışmaq lazımdır”.
Bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir ötən tədris ilində 6 yaşı tamam olmuş xeyli sayda uşağın 1-ci sinfə qəbul olunmadığını bildirib. Onun sözlərinə görə, orta təhsillə bağlı nümunəvi əsasnaməyə görə, məcburi təhsilə cəlbolunma yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir:
"Ümid edirəm ki, onlar yerli qurumlarla, yerli təhsil şöbələri ilə sıx işləyirlər. Təbii olaraq, burada ictimaiyyətin, medianın da rolu çox mühümdür. Bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına, təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur. Onlarda inzibati cəzalar da olur. Bəzi ölkələrdə isə bu, Cinayət Məcəlləsinin müvafiq maddəsinin pozuntusu kimi hesab edilir”.
Nazirin sözlərinə görə, hazırda məktəblərin 1-ci siniflərə qəbul prosesi davam edir və yeni tədris ilində 1-ci sinfə qəbul olunacaq şagirdlərin sayının artacağı gözlənilir.
6 yaşı tamam olmuş uşaqların məktəbə cəlb olunmaması məsələsinə toxunan təhsil eksperti Nadir İsrafilov "Şərq”ə açıqlamasında burada həm dövlət qurumlarının, həm də valideynlərin məsuliyyət daşıdığını dedi:
- Bəzi dövlət qurumlarında günahı ictimaiyyətin üzərinə atmaq kimi belə mənfi bir vərdiş formalaşıb. Hamını günahkar görürlər, bircə özlərindən savayı. 6 yaşı tamam olmuş uşaq məktəbə cəlb olunmursa, bunun birinci günahkarı Təhsil Nazirliyinin özü, rayon təhsil şöbələri, rayon icra hakimiyyətləridir. Bütün bu dövlət qurumlarının əlində birinci sinfə gedəcək uşaqların statistikası olmalıdır. Siniflərin komplektləşməsi də başa çatdıqda, baxmalıdırlar ki, birinci sinfə qəbul olunmuş uşaqların sayı ilə mövcud statistika üst-üstə düşür, ya yox. Bu işlə rayon icra hakimiyyətləri nəzdindəki xüsusi şöbə, rayon təhsil şöbələri məşğul olmalıdır. Mən təhsil idarəsində çalışdığım illərdə bütün orta məktəblərin dislokasiya üzrə cədvəli tərtib edilmişdi, hətta mənzil kommunal təsərrüfatı idarələri də bu işə cəlb olunmuşdu. Sinif müəllimləri qapı-qapı gəzib uşaqların məktəbə cəlb edilib-edilmədiyini yoxlayırdılar. Doğrudur, bəzən valideynlər 6 yaşı tamam olmuş uşağın məktəbə getməsini gecikdirir. Müxtəlif səbəblərdən. Burada maddi təminatsızlıq da var, savadsızlıq da. Bəzən də valideyn iki övladının eyni vaxtda məktəbə getməsini istəyir. Fikirləşir ki, bu biri uşağın da 6 yaşı tamam olsun, ikisini də bir yerdə məktəbə qoysun. 6 yaşı tamam olmuş uşağını o biri uşağa görə məktəbə yazdırmağa gecikdirir. Amma belə halların qarşısı əlaqədar qurumlar tərəfindən alınmalıdır. Bəlkə valideyn savadsızdır, qanundan, qaydadan xəbəri yoxdur. Valideynə başa salınmalıdır ki, uşaq 6 yaşı tamam olduqda təhsilə cəlb edilməlidir. Çünki "Təhsil haqqında” qanunda aşkar qeyd olunur ki, 6 yaşı tamam olmuş hər bir uşaq təhsilə cəlb edilməlidir. Şəxsən mən tərəfdarıyam ki, uşaqlarını hər hansı səbəbdən təhsildən yayındıranlar məsuliyyətə cəlb edilsin. Niyə xarici ölkələr bunu edir, biz yox?!
N.İsrafilov birinci sinfə qəbul prosesində bəzən süni baryerlər olmasından da danışdı:
- 6 yaşlıların məktəbə qəbul olunmamasının bir səbəbi də süni baryerlərdir. Deyək ki, əgər uşağın 6 yaşı sentyabrın 15-dən sonra tamam olursa, məktəbdə ona əngəl yaratmağa başlayırlar. Bilirik ki, belə hallarda bəzən rüşvət rol oynayır. Məktəb direktoru deyir ki, uşağın 6 yaşı tamam olmayıb, onu qəbul edə bilmərik, qanuna ziddir. Doğrudur. Amma valideyn əgər pul verirsə, qanun "qüvvədən” düşür. Bəzən valideynlər bu səbəbdən uşaqlarını məktəbə yazdıra bilmirlər. Qanuna görə, tədris ilinin başlanma vaxtı uşaq 6 yaşını doldurmuş olmalıdır. Sentyabrın 15-dən sonra taki dekabr ayının sonuna qədər 6 yaşı tamam olacaq uşaqlarla bağlı isə rayon təhsil şöbələri qərar verməlidir. Uşaqla söhbət aparmalı, səviyyəsini yoxlamalı və orta məktəbə
göndəriş yazmalıdırlar. 1-2 aya görə, uşağı məktəbdən saxlamaq olmaz. Amma bəzən rayon təhsil şöbələrində yaradılmış komissiyaların formal xarakter daşıdığını görürük. Birinci sinfə gedəcək uşağı az qala buraxılış imtahanı səviyyəsində yoxlayırlar. Görək, yaza bilir, oxuya bilir. Ay balam, bu uşaq birinci sinfə gedəcək də, bəs birinci sinifdə nə öyrənəcək. Yazmaq, oxumaq, hərfləri tanımaq birinci sinfin proqramıdır. Daha bu uşaq məktəbə hazır gələcəksə, bəs məktəbdə nə öyrənəcək?! Birinci sinfə qəbulda əsas olan uşağın sağlamlığıdır. Valideyn sağlamlıq haqqında arayış təqdim edirsə, o uşaq məktəbə qəbul olunmalıdır. İndi birinci sinfə qəbul qaydalarını elə sərtləşdiriblər ki, guya bu uşaq instituta imtahan verir. Bəli, ibtidai təhsildən də, orta təhsildən də kütləvi yayınma halları var. Çünki ciddi nəzarət yoxdur. Hesab edirəm ki, təhsil naziri məktəbdən yayınma hallarına görə cəzalanma məsələsini Milli Məclis qarşısında qaldırmalıdır.
Məlahət Rzayeva