1 yaşlı Avtosfer.az...

Elməddin Muradlı: “Şouya baş qoşmuruq”



Bu gün Azərbaycanın elektron media aləmində özünəməxsus yeri və dəsti-xətti olan, qısa zaman ərzində özünə böyük oxucu auditoriyası və rəğbəti qazanan Avtosfer.az saytının 1 yaşı tamam olur. Əlbəttə, bir il media orqanı üçün böyük tarix olmasa da, bu qısa zaman içərisində Avtosfer.az özü haqqında ictimai rəy yarada bilib. Bunun səbəbi isə yol hərəkəti sahəsində insanların maarifləndirilməsinə xidmət, bu sahədə çatışmazlıqları üzə çıxaran Avtosfer.az-ın ucuz populyarlıq və şou arxasınca qaçmaması, öz ciddiliyini və xəbərə tələbkarlığını iş prinsipinə çevirməsindən irəli gəlir.

Ötən bir il ərzində Avtosfer.az saytının əldə etdiyi nailiyyətlər və qarşıdakı planları ilə bağlı "Şərq”ə danışan saytın baş redaktoru Elməddin Muradlı ilk növbədə Avtosfer.az-ın yaranma səbəblərinə toxunub:

- Avtosfer.az saytının yaradılması çoxdan fikrimdə var idi. Həmişə yol polisləri, sürücülər və ümumiyyətlə, yol hərəkəti qaydaları ilə bağlı nəsə maarifləndirici işlərin görülməsini düşünürdüm. Nəhayət, ötən il Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yol hərəkəti sahəsində maarifləndirməyə həsr olunmuş layihəmiz baş tutdu və bu layihə çərçivəsində də Avtosfer.az saytını yaratdıq. Nəzərdə tutulan layihə uğurla bitdi. Rəhbərlik etdiyim Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi Şura tərəfindən fəxri fərmanla təltif olundu və təbii olaraq bu layihənin uğuru bizi də sevindirdi.

- Ötən bir il ərzində nəzərdə tutulan işlərin neçə faizini görə bildiniz? Ümumiyyətlə, Avtosfer.az-ın fəaliyyəti sizi qane edirmi?

- Düşünmürəm ki, nəzərdə tutulan bütün işləri görə bilmişik. Çünki yol hərəkəti sahəsi elə bir mürəkkəb sahədir ki, burada danışmağa çox söz var, çox işləmək lazımdır. Hər gün qanunlar dəyişir, yenilənir və təcrübədə görürük ki, bəzən yol polisi bu dəyişiklikləri vaxtında və düzgün tətbiq etmir, bəzən də sürücülər dəyişikliklərdən tam məlumatlı olmurlar. Bu da yol polisi-sürücü münasibətlərində müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq bu il Şuranın dəstəyi ilə yeni bir layihəyə start vermişik ki, burada da sırf yol polisi-sürücü münasibətlərindən bəhs olunur. Artıq layihənin icrasına başlamışıq. Tezliklə bu layihəmiz də ölkəyə səs-soraq salacaq. Necə ki, Avtosfer.az layihəsi rezonans doğurdu, yeni layihəmiz də belə olacaq. Bizim başlıca məqsədimiz odur ki, insanlar yol hərəkəti qaydalarını yaxşı bilsinlər və əməl etsinlər. Çünki qəzalar və digər problemlər məhz qaydaları bilməməkdən meydana gəlir. Bu gün Avtosfer.az saytı hər kəsin üzünə açıqdır və hər zaman da açıq olaraq olacaq. Hər bir vətəndaşın burada söz demək imkanı var. Oxucular yazırlar, çəkirlər, bizə göndərirlər və biz də onları işıqlandırırıq. Əksər hallarda DYP rəhbərliyi dərhal reaksiya verir, tədbirlər görürlər, qaldırılan məsələlər həllini tapır. Amma həllini gözləyən çoxlu məsələlər var. Biz bu işə təzə başlayanda eşidirdim ki, yol polisində bizə müxalifət kimi baxırlar. Mən çaşıb qalmışdım ki, adamın nöqsanlarını deyəndə, düz söz yazanda, qaydalardan danışanda müxalifət olmaq necə olur? Bizim gördüyümüz işin başlıca məqsədi insanları, sürücüləri, piyadaları maarifləndirmək olduğu üçün yol polisinin də bu işdə maraqlı olacağını, bizimlə sıx əməkdaşlıq edəcəyini güman edirdik. Axı hər şey maarifləndirmədən, təbliğatdan başlayır. Yenə də müəyyən istəklərimiz cavabsız qalsa da, sağ olsunlar, son vaxtlar yol polisi bizimlə normal əlaqələr qurub. Onlarla birlikdə bir neçə tədbirimiz baş tutub. Amma bəzən elə hallar olur ki, təkbaşına öhdəsindən gələ bilmirik və polisin dəstəyinə ehtiyacımız olur. Baxıram, Daxili İşlər Nazirliyinin ayrı-ayrı idarələri müxtəlif məsələlərlə bağlı QHT-lərlə, ictimai birliklərlə sıx əməkdaşlıq edir. Ancaq yol polisi ilə bağlı bunu görə bilmirik. Yeni layihəmizdə də bir sıra tədbirlər nəzərdə tutulub. İnanıram ki, yol polisi bizə yaxından dəstək olacaq. Biz istəyirik ki, yol polisi ilə birlikdə daha təsirli maarifləndirici tədbirlər keçirək, əhəmiyyətli işlər görək. Biz heç vaxt heç kimi təhqir etməmişik və belə bir niyyətimiz də yoxdur. Odur ki, qanuna əsaslanıb tənqid yazanda bizə müxalifət damğası vurmaq istəmələri bir az qəribə gəlir. Yol polisindən tənqid yazırıq, müxalifət deyirlər, avtoxuliqanlardan, intizamsız sürücülərdən nəsə yazanda, onların fotolarını, videolarını yazanda da mədəniyyətdən uzaq insanlar bizə qarşı hücuma keçirlər, təhqir, hədə-qorxu dolu mesajlar yazırlar. Bizim məqsədimiz isə odur ki, tənqiddən nəticə çıxarıb, çatışmazlıqları aradan qaldırsınlar. Əks reaksiyalarla üzləşən zaman düşünürəm ki, bundan sonra nə yol polisindən yazaq, nə də avtoxuliqanlardan. Sadəcə olaraq, Barak Obama ilə Vladimir Putinin maşınlarından yazmaq lazımdır... Sözün həqiqi mənasında ortaya çıxardığımız həqiqətlər fonunda müxalifətçi kimi təqdim edilməyim məni narahat edir. Çünki müxalifətlə heç bir bağlılığım yoxdur. Olmasını da istəmirəm. Mən jurnalistəm və jurnalistin də siyasi partiya üzvü olması normal hal deyil. Hər bir jurnalistin içində bir müxalifət var ki, bu da gördüyünü, bildiyini, eşitdiyini yazıb insanlara çatdırmaqdır.

