“Onu gəlin hesab etmirəm”

Aşıq Zülfiyyə: “Bir oğlum var idi. Bir qızım da gəldi”“İndi o qədər rahatam ki. Toydan gəlirəm, elə qapıya çatanda sağ olsun qızım qabağıma isti çay qoyur. Hazır yeməyim olur”
Aşıq Zülfiyyənin evində şadyanılıq yaşanır. Belə ki, Aşıq Zülfiyyə nənə olub. Xatırladaq ki, aşığın oğlu Babək təxminən bir il öncə ailə qurmuşdu. Babəkin bu günlərdə oğlu dünyaya gəlib.
Zülfiyyənin nəvəsinə Renat adı verilib. Əldə etdiyimiz məlumata görə, uşağın adını da Babək özü qoyub.
Aşıq Zülfiyyə ilə əlaqə yaradıb təəssüratlarını öyrənməyə çalışdıq. Maraqlandıq görək, oğlunu evləndirən Zülfiyyyə xanım qayınana kimi özünü necə hiss edir?
- Zülfiyyə xanım bir övladınız var. Onu da evləndirmisiz. Zülfiyyə xanım evdə necə qayınanadı?
- Qayınana sözündən xoşum gəlmir, qətiyyən. Çünki mən gəlinimlə qayınana-gəlin münasibətindən çox ana-bala kimi münasibət qurmuşam. Bir oğlum var idi. Bir qızım da gəldi. Qız övladına hər zaman ehtiyac hiss etmişdim. Bu gün Babəkin yoldaşı mənim qızımdı. Onu gəlin hesab etmirəm.
- Gəlininiz qulluğunuzda durur?
- Təbii ki, qulluğumda durur. Düzünü desəm, qıymıram ona. Amma əvvəllər toydan gecə gəlirdim, yorğun olurdum, hələ üstəlik yemək də hazırlayırdım, yoldaşıma çay da süzürdüm. Amma indi o qədər rahatam ki. Toydan gəlirəm, elə qapıya çatanda sağ olsun qızım (gəlinim) qabağıma isti çay qoyur. Hazır yeməyim olur. Yəni indi-indi rahatlıq tapmışam.
- Yəni bir yerdə yaşayırsız?
- Bir yerdə yaşayıram. Bir övladım var istədim gözümün qabağında olsunlar. Babək üçün ev də almışdım. Eyni blokda. Amma Babək ayrılmaq istəmədi. Dedi sizsiz darıxıram.
- Gəlininizdən də razısız?
- Gəlinimdən yerdən-göyə qədər razıyam.
- Heç aranızda bu bir ildə inciklik olmayıb?
- Yox, inanın səmimiyyətimə ki, bir dəfə də aramızda inciklik olmayıb. Elə ona görə deyirəm də, o mənim qızımdı. Babəkdən inciyən vaxtım olur, gəlinimdən yox.
- Narahat deyilsiz ki, bundan sonra sizə nənə deyərlər? Axı bəzi müğənnilərimiz istəmirlər onlara nənə deyə müraciət edilsin...
- Nənə olmağı təki Allah hər bir anaya qismət etsin. Burda nə var ki? Nənə sözündən niyə belə qorxurlar ki? Nənə deyəndə məgər beli bükülən yaşlı insandan danışırsan? Cavan nənələr var ki, özü deməsə kənardan demək olmaz ki, bu insan nənədir. Mən şükür edirəm ki, Allah mənə övladımın payını görməyi qismət edib. Bundan gözəl duyğu, bundan şirin pay ola bilər?
Tahirə