1 manat qıtlığı müvəqqətidir

“Çatışmazlığı aradan qaldırmaq üçün Mərkəzi Bankın əlində çox sadə imkanlar var”




Sosial şəbəkə üzvləri Bakının ticarət obyektlərində 1 manatlıq əskinas qıtlığından şikayətlənib. Mağazalarda alıcılara qalıq qaytarmaq üçün aşağı nominallı əskinasların olmadığını vurğulayan şəbəkə üzvlərinin iddiasına görə, xırda olmadığı səbəbindən bir sıra mağazalarda alıcılar geri qaytarılır.

Bundan əlavə, 100 manat dəyərində aşağı nominallı əskinas əldə etməyin də müşkülə çevrildiyi məlumatda öz əksini tapıb. Belə ki, yanacaqdoldurma məntəqələri 97 manatlıq aşağı nominal üçün 100 manat tələb edirlər.

Manatın "yoxa çıxması”na dair iddiaları şərh edən iqtisadçı-ekspert Samir Əliyev isə hesab edir ki, ölkədə manatlıq əskinaslarla bağlı heç bir qıtlıq müşahidə olunmur. Sosial şəbəkələrdə yayılan iddialara gəldikdə isə ekspert deyib ki, məsələyə bir hadisə ilə qiymət vermək doğru yanaşma deyil.

Digər iqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki,1 manatla bağlı yaranan narahatlıq müvəqqəti xarakter daşıyır: "Xırda manatlıqlarla bağlı narahatlıq doğuracaq dərəcədə qıtlıq olduğunu düşünmürəm. Sadəcə olaraq Azərbaycanda iri pullar xırda pullardan daha çox olub. Bu yəqin ki, Mərkəzi Bankın apardığı siyasətin nəticəsi olub ki, dövriyyədəki pulların 60-70 faizini 50 və 100 manatlıq əskinaslar təşkil edib”.

N.Cəfərlinin sözlərinə görə, 1 manatlıqla bağlı problem yaranıbsa, çox güman ki, bu, geri dönüşümlə bağlıdır: "Bir çox ticarət mərkəzləri əldə etdikləri vəsaiti sonradan banklara təhvil verirlər. 1 manatlıq əskinas qıtlığı maaşlar və pensiyalar verildikdən sonra öz həllini tapacaq. Hesab edirəm ki, indiki xırda manat qıtlığı elə bir ciddi məsələ deyil və əslində bunun üçün zərurət də yoxdur. Çünki 1 manatlıqla bağlı yaranmış hansısa çatışmazlığı aradan qaldırmaq üçün Mərkəzi Bankın əlində çox sadə imkanlar var”.

Şəymən