- Avtosfer.az fəaliyyətə başladığı ilk gündən digər xəbər portallarından fərqlənməyə başladı. Hətta buna görə də bir çox hallarda təzyiqlər, haker hücumlarına məruz qaldı. Həmin vaxtlar hansısa məyusluğunuz oldumu?

- Heç bir məyusluq keçirmədim. Biz öz fəaliyyətimizi davam etdirib səbrlə, təmkinlə o hücumları dəf edə bildik. Sadəcə olaraq düşündüm ki, səviyyəsiz insanlar öz düşüncələri ilə hərəkət edirlər və belə də olacaq. Bir dəfə xidməti maşınının cəriməsini ödəməyən bir təşkilat rəhbərindən yazmışdıq. Sağ olsun, həmin vaxt onun göstərişi ilə saytımıza haker hücumları təşkil olundu. Düz iki həftə işləyə bilmədik. Sonradan öyrəndim ki, Avtosfer.az-ın dağıdılması üçün 5 min manat pul xərcləyiblər. Amma ağlı başında olan adam 5 min manatla çox böyük xeyriyyə işi görə bilərdi.

- Avtosfer.az-ın qısa müddət ərzində bu qədər populyarlıq qazanmasının sirri nədir?

- Saytımızın başqalarından seçilməsində qısa müddətdə tanıdığım, dostluq etdiyim və hörmətlə yanaşdığım hüquqşünas Ərşad Hüseynovun bizə təmənnasız dəstəyi olub. Mən ondan çox şey öyrəndim və ona çox şey borcluyam. O, Azərbaycan cəmiyyətində yol hərəkəti sahəsini, nöqsanları, yaxşılıqları hamıdan çox bilir. Bu sahənin bir nömrəli eksperti kimi Ərşad müəllimi tanıyıram. Onunla birlikdə bu saytı qurub yaratdıq və həmişə də məsələlərə fərqli yanaşdıq, obyektiv fikir bildirdik. Şouya baş qoşmadıq. Düzdür, hərdən baxıram ki, oxucular şou xarakterli yazıları daha çox oxuyurlar. Biz bunu təbii qarşılayırıq. Lakin Avtosfer.az-da hər zaman sanballı yazılar olub və belə də olacaq. Gün ərzində onlarla oxucu sual verir, cavablandırırıq, insanları maarifləndirmək maraqlı işdir. Həm də çox yorucudur. Ancaq biz yorulmuruq. Bizi yormağa çalışırlar. Bir müddət əvvəl sayta daha bir haker hücumu oldu, mənim fotomu biabırçı formada verib təhqirlər yazmışdılar. Təxmini bildim ki, bunu kim edib, nə məqsədlə edib. Həmin adamın üzünə ağzıma gələni dedim, susdu. Sadəcə, elə dedim ki, guya, sayta hücum edəni nəzərdə tuturam, amma bunluq bir şey yoxdu. O da gözlərini döyə-döyə getdi. Amma əxlaqsızlığı heç kimə bağışlamaq fikrim yoxdur. Yaxşı olar ki, həmin adamlar öz səhvlərini aradan qaldırsınlar, qanunları tapdamaqdan əl çəksinlər. Çünki bu vasitələrlə heç nə əldə edə bilməyəcəklər.

- Avtosfer.az-la bağlı gələcək planlarınız hansılardır?

- Gələcək planlarımızdan biri budur ki, saytın dizaynını yeniləyək. Texniki cəhətdən mənə çox problem yaradırlar. Saytı yığıb hazırlayan adam deyir ki, serverlikdir, servere baxan adam da deyir ki, saytın özündə problem var. Düz bir ildir ki, bu problemi yaşayırıq. Ona görə də texniki məsələləri həll edib, oxucular üçün daha yaxşı dizayn hazırlamaq istəyirik. Burada həm qanunları, qaydaları rahatlıqla tapıb oxumaq asan olacaq, həm də bizimlə ünsiyyət rahatlaşacaq. Bir dənə də arzumuz var ki, imkanımız olsa, bir kamera alaq, sürücüləri narahat edən məsələləri, yollardakı problemləri çəkib, real formada izah edək ki, hər kəs başa düşə bilsin.

Şəymən